Ümumiyyətlə, İranda baş verən prosesləri yalnız xarici faktorla əlaqələndirmək düz deyil.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib.
V.Zifəroğlu iğtişaşlarda daxili faktorların da önəm daşıdığını vurğulayıb: "Hal-hazırda baş verənlər ilk növbədə İran daxilində islahatçılarla mühafizəkarlar arasında gedən mübarizənin təcəssümüdür. Diqqət edin, bu aksiyalar Məşhəddən başladı. Məşhəddəki etirazları 2017-ci il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza ziyarətgahının rəhbəri Rəisinin və tərəfdarlarının təşkil etdiyi barədə yayılan xəbərlər nəzərdən qaçmamalıdır. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Bu, çox maraqlı və ciddi məqamdır. Ümumiyyətlə, ilk olaraq aksiyaya çağırış edənlərin mühafizəkar qanada yaxınlığı ilə seçilən şəxslər olması çox incə nüansdır. Aksiyaların ilk günlərdə sırf iqtidara, yəni Həsən Ruhaninin idarəetmə aparatına yönəlik çağırışların səslənməsi də az şey ifadə etmir. Yəni, bütün bunlar onu göstərirdi ki, aksiyalar əslində, İranın daxilindəki siyasi qüvvələrin siyasi toqquşmasının nəticəsidir. Təbii ki, burada iqtisadi faktorlar var. Amma bunlara rəvac verən məqamlar siyasi qütbləşmədə iştirak edən qüvvələrdir. Mən məsələyə həm də bu cür qiymət verməyin tərəfdarıyam.
Təbii ki, regionda marağı olan xarici qüvvələrin də hər biri baş verən proseslərdən yararlanmağa çalışırlar. Məsələn, Əhvaz bölgəsində ərəblərin aktiv şəkildə aksiyaya qoşulmasının səbəbi eyni zamanda xarici faktorların baş verən proseslərdən yararlanmağa meyilli olmasından irəli gəlir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı hal-hazırda İranla çox ciddi siyasi münaqişədədir".
V.Zifəroğlu qeyd edib ki, ancaq burda başqa bir məqam var:
"Məsələn, Zəncan istisna olmaqla Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi. Bunun özü də maraqlı bir məqamdır. Güney Azərbaycandakı soydaşlarımız bizim bir çoxlarımızdan daha yaxşı anlayırlar ki, baş verənlər əslində, ölkədəki siyasi oyunların təzahürüdür. Zəncanın Ərdəbil, yaxud Təbrizdən fərqi ondan ibarətdir ki, bu bölgə hər zaman mühafizəkar baxışları ilə seçilən Güney Azərbaycan şəhəri olub. Bu şəhərdə ali dini ruhani sistemə bağlılıq daha çoxdur. Diqqət edin, Zəncanda hökumət tərəfdarlarının da nümayişi keçirildi.
Vurğulamalıyam ki, faktiki olaraq İranda baş verən prosesləri birmənalı şəkildə xarici faktorlarla əlaqələndirmək, burda yalnız "Amerikanın, İsrailin və ya Səudiyyənin barmağının olduğunu" iddia etmək tamamilə yanlış olardı. Sadəcə olaraq bu qüvvələr, baş verənlərdən maksimal dərəcədə yararlanmaq niyyətindədirlər və proseslərin öz axarından çıxaraq daha kəskin və münaqişəli hal almasında maraqlıdırlar".
İslam İnqilabi Keşikçiləri Korpusu – SEPAH-ın komandiri Məhəmməd Cəfərinin aksiyaların qızışdırılmasında vaxtilə siyasi hakimiyyətdə olan şəxslərin rolunun olmasına dair bəyanatını şərh edən V.Zifəroğlu əlavə edib:
"Bu məqamları da üst-üstə gəldikdə yekun olaraq deyə bilərik ki, baş verənlərdə daha önəmli olan daxili faktorlardır. Yəni, bu iğtişaşlar ölkə daxilində ali ruhani sistemlə mövcud siyasi iqtidar arasında olan proseslərin təzahürü kimi qiymətləndirilə bilər. Lakin təbii ki, xarici faktorları da burada öz rolunu oynamaqdadır".