5 Fevral 2018 11:24
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti ABŞ-ın əsas intellektual mərkəzlərindən sayılan Massaçusets ştatının Boston şəhərinə səfər edib və çoxsaylı görüşlər keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı səfir Elin Süleymanovun Massaçusets ştatının iqtisadi inkişaf katibi Cey Əş, habelə müxtəlif investor qrupları və yüksək texnologiya yetişdirən biznes inkubatorların nümayəndələri ilə keçirilən görüşlərində Azərbaycanda yüksək texnologiyaların inkişafı məsələləri müzakirə edilib.

Bundan əlavə, Tafts Universiteti və Massaçusets Texnologiya İnstitutunda qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, bu qurumlarla ölkəmizin təhsil müəssisələri arasında mümkün tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində, həmçinin, Massaçusetsin azərbaycanlı və yəhudi icması ilə görüşlər də keçirilib.

Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı Xarici Əlaqələr üzrə Boston Şurası və “WorldBoston”un birgə təşkilatçılığı ilə eksklüziv “Union Club”da konfrans keçirilib. E.Süleymanov tədbirdə “Azərbaycan Avrasiyanın strateji kəsişməsində” mövzusunda çıxış edib. Biznes, akademik, yerli ictimai-siyasi dairələrin 150-dən çox nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan diplomatı ölkəmizin apardığı regional siyasət, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın dəstəyi, regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, qeyri-neft sektorunun inkişafı, habelə ölkəmizin 20 faiz torpağının hələ də Ermənistan tərəfindən işğal altında saxlanmasının yaratdığı təhlükəsizlik problemləri kimi məsələlərdən bəhs edib.

Səfirliyin məlumatında qeyd olunur ki, Massaçusets erməni diasporunun ən fəal olduğu ştatlardan biridir və onların nümayəndələri də konfransa gələrək digər iştirakçılarla yanaşı səfirə suallar veriblər. Azərbaycan diplomatı cavabında münaqişə nəticəsində Ermənistanın bütün iri regional layihələrdən kənarda qaldığını, müstəqil siyasət aparmaq qabiliyyətini itirdiyini xatırladıb, ABŞ-dakı erməni diasporunu öz ideoloji çərçivələrindən daha geniş baxmağı, Ermənistanın gələcəyini və onun regiondakı yerini düşünməyi tövsiyə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər