ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının Azərbaycanda seçkilər ərəfəsindəki vəziyyətlə bağlı yaydığı aralıq hesabat bəzilərini ciddi narahat edib. Hesabatı müxtəlif dillərdə paylaşan “radikallar” məyusluqlarını gizlədə bilməyiblər.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Axar.az-a açıqlamasında ATƏT-in Seçki Müşahidə Missiyasının Azərbaycanda seçki ərəfəsindəki vəziyyətlə bağlı təqdim etdiyi hesabatın əsasən, ədalətə söykəndiyini bildirib:
“ATƏT-in Seçki Müşahidə Missiyası Azərbaycanda seçki mühitinin yaradılması ilə bağlı öz mövqeyini bildirib. Çox yaxşı haldır ki, Azərbaycanda aidiyyəti qurumların düzgün qurulmuş fəaliyyəti nəticəsində bu cür rəy verilib. Hesab edirəm ki, bu çox vacib amildir. Əsl həqiqət də bundan ibarətdir ki, Azərbaycan seçicisi, vətəndaşı və ölkəmizi vətən olaraq sevən insanlar ayrı düşüncədə deyillər. Çünki bu gün Azərbaycan məhz Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində stabil, güclü siyasi və iqtisadi dövlətə çevrilib. Azərbaycanın ən böyük problemi ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Aprel hadisələri Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsini bir daha ortaya qoydu. Nəticədə ordumuz torpaqlarının bir hissəsini azad edə bildi. Bu da böyük qayıdışın ilk addımlarıdır. Ona görə də vətəninə bağlı olan insanlar bütün bu amilləri rəhbər tutaraq öz liderini dəstəkləyir. Bu gün seçkiqabağı əsas ab-hava da bundan ibarətdir”.
Millət vəkili bildirib ki, Azərbaycan xalqı radikalların əsl işinin nədən ibarət olduğuna 1992-ci ildə şahidlik edib:
“Məhz radikalların fəaliyyətinin nəticəsi olaraq biz Xocalı soyqırımını, Şuşanın işğalını yaşamışıq. Məhz bunun nəticəsidir ki, Azərbaycan ərazilərinin işğalı hazırda da davam etdirilir. Tam əminən ki, Azərbaycan xalqı heç zaman geriyə addım atmayacaq və qarşıdan gələn 11 aprel prezident seçkilərində də bir daha doğru seçimini edəcək”.
Qeyd edək ki, hər zaman Avropanın hesabatlarını dəstəkləyən bəzi radikallar sosial şəbəkə hesablarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası prezident seçkiləri ilə bağlı hesabatından təəssüfləndiklərini qeyd ediblər, hesabatın “əsas probleminin” seçki öncəsi vəziyyətin əsl mahiyyətini göstərilmədiyini iddia ediblər.
Onlar aralıq hesabatında yer alan bəzi məqamlardan - 10 martda bir sıra müxalifət partiyalarının erkən keçiriləcək prezident seçkilərinə etiraz olaraq keçirdiyi mitinqin qanun çərçivəsində təşkil olunmasından, siyasi məhbuslardan bəhs edilməməsindən və s. narazılıq ifadə ediblər.