“Normand dördlüyü” ölkələrinin liderləri ötən həftə bəyan etdilər ki, yaxın aylarda implementasiyanı sürətləndirmək imkanlarını nəzərdən keçirəcəklər və Paxsa bayramına qədər Donbasda atəşkəs barədə razılaşmanı dəstəkləyiblər.
Bundan əvvəl rus mediası Rusiyanın iştirakı olmadan “Normand formatı” çərçivəsində görüşün hazırlanması ilə bağlı məlumat yaymışdı. Bildirilir ki, mayda planlaşdırılan görüş zamanı Ukrayna, Fransa və Almaniya liderləri Şərqi Ukraynaya BMT sülhməramlılarının yeridilməsi məsələsini müzakirə edəcəklər.
Ukrayna Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, general-leytenant İqor Pomanenko Donbasda sülhü və “Normand dördlüyü”nün fəaliyyətini dəyərləndirib:
“Keyfiyyətin kəmiyyətə doğru dəyişməsi ilə bağlı fəlsəfi qanun var və mənim fikrincə, Rusiya kəmiyyət dəyişikliyi edəcək. Rus qoşunlarının Ukraynada qalması müxtəlif aspektlərdən Moskvaya sərf edir. Buna görə Rusiya Prezidenti Vladimir Putin vəziyyətdən çıxış yolu axtarır. Onun cəhdləri, hələ ki, yalnız Krımda baş tutub. Donbasda baş verənlər isə beynəlxalq arena ilə yanaşı, Rusiyanın daxilində də mənfi təsirlərə səbəb olur. Ona görə də Putin yeni yol axtarmaq qərarına gəlib”.
O, Putinin əsas məqsədinin Rusiyanın siyasi çəkisini geri qaytarmaq olduğunu deyib:
“Putin Federal məclisdə 2 saatlıq çıxışının 40 dəqiqəsini Rusiyanın hərbi potensialının nümayişinə sərf etmişdi. O çıxışını bu sözlərlə bitirdi: “Bacarırlarsa, bundan sonra, bizimlə hesablaşmasınlar”. Bu o deməkdir ki, o, yaranmış vəziyyətdən narazıdır.
Vaxtılə, Putin Barak Obama ilə bir neçə dəfə görüşmək istəyib. Ancaq Obama Putinin təklifini rədd edib. Bu isə Rusiya lideri üçün çox ağrılı olub. Bu zaman Putin çıxış yolu kimi Suriyada müharibəni görüb. Bu üsulla Putin liderləri onunla birbaşa ünsiyyətdə olmağa məcbur etdi.
Xüsusilə qeyd etmək lazımdır ki, rus ordusu ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə nisbətən daha uğurlu hərbi əməliyyatlar apardı. Amma Suriyada müharibə başa çatmayıb və Moskvanın burada gələcək perspektivləri o qədər də yaxşı deyil”.
Ukraynalı general Donbasa sülhməramlıların yeridilməsi ilə bağlı rus liderin fikrinin dəyişdiyini deyib:
“Bir neçə il əvvəl Vladimir Putin Donbasa sülhməramlıların göndərilməsinə qarşı çıxırdı. Amma ötən ildən dəyişən vəziyyət Putinin fikrində də dəyişikliklərə səbəb oldu. Putin bildirdi ki, işğal bölgələrinin hər birində sülhməramlılar çalışmalıdır. Ancaq bununla bağlı hələlik tam qərar qəbul edilməyib. Mayda keçiriləcək “Normand formatı”nın növbəti görüşündə bu qərarın qəbul edilmə ehtimalı çox yüksəkdir. Fikrimcə, belə görüşlərin keçirilməsi vacibdir. Ancaq əsas nəticədir”.