Amnisitiya aktı ilə bağlı Milli Məclisdə səslənirilən təklifi müsbət qarşılayıram. Bu, yerində olan təklifdir. Ümid edirəm ki, bunun davamı gələcək.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu ötən gün parlamentdə amnisitiya aktı elan olunması ilə bağlı təklifi qiymətləndirərkən deyib.
Hüquq müdafiəçisi bildirib ki, bu təşəbbüs hamı tərəfindən dəstəklənməlidir:
“Əslində, biz bəzi məsələləri bitirməliyik. Məhkəmə prosesləri gedir. Bu işlər tam başa çatdırılsa, xarici dövlətlərin Azərbaycana hər hansı irad bildirməsi üçün əsas olmayacaq. Beləcə, Azərbaycan dövlətinin imicini ləkələmək üçün bəhanə qalmayacaq. Bu, vacib məsələdir. Odur ki, həbsdə olan jurnalist və partiya üzvlərinin azad edilməsi ölkəmizin maraqlarına tam uyğundur”.
Novella Cəfəroğlu qeyd edib ki, 2018-ci il Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi, Heydər Əliyevin anadan olmasının isə 95 illiyidir:
“Üstəlik, qarşıdan Novruz bayramı gəlir. Bu səbəbdən amnistiya elan oluna bilər. Yəqin ki, bu proses mərhələ-mərhələ olacaq. Biz də imkan daxilində fəaliyyət göstərir, iş aparırıq. Yəqin ki, martda biz də fəaliyyətimizlə bağlı açıqlama verəcəyik”.