8 Aprel 2018 22:17
8 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.07, 09:10

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Dağlıq Qarabağ Bölgəsinin Azərbayacanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.

Başa düşdülər ki, erməni icması Londona gələrək onları aldadıb

Səxavət Həmid: – Rövşən müəllim, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ATƏT-in Minsk Qrupu yaradılarkən, verilən mandat əsasında maraqlı tərəf kimi 1992-ci ildən başlayaraq, müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etsə də, icma 2006-cı ildə ictimai birlik formasında Azərbaycan qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alındı. İcmanın yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakıda icmanın I qurultayının keçirilməsi oldu. Sözsüz ki, icmanın fəaliyyətinə hüquqi status verilərkən və bir ictimai birlik kimi yenidən təşkilatlanarkən onun qarşısında müəyyən vəzifələr qoyulmuşdu. Ötən 9 il ərzində bu vəzifələri yerinə yetirmək nə dərəcədə mümkün oldu?

– Əsas məsələ icmanın formalaşması, onun fəaliyyətinin müəyyənləşdirilməsi, mövqeyinin səsləndirilməsi idi. Təbii ki, ölkə rəhbərliyinin dəstəyi ilə icmanın qurultayı keçiriləndən, idarə heyəti formalaşandan, Bayram Səfərov ictimai birliyin sədri seçiləndən sonra biz müəyyən işlərin görülməsinə başladıq. Bu işlər qeyd etdiyim kimi, cənab prezidentin nəzarətində idi və bu gün də nəzarətindədir. İlk növbədə cənab prezident icma üçün bina tikintisinə dair sərəncam verdi və bu məqsədlə xeyli vəsait ayrıldı. Hal-hazırda icma həmin binada fəaliyyət göstərir.

Bundan sonra icmanın mövqeyini beynəlxalq ictimaiyyətə təqdim etmək üçün biz müraciətlər ünvanladıq və dəstək aldıq. Biz qrup şəklində bir neçə xarici dövlətə səfərlər etdik. Məsələn, Almaniyada, Fransada, Belçikada, Macarıstanda, Rusiyada, Türkiyədə çox vacib görüşlər keçirdik və əsas istəyimizin nədən ibarət olmasını beynəxalq aləmə çatdıra bildik. Mən eyni zamanda Milli Məclisin deputatı olaraq Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin də üzvüyəm. Hər üç aydan bir biz AŞ PA-nın sessiyalarında çıxışlar edir və Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini səsləndiririk. Hazırda demək olar ki, AŞ PA-nın üzvü olan bütün dövlətlər Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi ilə tanışdır.

Bundan başqa icma müxtəlif nüfuzlu təşkilatlara vaxtaşırı məktublarla müraciət edir. Bu məktublarda biz öz mövqeyimizi səsləndirir, narazı olduğumuzu qeyd edirik. İstənilən proses baş verərkən biz bunu edirik. Məsələn, Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan bir neçə il əvvəl İngiltərədə Chatham House İnstitutuna dəvət olunmuşdu. Təbii ki, Azərbaycan dövləti buna öz narazılığını bildirdi. Xarici İşlər Nazirliyi tərəfindən lazımi addımlar atıldı. Bundan bir neçə gün sonra bizim icmanı ora dəvət etdilər. İcmanı orada mən təmsil edirdim. Biz Azərbaycanın mövqeyini səsləndirdik və erməni icması üçün xoşagəlməz hal da baş verdi. Onlar başa düşdülər ki, erməni icması Londona gələrək, onları aldadıb. Bax, bu, bizim gündəlik, mütəmadi fəaliyyətimizdir.

Erməni ictimai xadimlər prezidentlər arasında fərqi gördülər

– İcmanın qurultayından cəmi bir ay sonra Azərbaycan ziyalılarından ibarət məhdud qrup Dağlıq Qarabağda və Ermənistanda səfərdə oldu. Sizin də iştirak etdiyiniz bu səfər geniş rezonans doğurdu…

– Bəli, biz həmin vaxt Xankəndidə, Şuşada olduq, ordan İrəvana getdik. Daha sonra ermənilərə birgə Bakıya gəldik. Cənab prezident bizi qəbul etdi. Bakıya gələn erməni deputatları da, deputat olmayanlar da fərqi gördülər. Həm Ermənistanın Azərbaycanla, həm İrəvanın Bakı ilə, həm də ölkə prezidentləri arasında olan səviyyə fərqini müşahidə etdilər. Onlar iki ölkə prezidenti arasındakı siyasi düşüncə tərzi, dünyagörüşü, bilikləri, məsələlərə yanaşması arasındakı fərqləri açıq-aşkar gördülər.

