Milan Məhkəməsi Luka Volonteyə qarşı iddiaların saxta olduğu haqda qərar verdi və anti-Azərbaycan şəbəkəsinin növbəti planı baş tutmadı.
Luka Volonte və Azərbaycan: AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun rəhbəri olmuş tanınmış italiyalı siyasətçini bizim ölkə ilə nə birləşdirir? Volontenin AŞPA-dakı fəaliyyətini izlədikdə onun Azərbaycanın haqq işinə dəstək verdiyi, rəsmi Bakıya qarşı “siyasi məhbus” qılıncından istifadə edərək, təzyiq mexanizmlərini tətbiq etmək istəyənlərlə bir olmadığı ortaya çıxır. Bu fəaliyyəti fonunda Volonte “Azərbaycan hökumətindən 2 milyon 390 min avro rüşvət almaq” ittihamı ilə üzləşdi və məhkəməyə verildi. Məhkəmə prosesinin sonunda Volontenin günahsız olduğu sübut olundu.
Əslində məsələ təkcə Volonte ilə məhdudlaşmır. Hər şey “Azərbaycan camaşırxanası” adlı qondarma iddialarla dolu olan “məşhur məqalə”nin dərci ilə başladı. “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (OCCRP) adlı qeyri-şəffaf jurnalistlər birliyi tərəfindən qələmə alınan məqalədə Azərbaycanın rüşvət verərək ələ almaq istədiyi siyasətçilərin adı hallanırdı. Həmin məqalədən sonra Volonte və digərləri haqqında məhkəmə prosesi başlandı. Milan Məhkəməsinin Volonteyə bəraət verməsi ilə bütün oyun pozuldu və anti-Azərbaycan şəbəkəsi istədiyinə nail ola bilmədi. Faktiki olaraq, Volonte işi Azərbaycana qarşı erməni lobbisinin də içində yer aldığı qüvvələrin növbəti məğlubiyyətidir.
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (OCCRP) təşkilatının bu məqaləni ötən ilin 14 sentyabr tarixində “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Bakıda yeni müqavilənin imzalanması ərəfəsində dövriyyəyə buraxması da təsadüfi deyildi.
Hədəf Azərbaycan haqqında mənfi imic yaratmaq və müqavilənin imzalanmasına mane olmaq olsa da, buna nail ola bilmədilər. Təbii olaraq, Azərbaycan üçün taleyüklü məsələnin baş tutmamasını istəyən qüvvələrin kimliyi də burada ortaya çıxır.
Azərbaycan daxilindəki ermənipərəstlər: Onlar üçün dövlətin maraqları yox, iqtidara gəlmək daha önəmlidir. OCCRP-nin “araşdırması”nın azərbaycanlı həmmüəllifinin bütün beynəlxalq platformalarda ermənilərlə birgə hərəkət edən Xədicə İsmayılın olması, həmçinin, özlərini “milli demokratlar” adlandıran daxildəki qüvvələrin Volonte işində göstərdiyi canfəşanlıq da təsadüfi deyildi.
Erməni lobbisi: Volonte işi Avropada Azərbaycana qarşı erməni lobbisinin həyata keçirdiyi çirkin işlərdən təkcə biri idi.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edən məlumatlarına diqqət yetirəndə ölkəmizə qarşı təsəvvür edilməyəcək qədər təhlükəli oyunların oynandığını görmək olur.
Faktlar: 2017-ci ili 24 yanvar tarixində Ukrayna deputatı Vladimir Arev “Facebook”da yazdı ki, son illər bəzi deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət edib. O, AŞPA-dakı üç erməni deputatın adını çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan və Naira Zoqrabyan. (Ermənistanın AŞPA-da nümayəndə heyətinin üzvləri - red). Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxartsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb. Arev rüşvəti qəbul etmir və bundan sonra təzyiq və böhtan dövriyyəyə buraxılır. AŞPA-nın 2017-ci il qış sessiyasında ermənilər ədalətli və qərəzsiz ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham etdilər.
ESİSC-in araşdırmasına görə, AŞPA-da anti-Azərbaycan əməliyyatları 2012-ci ildə yüksək vəzifəyə yeni təyinatla başlandı. İlk məruzədə bu şəxs “mister X” olaraq təqdim olunurdu. (İkinci məruzədə təşkilat “mister X”-in Avropa Şurasının insan haqları üzrə komissarı və Soros Fondunun əməkdaşı, latviyalı Nils Muyjnieks olduğu açıqlandı). Bu təyinatdan sonra AŞPA-da bəzi şəxslər birləşərək, Azərbaycana qarşı çağırışlar etməyə başladılar. Lakin heç bir əsas yox idi və ittihamlar böhtan xarakteri daşıyırdı.
