14 Dekabr 2017 21:21
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə sammiti çox böyük əhəmiyyətə malik oldu.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın ədalətsiz qərarına qarşı müsəlman dünyasının böyük əksəriyyəti çox ciddi təpki göstərdi və sammit islam dövlətlərindən Fələstinin dövlət, Şərqi Qüdsün isə onun paytaxtı kimi tanınmasını məqsəd kimi qarşıya qoydu:

“Zənnimcə, Trampın Qüdslə bağlı bu ədalətsiz qərarına qarşı İslam Əməkdaşlıq Təşkilatının sərgilədiyi mövqe tarixə düşəcək bir mövqedir. Çünki sammitdə də elan edildi ki, ABŞ artıq Fələstin-İsrail sülh danışıqları prosesində vasitəçi kimi çıxış edə bilməz. O da qeyd edildi ki, İsrailin sərhədlərinin hələ tam müəyyənləşmədiyi bir vaxtda Fələstin məsələsinə dair ABŞ Prezidentinin belə ölçüsüz-biçisiz bəyanatla çıxış etməsi heç bir sağlam məntiqə sığmır. Bütövlükdə Trampın bu qərarı islam dünyasının həmrəyliyini və birliyini ortaya qoydu”.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak və çıxış ediyini xatırladan Q.Hüseynli dövlət başçısının D.Trampın qərarını böyük məharətlə tənqid etdiyini vurğulayıb:

“Dövlət başçısı bu qərara yenidən baxılmasının zəruri olduğunu vurğuladı. Amma Azərbaycan Prezidentinin çıxışında Dağlıq Qarabağ problemi də xüsusi vurğulanırdı. Prezident qeyd etdi ki, Dağlıq Qarabağ problemi də Fələstin problemi kimi BMT qərarlarının olmasına baxmayaraq, uzun illərdir müsbət həlini tapmır və bu məsələdə müsəlman ölkələri Azərbaycanın yanında olmalıdırlar. Prezident çox incə formada bildirdi ki, Azərbaycanda məscidləri, ibadət yerlərini dağıdan, Azərbaycan müsəlmanlarına qarşı etnik təmizləmə siyasətini həyata keçirən Ermənistanla müsəlman ölkələri əməkdaşlıq etməməlidir. İlham Əliyev bildirdi ki, bəzi müsəlman ölkələrinin Ermənistanla əməkdaşlıq etməsi heç bir əndazəyə sığan hal deyil. Ermənistan heç zaman islam dünyasının yaxın tərəfdaşı ola bilməz”.

Q.Hüseynli bildirib ki, fövqəladə sammit çox uğurlu qərarlar qəbul etdi:

“ABŞ Prezidentinin Qüdslə bağlı qəbul etdiyi qərar bundan sonra həyata keçə bilməz. Bundan sonra Fələstin-İsrail məsələsinin nizamlanması məsələsində də ABŞ-ın rolu heçə endirilmiş oldu. Yəni, Trampın bir qərarı ilə həm müsəlmanların sıx sıralarda birləşməsi perspektivi açıldı, həm də Fələstin probleminin, ola bilsin gələcəkdə Qarabağ probleminin belə bir platforma zəminində həll edilməsinə geniş imkanlar yarandı. Mən bu sammitin uğurla keçdiyi və onun nəticələrinin praktikada öz əksini tapacağı qənaətindəyəm”.


Müəllif: Səxavət Həmid