Təbii ki, bizim əsas məqsədimiz doğma Şuşamıza, Dağlıq Qarabağa, eyni zamanda işğal altındakı digər 7 rayona qayıtmaqdan, öz həyatımızı davam etdirməkdən ibarətdir. Əsas hədəf budur. Buna nail olmaq üçün cənab prezident qətiyyətli siyasət yürüdür və bu siyasət bizi qane edir. Biz səbrlə gözləyirik və böyük inamımız var ki, məsələ sülh yolu ilə həllini tapacaq. Əminəm ki, biz yaxın zamanlarda bunun şahidi olacağıq.

Onlar azərbaycanlılarla ermənilərin yaxınlaşacağından qorxurlar

– Qeyd etdiyimiz kimi, məlum səfər həm Ermənistan və Azərbaycan, həm də beynəlxalq ictimaiyyətdə geniş rezonans doğursa da, bu səfərlərin ardı gəlmədi. Əksinə, münasibətlərdəki azacıq mülayimləşmə kəskin qarşıdurmalarla müşahidə olundu. Bunun səbəbləri kimi nələri göstərə bilərsiniz?

– Bunun çox sadə izahı var. Heç bir radikallaşma da yoxdur. Bu, Ermənistanın qeyri-insani siyasəti ilə bağlıdır. Həm Köçəryan, həm də Sərkisyan bu fikirdədir və bu həqiqətdir ki, əgər Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşsələr, onlar qısa müddətdə çox yaxınlaşacaqlar, təxminən bir neçə aydan sonra yenidən necə deyərlər, kirvə olacaqlar, ilin axırında yenidən qarışıq nikahlar olacaq və onların siyasətinin sonu gəlib çatacaq. Bax, onlar bu düşüncədə olduqları üçün iki icmanın rəhbərliyinin görüşündən qaçırlar. İcmanın görüşlərinin keçirilməsi, dialoqun olması ideyası təbii ki, azərbaycanlı icmasına məxsusdur. Biz bu təklifi 2010-cu ildə Berlində irəli sürmüşük. 2011-ci ildə Almaniyada belə bir görüşün keçirilməsi təklif olunsa və biz ora getsək də, erməni icması gəlmədi. O vaxtdan indiyədək biz bunun tərəfindəyik və dialoqun baş tutması üçün yollar axtarışındayıq. Yanaşmalar müxtəlif olsa da, biz buna nail olmağa çalışırıq. Düşünürük ki, hər iki icma itirilmiş münasibətlərini bərpa edə bilsə, biz böyük sülh danışığına öz töhfəmizi verə bilərik. Erməni icması ilə əlaqələr qurmaq istəyimizin yeganə səbəbi də budur. Başqa istəyimiz yoxdur.

Bilirsiniz ki, biz bundan əlavə Ermənistan-Azərbaycan Sülh Platforması yaratdıq. Platforma çox vacib işlərlə məşğuldur, böyük işlər görülüb. Hal-hazırda da həmin işlər davam etdirilir. Ermənistan əhalisi bilir ki, Köçəryan-Sərkisyan qruplaşması təkcə Azərbaycan torpaqlarını deyil, Ermənistanın siyasi hakimiyyətini də işğal ediblər. Onlar hakimiyyəti əldən verməmək üçün bu cür maneələr törədirlər. Biz inanırıq ki, Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə təmin edəcəyik və hər iki icma Dağlıq Qarabağda birgə həyatını əvvəllər necə olubsa, yenidən o cür davam etdirəcək.

– Sizcə, əvvəlkitək yaşamaq mümkün olacaqmı?

– Bilirsiz, mənim nə istədiyim bir məsələ, amma necə olacağı bir başqa məsələdir. Odur ki, biz gərək ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Mənə elə gəlir ki, biz bundan sonra normal həyat sürə biləcəyik.

