Ermənistanın Mərkəzi Hərbi Həkim Komissiyasının yarıtmaz fəaliyyəti təkcə Müdafiə Nazirliyinin deyil, ölkənin təhlükəsizliyinə də zərbə vurur.
Bunu Ermənistanın müdafiə naziri Vigen Sərkisyan “Şant” televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu komissiyanın istənilən yanlış qərarı Ermənistanın müdafiə qabiliyyəti və təhlükəsizliyinə zərbə vurur: “Hərbi komissarlıqda müxtəlif komissiyalar var. Onların uyğun avadanlığı, məsələn, adi diaqnostik aparatı belə yoxdur. Fikrimcə, bu, qarmaqarışıq məsuliyyətsiz qərarların qəbuluna səbəb olur”.
V.Sərkisyan poliklinikalardan tutmuş, hərbi çağırış komissiyalarınadək bütün həkimləri çağırışçılarla bağlı məsələyə məsuliyyətlə yanaşmağa çağırıb və bu sahədə islahat apardıqlarını da vurğulayıb.
Məsələ burasındadır ki, Ermənistanda 90 xəstəlik və onun törəmələri aşkarlanan gənclər məcburi hərbi xidmətə çağırılmırlar. Bu siyahıda isə həkimlərin saxtakarlıq etməsi üçün çoxlu boşluqlar mövcuddur. Heç şübhəsiz, həkimlər bu zaman çağırışçının imkanlı valideyni və yaxınlarından rüşvət alırlar. Ermənistan KİV-i bununla bağlı çoxsaylı faktlar yayıb. Həmin məlumatlarda bildirilir ki, öz oğullarının Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə getməsini istəməyən valideynlər komissarlıqlara və ya Müdafiə Nazirliyinin məsələyə cavabdeh olan qurumuna rüşvət verirlər. Hətta əsgər ailələri xidmətə yararsız oğullarının ordu sıralarına cəlb edildiyini də bildiriblər. Məqsədimiz heç də həmin faktlar üzərində qalmaq deyil.
Deməli, bu il noyabrın 29-da Ermənistan prezidenti Serj Sarqsyan “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunu imzalayıb. Bu qanunda təhsilə görə hərbi xidmətdən möhlət nəzərdə tutulmayıb. Hərbi xidmətdən möhlət yalnız Müdafiə Nazirliyi ilə mülki müqavilə bağlayan şəxslərə veriləcək. Belə müqavilə bağlayan şəxslər ali təhsilin bakalavr pilləsini başa vurduqdan sonra üç il hərbi xidmət keçməlidirlər. Halbuki adi hərbi xidmət 2 ildir. Erməni tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini etirazla qarşılayıb, aksiyalar keçirib, amma bunun bir faydası olmayıb. Bir neçə gün əvvəl isə Yerevan Dövlət Universitetinin tələbələri qanuna etiraz olaraq aclıq aksiyasını bərpa ediblər. Aksiyanı “Elmin inkişafı naminə” Təşəbbüs Hərəkatının üzvləri keçirirlər.
Yeri gəlmişkən, Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa əsasən, bakalavr və magistraturada təhsil alanlara hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Xarici ölkələrdə oxuyan bakalavr, magistr və doktorantların, rezidenturada (internatura) təhsili alanların, o cümlədən Azərbaycan Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsil alan şəxslərin də möhlət hüququ var.
Ermənistan rəhbərliyi isə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunu qəbul etməklə, ordunu gücləndirməyə uğursuz cəhd göstərir. Çünki möhlət hüququ əlindən alınan həmin çağırışıçılar Dağlıq Qarabağa göndərilir və burada da atəşkəs rejimi pozularkən zərərsizləşdirilirlər.
Beləliklə, Vigen Sərkisyan açıq şəkildə deməyə cürət tapmasa da, rüşvət yolu ilə ordudan yayınma hallarını etiraf edib. Bu məsələdə isə hərbi komissiyaların həkimləri fəal rol oynayır. Serj Sarqsyanın imzaladığı məlum qanundan sonra rüşvətin bu sahədə çiçəklənəcəyi istina edilmir. İşğalçı ölkənin müdafiə nazirinin hərbi həkim komissiyalarında diaqnostik avadanlığın olmamasını etiraf etməsi Ermənistanda çağırışçılarla bağlı korrupsiyanın hələ davam edəcəyini ehtimal etməyə əsas verir./Report/