Bu il aprelin 11-nə təyin olunan növbədənkənar Prezident seçkilərini ölkə üzrə müşahidə etmək istəyənlər aprelin 1-dək sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti seçkilərin keçirilməsi gününə 10 gün qalanadək, yəni aprelin 1-də başa çatır.
Seçkiləri aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), Beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) müşahidə edə bilər.
Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddəti də aprelin 1-də bitir.
Hər hansı seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti isə aprelin 6-da başa çatacaq./Report/
Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK da növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.