Hərbi münaqişələrin kökündə bu, dayanır

– Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejimin başçısı Bako Saakyan ötən ay Vaşinqtona, bu ay qondarma rejimin “parlament” sədri Aşot Qulyan isə bu ay Fransaya səfər edib. Bu məsələlərə münasibət bildirməyinizi istərdik…

– Bu, çox mənfi bir haldır. Təbii ki, Azərbaycan üçün deyil, ABŞ və Fransa kimi nüfuzlu dövlətlər üçün mənfi haldır. Elə hal-hazırda dünyada yaşanan hərbi münaqişələrin kökündə də həmin ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə mənfi yanaşmaları dayanır. Əgər dövlətlərarası münasibətlər beynəlxalq hüquqa söykənsəydi, biz bugünki problemləri müşahidə etməzdik. Beynəlxalq hüquq prinsipləri beynəlxalq hüquqsuzluğa uduzduğuna görə həm ABŞ, həm də Fransa hakimiyyəti mənəvi məsuliyyət daşımalıdır. Onlar hansı pasportla o dövlətlərə səfər edirlər? Hansı dövlətin pasportu ilə gəlib hansı dövlət haqqında danışırlar? Nələri danışa bilərlər? Əgər Dağlıq Qarabağda, üstəlik digər 7 rayonda etnik təmizləmə siyasəti həyata keçirilibsə, bunu silah gücü ilə, üçüncü dövlətin imkanlarından istifadə etməklə ediblərsə, nədən danışa bilərlər? İnformasiyanın bol olduğu indiki dövrdə ABŞ və Fransada məgər bunu bilmirlərmi? Bunu necə gizlətmək mümkündür? Serj Sərkisyan Xocalı soyqırımının nəinki iştirakçısı, eyni zamanda təşkilatçısıdır. Robert Köçəryan da, Bako Saakyan da, Seyran Ohanyan da, Aşot Qulyan da bu terror şəbəkəsinin üzvləridir. Bunlar hamısı bəllidir. Vaşinqton və Parisdə düşünməlidirlər ki, onlar həmsədr dövlətlərdir və beynəlxalq hüquqa bu cür qeyri-peşəkarlıqla yanaşmamalıdırlar. Bu, qəbuledilməz bir haldır.

Atam haqqında danışmaq istəmirəm

– Sizin mərhum atanız, 1994-98-ci illərdə Bakı şəhərinin prokuroru olmuş Şükür Rzayev 1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğunun İstintaq şöbəsinin prokuroru işləyərkən, respublika prokurorunun əmri ilə Xankəndi şəhərinə ezam olunub. Məqsəd Dağlıq Qarabağ Muxtar Vilayəti Prokurorluğunda törədilən qanunsuzluqlara son qoymaq, qanunçuluğu bərpa etmək idi. O, şəhərə gəlir, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olur, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verir. Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək, onu girov götürür və gözlərini bağlayaraq “QAZ-24” markalı maşında naməlum istiqamətə aparır. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyirdilər. Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir. Bu hadisələr Sizin yaddaşınızda necə qalıb?

– Çox sağ olun ki, bu barədə oxumusunuz, məlumatlısınız. Amma mən bu barədə danışmaq istəmirəm. Bu, mənim səmimi yanaşmamdır. Sağlıq olsun, başqa vaxt bu barədə danışarıq.

Uşaqlığım Şuşada keçib

Qurban Yaquboğlu: – Rövşən müəllim, harda dünyaya gəlmisiniz?

– Mən 1962-ci ildə Bakıda anadan olmuşam.

– Əslən bakılısız?

– Yox. Atam Şuşada doğulub. Biz şuşalıyıq. Mən Bakıda doğulsam da, bütün uşaqlıq illərim Şuşada keçib.

S.Həmid: – Deyəsən, Rzayevlər ailəsində hüquqşünaslar daha çoxdur. Qardaşınız Rəşid Rzayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədridir…

– Böyük qardaşım hüquqşünasdır. Bacım filoloq, həyat yoldaşım türkoloqdur. Oğlum İqtisad Universitetini bitirib, qızlarımdan biri tibb təhsili alıb, digəri psixologiya ixtisası üzrə təhsil alır. Baba isə Azərbaycanda sovet hakimiyyəti qurulanadək mirzəlik edib, 1920-ci ildən sonra “Revkom”da, “Kasıblar komitəsi”ndə çalışıb, Cavanşir qəzasının cinayət-axtarış şöbəsinin rəisi olub.

Bizi Stavropoldan Bakıya köçürdülər

– Mərhum atanız barədə danışmadınız, amma öz həyat yolunuz barədə danışmaq xahişimizi yəqin ki, yerə salmazsınız…

– Yasamal rayonundakı 175 saylı məktəbdə orta təhsil almışam. Daha sonra 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. 1982-ci ildə qiyabi fakültəyə keçmişəm. Bunun da səbəbi ailə həyatı qurmağımla bağlı idi. İşləyərək ailə həyatı qurmaq istəmişəm. Valideynlərim buna razılıq verib. Tarix fakültəsini bitirəndən sonra 1989-cu ildə Moskvada Ümumittifaq Qiyabi Hüquq İnstitutunun hüquq fakültəsinə daxil oldum. Bir müddət orda oxuyandan sonra bizi Stavropol şəhərinə köçürdülər. Stavropolda təhsilimizi davam etdirdik. Sonuncu kurs Ermənistan-Azərbaycan münaqişəsinin pik dövrünə təsadüf etdi və heç şəxsi işlərimiz instituta gəlib çatmamış bütün azərbaycanlı tələbələri bir ərizə ilə Stavropoldan Bakı Dövlət Universitetinə köçürdülər. Bakı Dövlət Universitetində də sonuncu sessiyanı başa vurduq və dövlət imtahanı verdik. Bununla da universiteti bitirdik.

– Şimali Qafqazın Krasnodar diyarı kimi Stavropol diyarı da ermənilərin çox olduğu yerdir. Yəqin, Bakı Dövlət Universitetinə köçürülməyiniz də bu amillə bağlı olub…

– Bəli, bununla bağlı idi. Ermənistanla Azərbaycan arasında münaqişə aktiv fazaya keçəndən sonra başa düşdülər ki, biz orda qalsaq, ermənilərlə toqquşa bilərik. Stavropol Universitetinin rəhbərliyi özü bizimlə əlaqəyə çıxdı və günlərin bir günü ərizəmizi alıb Bakıya köçürüləcəyimizi bildirdi.

– Azərbaycanlı tələbələrin sayı ümumilikdə neçə nəfər idi?

– Beş nəfər biz idik, bizdən əlavə də 4 polis əməkdaşı var idi. Cəmi 9 nəfər idik.

“Anonimka”ya görə işdən azad olundum

– Bəs, Bakıda tarix fakültəsini bitirdikdən 1989-cu ilədək nə ilə məşğul olmusunuz?

– Əmək fəaliyyətinə 1982-ci ildə başlamışam. İlk iş yerim o vaxtkı Oktyabr, indiki Yasamal Rayon Məhkəməsi olub. 1986-ci ilədək Ədliyyə Nazirliyində işləmişəm. Ondan sonra anonim məktublar yazılıb. “Anonimkalar” dövrünün son məqamında məni işdən azad etdilər ki, sənin atan hüquqşünasdır, vəzifəsindən istifadə edib, sən Ədliyyə Nazirliyində, qardaşın prokurorluqda işləyir. Nəticədə məni işdən azad etdilər. Mən Bakı Məişət Kondisionerləri Zavodunda kadrlar üzrə baş mütəxəssis işləməyə başladım. 1990-cı ildə yenidən məhkəmə sisteminə qayıtdım. Nərimanov Rayon Məhkəməsində məhkəmə icraçısı işləməyə başladım. 1994-cü ilədək orda işlədim. Həmin il Bakı şəhər 41 saylı dövlət notariat kontorunun dövlət notariusu təyin olundum. 2004-cü ilədək orda işlədim.

Ərizə Rostova çatanadək…

– Elə mərhum Şükür Rzayevi də onun əleyhinə Moskvaya göndərilən məqalələr, imzasız məktublar kampaniyası nəticəsində 1986-cı ildə respublika nəqliyyat prokuroru vəzifəsindən azad ediblər...

– Elədir. Qardaşımı çıxarmadılar. Çünki qardaşım o vaxt Rostovda yerləşən Xəzər Hövzəsi Nəqliyyat Prokurorluğuna tabe idi. O, su nəqliyyatı prokurorunun köməkçisi idi. O ərizə Rostova çatanadək buralarda mövqe dəyişdi və qardaşımın işdə qalmasına razılıq verildi. Onun ərizisəsini geri çağırdılar. Amma mən və atam işsiz qaldıq. Atam Respublika Prokurorluğunun İstintaq idarəsində şöbə prokuroru, mən isə zavodda işləməyə başladım.

– Bunun ailəyə necə pis təsir etdiyini təsəvvür etmək çətin deyil…

– Təbii ki… Təsəvvür edin, mən “vurulan”da 24 yaşım var idi.

– Bundan sonrakı fəaliyyətiniz də Milli Məclislə bağlı oldu…

– Mən Milli Məclisə ilk dəfə 2004-cü ildə 101 saylı Göygöl-Daşkəsən dairəsi üzrə keçirilən təkrar seçkilərdə seçilmişəm. Həmin il üç seçki dairəsində təkrar seçki keçirilirdi. Bunlar Nizami, Səbail və Göygöl-Daşkəsən dairəsi idi. Mənim orda əhatəm çox geniş idi, əlaqələrim, dostlarım var idi. Mən onlarla danışdım, onlar mənə dəstək olacaqlarını bildirdilər. Mən də özümə inandığım, seçicilərlə işləyə biləcəyim üçün namizədliyimi ordan verdim. Hər zaman seçicilərimə minnətdaram, özlərinə də bunu deyirəm. Bu gün sizin vasitənizlə həm Göygöl, həm də Daşkəsən əhalisinə təşəkkür edirəm.

1998-ci ildən özümü siyasi fəaliyyətə hazırlayırdım

Zahid Nurəliyev: – Maraqlıdır, notariusdan Milli Məclisə gedən yol necə başladı?

– 1998-ci ildən mən özümü siyasi fəaliyyətə hazırlayırdım. O vaxt mənim bir yaxın qohumumun rəhbərlik etdiyi “Təhsil” Cəmiyyətində ona kömək etməyə başladıq. Həmin cəmiyyəti inkişaf etdirməyə başladıq. Orda işləyərkən, mən artıq siyasi fəaliyyətə daha da yaxınlaşmağa başladım.

Gəlib o problemi öz vətənlərində səsləndirsinlər

– Rövşən müəllim, prezident seçkilərinə sayılı günlər qaldığı bir ərəfədə Avropa ölkələrində yaşayan bir sıra insanlar sosial şəbəkələrdə söyüş məzmununda videolar yayırlar. Sizin buna münasibətinizi bilmək istərdik…

– Bu gün Azərbaycanın vəziyyəti elədir ki, biz arxaya addım ata bilmərik. Azərbaycanın yeganə böyük problemi onun ərazi bütövlüyü problemidir. Azərbaycan xalqı müdrik və vətənpərvər xalqdır. Əgər biz Azərbaycanın ərazi bütövlüyünü istəyiriksə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab prezident tərəfindən davam etdirilən siyasət bizim ərazi bütövlüyümüzü təmin edəcək yeganə siyasətdir. Xaricdən, daxildən eşitdiyimiz, oxuduğumuz mənfi hallara mən təbii ki, öz etirazımı bildirirəm. Bunlar heç də xoşagələn hallar deyil. Mən uzun müddətdir ki, AŞ- PA-da təmsil olunuram və görürəm ki, bütün dövlətlərdə problemlər var. Azərbaycanda da problemlər mövcuddur. Amma mən heç bir xalqın nümayəndəsini beynəlxalq təşkilat qarşısında görmürəm. Çox təəssüf ki, bunu yalnız bizim bəzi soydaşlarımızdan görmək mümkündür. Bu da məni narahat edir. Əgər Azərbaycanın problemi varsa, azərbaycanlılar o problemi gəlib öz vətənlərində səsləndirsinlər. Digər yollar Azərbaycanı uçuruma aparır. Mən onu edənlərin kim olduğunu bilirəm, onlar maliyyələşirlər. Onların özləri də hansı mənbədən maliyyələşdiklərini bilmirlər. O mənbələrin arxasında dayanan erməni siyasətidir. Erməni siyasəti Azərbaycana bu problemləri ona görə yaratmaq istəyir ki, öz işğalçılıq siyasətini davam etdirsin. Onlar bilirlər ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət onlar üçün maneədir. Bax, erməni siyasəti bunu həyata keçirmək üçün bizim belə həmvətənlərimizdən istifadə edirlər. Mən o həmvətənlərimizin heç birinin çıxışından uğurlu bir siyasi düşüncə eşitməmişəm. Hansını dinləyirsənsə, çox piyada siyasi düşüncəyə malik olduqlarını görürsən. Mən onları çox yaxşı tanıyıram. Mən orda bizim birimizdən daha vətənpərvər olan görməmişəm. Onlar Avropada gözəl həyatı görür və hesab edirlər ki, Azərbaycan da 25 il ərzində həmin səviyyəyə çatmalıdır. Onları orda yoldan çıxarırlar. Ona görə də bu adamlar lazımsız hərəkətlər etməyə başlayırlar. Bir daha qeyd etmək istəyirəm ki, onlar hansı siyasi fəaliyyətin qurbanına çevrildiklərini bilsələr, heç vaxt bunu etməzlər. Mən buna əminəm.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər