Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni siyasi taktikası kimi müəyyənləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezidentin köməkçisi Əli Həsənovun məqaləsinə münasibət bildirərkən deyib.
Millət vəkili xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial şəbəkələrdə paylaşdığı statusların milli-mənəvi dəyərlərimizə qarşı yönəldiyini qeyd edib:
"Bu, xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib. Seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil. Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də hər zaman, xüsusilə də seçki ilində siyasi dəyərlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur. Xaricdə yaşayan və anti-azərbaycançı mərkəzlərin şər ruporuna çevrilən bir qrup insan bu üsulla ölkəmizdə sivil siyasi mübarizənin olmadığını qlobal ictimai rəyə təqdim etmək istəyirlər. Bu isə milli maraqlarımıza ziddir".
Hikmət Babaoğlu ictimai-mədəni dəyərləri gözdən salmağa çalışanları kütləvi qınaq hədəfinə çevirməyin vacibliyini vurğulayıb:
"Elə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Ə.Həsənov da bu məsələni aktuallaşdıraraq diqqətə təqdim edir. Düşünürəm ki, hər birimiz bunu fürsətə çevirərək bir daha xalqımızn ictimai-mədəni dəyərlərini gözdən salmağa çalışanları kütləvi qınağın hədəfinə çevirməliyik. Azərbaycanda siyasi mədəniyyətin və siyasi əxlaqın nə dərəcədə yüksək olduğunu hamıya nümayiş etdirməliyik. Bu, ölkəmizi gözdən salmağa çalışan marginal təxribatçı qruplara ən yaxşı cavab olar".