Almaniyanın sabiq federal kansleri Gerhard Şröder “Rheinische Post” qəzetinə müsahibəsində “Rosneft” kompaniyasındakı işindən və Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.
Teleqraf.com-un məlumatına görə, o qeyd edib ki, rus neft firmasının direktorlar şurasında təmsil olunmaq maraqlı işdir və burada pul amili həlledici deyil.
“Əgər mən amerikan firmasının direktorlar şurasında təmsil olunsaydım, hamı deyəcəkdi ki, bu əladır. İndiki tənqidlərdə bir qədər ikiüzlülük var”.
Sabiq kansler Putinlə dostluq əlaqələrinin olduğunu təsdiqləyib. “Hə, elədir ki, var. Belə də olacaq. Mən Vladimir Putinə inanıram”, - deyə Şröder bildirib.
Şröderin fikrincə, Putin olmadan Rusiya və Almaniyanın yaxınlaşması mümkünsüzdür:
“Rusiyanı idarə etmək asan deyil. Tezliklə siz də bu qənaətə gələcəksiniz ki, Putindən sonra yaxşı olmayacaq. İki ölkənin yaxınlaşması üçün mütəmadi olaraq sanksiyaları aradan qaldırmaq lazımdır”.