28 Mart 2018 22:26
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:23

Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdiriblər.

***

17:34

Martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham ƏLİYEV dedi:

"Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək. Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Bir daha xoş gəlmisiniz".

X X X

Prezident Həsən RUHANİ dedi:

"Çox şadam cənab Prezident. Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun. Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Ötən bir neçə ildə biz on dəfə görüşmüşük, yəni, üzbəüz görüşmüşük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq. Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik. Zati-alinizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm".

X X X

Prezident İlham ƏLİYEV: "Sağ olun".

***

18:05

Martın 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

"Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. İlk növbədə, Sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var. Bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur.

Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir. Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat – bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.

Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq".

X X X

İran Prezidenti Həsən RUHANİ dedi:

"Cənab Prezident, mən və məni müşayiət edən nümayəndə heyəti çox şadıq ki, bu gün və sabah Sizin və dost, qardaş Azərbaycan xalqının qonağıyıq. Bu günlər bizim üçün şadlıq günləri və Novruz bayramıdır ki, bu da qardaş xalqların ortaq bayramıdır.

Zati-aliləri, Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyik. Əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir. Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir. Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.

Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıbdır. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır. İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq. Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır. Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq".

***

19:05

Martın 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramını”nı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsumə İbtikar imzaladılar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı”nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifər imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı”nı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbüzər İbrahimi Türkman imzaladılar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı”nı Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və İran İslam Respublikasının səhiyyə nazirinin müavini İrəc Hərirçi imzaladılar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzaladılar.

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzaladılar.

***

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin şərəfinə rəsmi qəbul təşkil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər