Azərbaycan və İran Asiya və Afrika ilə Avropanı birləşdirən əsas marşrut ola bilər.
Teleqraf.com-un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehranda görüşü zamanı deyib.
Prezident bildirib ki, tərəflər artıq tranzit nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atıblar.
İki ölkə arasında mövcud əməkdaşlıqdan danışan H.Ruhani qeyd edib ki, tərəflər əczaçılıq və avtomobil sənayesi, kənd təsərrüfatı və turizm sahəsində güclü əlaqələr qurublar.
H.Ruhani həmçinin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində iki ölkənin səfirləri və rəsmiləri tərəfindən göstərilən səyləri yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin yaxın gələcəkdə Bakıya səfərlə bağlı rəsmi dəvətini qeyd edərək Ruhani qarşıdakı səfərin iki ölkə arasında əlaqələri, əməkdaşlığı və dostluğu möhkəmləndirəcəyinə ümid etdiyini bildirib.
İran Prezidenti həmçinin, iki ölkə rəsmiləri arasında Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin davam etdirilməsinə, habelə Xəzər regionunda ikitərəfli iqtisadi əməkdaşlığın qurulmasına çağırıb.
İqtisadiyyat naziri Ş.Mustafayev öz növbəsində son illər iki ölkə arasında investisiyanın həcminin və ticarət dövriyyəsinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.
İran Prezidentinin Bakıya gözlənilən səfərindən danışan nazir, bu səfərin qonşu ölkələrlə əlaqələrin və əməkdaşlığın inkişafını sürətləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, bu gün Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.
İclas martın 14-də də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.