20 Dekabr 2017 21:07
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, regionda əməkdaşlıq üçün üçtərəfli formatların yaranması Azərbaycanın təşəbbüsüdür. Qeyd edim ki, bizim təşəbbüsümüzlə regionda bir neçə əməkdaşlıq formatı mövcuddur - Azərbaycan-Tükiyə-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya formatları. Bu formatlar regionda stabilliyin, təhlükəsizliyin qorunması və əməkdaşlığın inkişafına xidmət edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Fikrət Sadıqov bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

F.Sadıqov qeyd edib ki, region ümumilikdə bir sıra risk və təhlükələrlə üzləşir:

“Terrorizm, radikal ekstremizm və digər təhlükələrə qarşı birgə səylər bu formatın əhəmiyyətini yüksəldir. Baxmayaraq ki, bir sıra beynəlxalq məsələlərlə bağlı bizim mövqeyimizlə, eləcə də İran və Türkiyənin mövqeyi arasında müxtəliflik mövcuddur, amma bizi birləşdirən mühüm məqamlar da var. Söhbət regionda bir sıra layihələrin həyata keçirilməsindən, stabillik və təhlükəsizliyin qorunmasından, regional inkişaf naminə tədbirlərin görülməsindən gedir. Bu, Azərbaycanın, eyni zamanda İran və Türkiyənin maraqlarına xidmət edən görüşdür. Burada məsələlər ciddi müzakirə edilir. Ümumiyyətlə, beynəlxalq geosiyasi qarşıdurma fonunda belə görüşlər hər üç dövlətin maraqlarına cavab verir”.

Politoloq qeyd edib ki, bu formatda görüşlər həm də başqa ölkələrə qarşı yönəlmir:

“Azərbaycan heç vaxt digər ölkələrə qarşı olan layihələrdə iştirak etmir. Bu, bizim xarici siyasətimizin əsas istiqamətidir. Məqsəd stabilliyi qorumaq, öz maraqlarımıza cavab verən addımlar atmaq, öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Belə formatlarsa heç bir dövlətə qarşı yönəlməyib”.


Müəllif: Cavad

Oxşar xəbərlər