15 Fevral 2018 09:15
3 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaranlıqlar şahzadəsi” deyilərkən dünyada ağla Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti Dueyn Klarric gəlir.

Teleqraf.com MKİ-nin bu məşhur və bir o qədər də müəmmalı agentinin dosyesini oxuculara təqdim edir:

Dueyn Klarric illər əvvəl MKİ-nin İstanbul ofisinə rəhbərlik edib. İstanbulda fəaliyyət göstərməsinə baxmayaraq, Dueyn Klarric Orta Şərqdə baş verən hər bir hadisənin altından çıxıb.

Türkiyə 1968-ci il iyun hadisələri zamanı İstanbulda MKİ-nin ofis rəhbərliyinə gətirilən Dueyn Klarric hələ bir ay deyildi ki, bu vəzifəsini icra edirdi. Ancaq buna baxmayaraq, kəşfiyyatçı Gümüşsuyunda Boğaza Dolmabaxça istiqamətində baxan bir malikanəyə dəvətli idi. Malikanənin sahibi isə Betti Karp idi. Karp 1917-ci ildə SSRİ-nin yaradılmasından sonra İstanbula qaçan və ABŞ-ın hərbi kəşfiyyatına çalışan xanım idi. Sonradan bu xanım MKİ-nin rəhbərliyinə qədər yüksələn Allen Dullesin Türkiyədə diplomat kimi fəaliyyət göstərdiyi illərdə fırtınalı bir eşq hekayəsi ilə gündəmə gəlmişdi. Ancaq Dueyn Klarrici evinə dəvət edəndə artıq SSRİ-yə qarşı MKİ ilə əməkdaşlıq edən bu xanım həyatını təqaüddə olan casus kimi yaşayırdı.

Hindistan əməliyyatı

Dueyn Klarric İstanbul kimi casuslar şəhərinə gəlməzdən öncə Hindistan əməliyyatı ilə uğur qazanmışdı. 1962-ci ilin yazında Dueyn Klarric Hindistanın Madras şəhərinə göndərilir. O zaman Hindistanda seçki yaxınlaşırdı. Və Kommunist Partiyasının qalib gələcəyi artıq sirr deyildi. Bu, ABŞ-ın SSRİ-i ilə mübarizədə Cənubi Asiyanı tamamilə itirməsi demək idi.

Lakin digər yandan Moskva-Pekin arasında anlaşılmazlıqlar özünü göstərirdi və ABŞ kəşfiyyatı Madrasdakı Kommunist Partiyasından Dehlidəki mərkəzi qərargaha təzyiq, həm də Çinin nəzarətində olan təşkilat kimi istifadə edirdi. Madrasa gələn Dueyn Klarric dərhal əməliyyat planı qurdu. Çin Kommunist Partiyasının adından yazılan məktublar və məqalələri Kommunist Partiyasının Madras təşkilatına göndərdi. Məktubda Çin “kommunistləri” Madras kommunistlərinin uğurlarını “təqdir” edirdi. Az sonra MKİ-nin Çin əsilli agenti ilə Madrasın kommunist liderləri gizli görüşlər keçirirlər. Qısa müddətdən sonra Hindistan Kommunist Partiyası marksist və leninist platformadan kənarda, MKİ-nin idarəçiliyi ilə qurulur. Nəticədə Hindistan Kommunist Partiyası bölünür, seçkiləri isə Hindistan Konqresi Partiyası udur.

Agentin Türkiyədə ilk işi

Məhz bu fəaliyyətindən sonra MKİ-nin Madras ofisinin rəhbəri İstanbula göndərilir. Dueyn Klarricin Türkiyəfə ilk fəaliyyəti tələbə hərəkatı olan Dev-Gənc olur. Kəşfiyyatçıya görə ABŞ-ın maraqlarına qarşı çıxan istənilən tələbə hərəkatı terrorizmə bərabər idi. Dueyn Klarric İstanbulda 1968-ci ildə fəaliyyətə başlayır. Həmin dövrdə İstanbulda hələ “Moskvaçı” və “Pekinçi” deyə bölünməyən sol tələbə hərəkatı çox güclü idi. Ancaq az sonra burada da solçu hərəkat parçalanır. Türkiyə parlamentində 15 deputatla təmsil olunan Türkiyə İşçi Partiyası bölünür və sol hərəkat əyilmiş “belini” qaldıra bilmir. Dueyn Klarric 12 mart 1971-ci il dövlət çevrilişində də müstəsna rol oynayır. Onun özü 1999-cu ildə 12 mart tarixini “kəşfiyyatın uğuru” kimi təqdim etsə də, əlavə şərh vermir.

Klarric MKİ-nin İstanbul ofisinin rəhbəri kimi 1973-cü ilə qədər çalışır. Bu illərdə Türkiyədə tanış olub evləndiyi ikinci xanımından olan oğluna ən yaxın dostu olan MİT-in İstanbul təşkilatının rəhbəri Tarix Şahingirayın şərəfinə “Tarix” adı qoyur.

İsrailə hücum və...

1973-cü ildə İsrailin Yom Kippur hücumuna mərzu qalmasından sonra Klarriс MKİ-nin Yaxın Şərq və Ərəb əməliyyatları üzrə rəhbəri vəzifəsinə irəli çəkilir. Artıq bundan sonra fələstinli müqavimət qruplarına qarşı Amerika əməliyyatları Klarric vasitəsilə həyata keçirilirdi. Maraqlıdır ki, Klarric 1972-ci ildə Münhen Olimpiya Oyunları zamanı İsrail idmançılarını oğurlayan, idman heyətinin rəhbərini öldürən Əli Həsən Salameninin MOSSAD tərəfindən öldürülməsini çox pis qarşılayır. Çünki Klarric fələstinli terrorçunu artıq MKİ-nin adamı kimi Beyrutdakı səfirliyin ətraf mühafizəçisi vəzifəsinə gətirmişdi...

Qaranlıqlar şahzadəsinin İtaliya əməliyyatı

1978-ci ildə İtaliya Baş naziri Aldo Moronun “Qızıl Tuqaylar” tərəfindən oğurlanıb öldürülməsindən dərhal sonra MKİ Klarrici Roma ofisinin rəhbərliyinə gətirir. Kəşfiyyatçı İstanbulda terrorizmə qarşı karyerasını Romada davam etdirir. Qısa müddətdən sonra nə “Qızıl Tuqaylar” qaldı, nə də Xristian Demokratların hökuməti üzərində Kommunist Partiyasının təhdidləri.

İrana qanunsuz silah satışı və Sandinista çevrilişi

Dueyn Klarricin əsas uğurları və potensialı 1981-ci ildə MKİ-nin Latın Amerikası əməliyyatlarına rəhbərlik etdiyi zaman ortaya çıxdı. Üç il ərzində bu vəzifəni icra edən Klarric Latın Amerikasında MKİ adına baş verənləri bilavasitə özü planlayaraq həyata keçirdi. Nikaraquada solçu Sandinista hökumətini devirmək üçün yaradılan təşkilatın maliyyələşdirilməsinin ideya rəhbəri də Klarric idi. Söhbət ABŞ-ın sanksiyalarının olmasına rəğmən, İrana gizli silah satışından əldə edilən maliyyəni Sandinista hökumətinin devrilməsinə istiqamətləndirmək kimi həyata keçirilməsi çox çətin olan ideyadan gedirdi. Bu əməliyyata görə həbs edilən polkovnik Oliver Nort, sadəcə, işin icraçısı olmuşdu. Həmin işdə Türkiyə ilə bağlı önəmli bir məqam da ortaya çıxmışdı. Bəlli olmuşdu ki, Cənubi Kiprdən və İsraildən qalxan təyyarələrin bir qismi Ankaradakı hava limanından İrandan əvvəlki dayanacaq nöqtəsi kimi istifadə edib.

Skandal və həbs

Sonradan bütün bu məsələlərin üstü açılır. Dueyn Klarric isə hesab edib ki, bu qalmaqalın yaranmasına səbəb Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsinin karqonu sorğulaması olub. Sənədlərdə “boru hissələri” olaraq qeyd edilən yük isə əslində İranın İraqa qarşı istifadə edəcəyi raketlər idi.

Dueyn Klarric bu qalmaqala görə ABŞ Konqresinə dəvət edildi. Kəşfiyyatçı Konqresə gedərkən ABŞ hərbi formasını geyməklə sanki konqresmenlərə mesaj vermək istəyirdi. Buna baxmayaraq, Konqresə yalan ifadə verməkdə ittiham olunan kəşfiyyatçı həbs edildi. Lakin ABŞ prezidenti seçilən Corc Buş MKİ-nin qaranlıq işlərini həyata keçirən kəşfiyyatçısını əfv etdi.

“Qaranlıqlar şahzadəsi” ASALA-ya qarşı

Dueyn Klarric MKİ-nin Avropa əməliyyatları rəhbəri vəzifəsində də işləyib. Avropada daha çox Daks Lebaron adı ilə tanınıb. Burada da kəşfiyyatçı fələstinli gənclərin terror əməliyyatlarına qarşı fəaliyyət göstərib, digər tərəfdən SSRİ-yə qarşı fransızlarla işləyib.

Türk kəşfiyyatçısı Ənvər Atalaya görə, o dövrdə MİT erməni terror təşkilatı ASALA-nın türk diplomatlarına sui-qəsd təşkil etməsinə qarşı mübarizə aparıb və terror tədbirlərinə qarşı Avropada həyata keçirdiyi bəzi əməliyyatlar Dueyn Klarric tərəfindən dəstəklənib.

MKİ agentinin MİT-lə hansı əlaqələri olub?

Bəlli olur ki, MKİ-nin ən vacib əməliyyatlarını hazırlayan, bəzən onu icra edən Dueyn Klarric ilə türk kəşfiyyatının dostluğu dərin olub. Məsələn, 1990-cı ildə İstanbulda sui-qəsd nəticəsində öldürülən MİT nümayəndəsi Hiram Abbas ilə Dueyn Klarric yaxın dost olublar. Bu dostluğun tarixinin dərin olduğu deyilir. Yeri gəlmişkən, Hiram Abbas 1972-ci ildə NATO hərbi bazasından üç ingilis qayığını qaçırıb və Qızıldərədə atışma nəticəsində öldürülüb. Bu da Dueyn Klarricin MİK-nin İstanbul ofisinə rəhbərlik etdiyi dövrlərə təsadüf edir.

Təqaüdə çıxdı, amma işindən əl çəkmədi

Dueyn Klarric 1988-ci ildə təqaüdə çıxdıqdan sonra Türkiyəyə hər zaman maraq göstərib və hər fürsətdə Hiram Abbasın məzarını ziyarət edib.

Təqaüdə çıxdıqdan sonra Dueyn Klarric mülkü kəşfiyyat qrupu qurub və beləcə Əfqanıstan savaşına daxil olub. Onun fəaliyyətinin ən qaranlıq dönəmi olan bu dövrlə bağlı az informasiya mövcuddur.

“Qaranlıqlar şahzadəsi” kimi tanınan kəşfiyyatçı Dueyn Klarric 2016-cı il aprelin 9-da qida borsunda aşkar edilən xərçəng xəstəliyindən vəfat edib.


Müəllif: Cavad

Oxşar xəbərlər