2012-ci ildən başlayaraq, “mister X” - Nils Muyjnieks Sorosun tapşırığına əsasən, AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini inkişaf etdirməyə başlayır. Bu şəbəkəyə qoşulanlardan biri “Avropa sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus idi. Knaus Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham edir. Knaus YEİS vasitəsilə “kürü diplomatiyası” adlı hesabat dərc edərək, ona maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf var idi: böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı siyasi müharibədə iştirak edəcək deputatların şəbəkəsini formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş üçün Parlament məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki təkcə erməni deputatların dəstəyi bəs etmirdi və daha çox deputat prosesə qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin nümayəndələri olarsa, lap əla olardı. Kristofer Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna nail oldu.
Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O, 2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı qurbanlarını” yad edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl namizəddir.
Knaus və Ştrasser “siyasi məhbus” məsələsini qaldıraraq Azərbaycana qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi, Ştrasser isə Ermənistanın. Ştrasser italiyalı jurnalist Milena Qabanelli ilə əməkdaşlıq edirdi. 2016-cı ilin noyabrında Qabanelli İtaliyanın “RAİ3” telekanalında erməni maraqlarının müdafiəsi məqsədilə AŞPA deputatlarını tənqid edən reportaj hazırladı. Milenanın Soros Fondu ilə əlaqələri məlumdur. Misal üçün, 2013-cü ildə Milena Qabanelli İtaliyanın “Tiziano Terziani” ədəbi müsabiqəsinin münsiflər heyətinin üzvü idi. Hansı ki, bu müsabiqədə Corc Sorosun “Avropa və ABŞ-da maliyyə sarsıntıları” kitabı da təqdim edilirdi. Milena həmçinin, Ermənistanın “köhnə dostu”dur. Dağlıq Qarabağ müharibəsi zamanı o erməni tərəfindən reportajlar hazırlayır, azərbaycanlı qaçqınların taleyindən narahat olmadan, İrəvanın xeyrinə materiallar yayırdı. Bu dəstək onu Ermənistan mediasının ulduzu etdi. Ştrasser Qabanelliyə təkcə kömək etmirdi, o, ukraynalı deputat Vladimir Arevi ələ almağa çalışan erməni deputat Samvel Farmanyanla birgə telereportajda da çıxış edirdi.
Şəbəkənin digər üzvü - Piter Omtzixt: Niderland siyasətçisi Omtzixt 2010-cu ildə AŞPA-da deputat fəaliyyətinə başladı. İlk iki il ərzində o, Ermənistandakı siyasi vəziyyət haqda öz narahatlığını tez-tez dilə gətirirdi. 2012-ci ildə qəfildən əvvəlki bəyanatlarından tamamilə imtina etdi və Azərbaycanı tənqid etməyə başladı. Səbəb nə idi? Bunu aydınlaşdırmaq üçün 2012-ci ildə Niderlandda parlament seçkilərinə baxmaq lazımdır. Omtzxit üzvü olduğu partiyadan çıxarılmışdı, lakin yenə də güclü seçki kampaniyası apardı və səs çoxluğu ilə qalib gəldi. İstisna deyil ki, onun AŞPA-dakı mövqeyinin qəfil dəyişməsi bu seçkilərlə əlaqəlidir. Çünki onun seçki kampaniyasının arxasında erməni lobbisi dayanırdı.
Bununla yanaşı, o, Cerald Knausla münasibətlərini gizlətmir. Omtzixt “kürü diplomatiyası” məruzəsinin ikinci fəslinin tərtib olunmasında Knausla əməkdaşlıq edirdi. Bu işdə ona Frank Şvab da kömək edirdi.
Frank Şvab 2011-ci ildə AŞPA-nın üzvü oldu. Həmin vaxtdan etibarən o, SDP-də (Almaniyanın Sosial-Demokrat Partiyası) qalmaq üçün Ştrasserlə öz siyasi baxışlarını uyğunlaşdırırdı. Bu məsələ onu anti-Azərbaycan lobbisi üçün mükəmməl namizəd etdi. Ştrasser və Şvab SDP daxilində “erməni soyqırımı” məsələsini qaldırdı. Anti-Azərbaycan kampaniyasında həmçinin, iki fransız deputat da mühüm rol oynayır. Onlar sosialistlər qrupunun üzvləridir: sədr müavini Rene və Fransa-Ermənistan dostluq qrupunun üzvü Fransua Roşblaun. Fransua Roşblaun Ermənistanın işğal etdiyi regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, daha əvvəl qondarma “DQR”-in “prezidenti” Bako Saakyan və “spikeri” Aşot Qulyanla görüşüb.
Göründüyü kimi, erməni lobbisi və anti-Azərbaycan şəbəkəsi dövlətimizi zəiflətmək üçün şantajdan tutmuş, təzyiqlərə qədər müxtəlif vasitələrə əl atırlar. Onlar təkcə Azərbaycanı yox, həm də Azərbaycanın dostlarını da bu vasitələrlə sıradan çıxarmağa çalışır. Volonte işi bu çirkin oyunun bir hissəsi idi. Lakin ədalət öz yerini tapdı və daxildəki ermənipərəstlər, xaricdəki erməni lobbisi və anti-Azərbaycan qüvvələr məğlub oldu./Publika.az/