Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir:
- Rasim müəllim, sizcə, Ermənistanda nə baş verir?
- Ermənistanda müşahidə etdiyimiz hadisələr göstərir ki, erməni xalqının səbri tükənib. İrəvanda belə bir fikir formalaşıb ki, Serj Sərksiyan və Qarabağ erməniləri Ermənistanda hakimiyyəti zəbt edib və buna son qoymaq lazımdır. İndi başlayan proseslər Sərksiyanın növbəti fırıldağının qarşısını almaq üçündür. O, prezidentlikdən getməzdən əvvəl ölkənin konstitusiya quruluşunu dəyişib - parlamentli respublika quruluşuna keçid edib. İndi də prezidentlikdən gedir və baş nazir seçilir. Yeni sistemdə baş nazir faktiki olaraq ölkənin rəhbəri olacaq. Bilirsinizmi, belə dələduzluqla ayrı xalqları aldatmaq olar, amma erməniləri aldatmaq olmaz. Sərksiyan və hakimiyyətdə olan qarabağlı ermənilərin zibilləri çoxdur. Onlara qarşı narazılıq və iradlar da artıb. Ola bilsin ki, Sərksiyan bu vəziyyətdən çıxacaq. Amma onun dövrü keçib və o gecikir.
- Niyə?
- Burada Sərksiyanla mübarizə başqa məqamları da ortaya çıxarır. İndi Ermənistanda yaranan vəziyyət Moskvanın özünü çətin seçim qarşısında qoyur. Hər kəsə aydındır ki, Sərksiyanı saxlayan Moskvadır. Moskva olmasa, erməni xalqı Sərksiyanı kabinetindən atar. Sərksiyanın dəstəyi Moskvadandır. Moskva da indiki vəziyyətdə ağır seçim qarşısında qalsa, Sərksiyanı müdafiə etməyəcək.
- Bəs, kimi müdafiə edəcək?
- Əgər aksiyalar güclənsə və ümumerməni hərəkatına çevrilə bilsə, bu halda Moskva ya Sərksiyanı, ya da Ermənistanı seçməli olacaq. Sözsüz ki, Moskva belə bir seçim qarşısında qalsa, Sərksiyan və komandasını deyil, Ermənistanı seçəcək. Bu halda Sərksiyan və komandası qurban gedəcək. Ancaq hələlik bunu demək tezdir. İndiki vəziyyətdə Moskva Sərksiyanı müdafiə etməkdə davam edəcək. Üstəlik nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Rusiyanın durumu yaxşı deyil. Düzdür, Azərbaycanla münasibətlər normaldır, amma Gürcüstan əlindən çıxıb, Ermənistanda proseslər onun xeyrinə deyil və s. İkincisi, bu prosesdə pərdə arxasında Qarabağ problemi də görünür və səslənir. Yəni ermənilər mitinq keçirməklə həm də Rusiyaya mesaj verir ki, Sərksiyanı götür, əks halda mən çıxıb gedərəm. Məncə, indi yaranan vəziyyət Azərbaycan üçün əlverişlidir. Ola bilsin ki, müəyyən müddətdən sonra Moskva Sərksiyana məsləhət görəcək ki, aradan çıxsın. Sərksiyan qalsa, deməli, cəmiyyətin daxilində narazılıq da qalacaq. Bu da Rusiyaya lazım deyil. Sərksiyan artıq gecikib. Siyasətçi nə zaman hakimiyyətə gəlməyi və nə vaxt hakimiyyətdən getməyi dəqiq bilməlidir. Sərksiyan hakimiyyətə gəlmək anından məharətlə istifadə etdi, amma hakimiyyətdən getmək məsələsində gecikir.
- Erməni politoloq və jurnalistlər iddia edirlər ki, vəziyyət belə kritik olsa, Azərbaycan Qarabağa hücum edə bilər və s..
- Bu, Ermənistanın oyunlarıdır. Orada müxtəlif qüvvələr var. Məqsəd aksiyaları zəiflətmək və söndürməkdir. Sərksiyana dəstək mənasında. Əslində sizə deyim ki, bu fikirdə həqiqət də var. Həqiqət odur ki, Ermənistanda vəziyyət gərginləşib və bu, Azərbaycana sərf edir. Ermənilərin vəziyyəti nə qədər çətin və gərgin olsa, bu, bir o qədər bizim xeyrimizədir. Ola bilsin ki, bunun nəticəsində erməni xalqı əslində onların bəlasının öz ideologiyalarında olduğunu başa düşər. İdeologiyaları da “Böyük Ermənistan” yaratmağa” hesablanır. Bu isə Azərbaycan və Türkiyənin torpaqlarının işğalı sayəsində baş verməlidir. Lazım olanda böyük dövlətlər bu erməni xəstəliyindən istifadə edir. Məsələn, Moskva istifadə edib. Amma hər şeyin bir sonu var. İndi “Böyük Ermənistan” ideyası ermənilərin özlərini də bezdirib. Gənclər, insanlar sürətlə ölkəni tərk edir. Beləcə, vəziyyətləri gəlib 1990-cı illərin vəziyyətinə düşür.
- Hazırkı narazı elektoratla Sərksiyanı yola salmaq mümkündürmü?
- Söhbət ondan gedir ki, proses başlayıb və bu gec-tez Sərksiyanın axırını gətirəcək. Buna şübhə yoxdur. Ağıllı olsa, özü indidən gedər. Çünki qalmağı vəziyyəti gərginləşdirə bilər.
- Sərksiyan xalqa qarşı silahdan istifadə edə bilər?
- Hər şey ola bilər. Amma indi Sərkisyana qarşı çıxanlar zorakılığa meyl edən qüvvələr deyil. Aksiyaların lideri Paşinyandır. O, siyasətçidir. Onlar mədəni təzyiqlə Sərksiyanı yola salmaq istəyir. Bu, onların özləri üçün də əlverişlidir. Bu yolla özlərinin də seçimlə hakimiyyətə gəlməsinə yol aça bilərlər. Sərksiyan xəbərdarlıq etdi. Ancaq məncə, vəziyyətin gərginliyi ondan ibarətdir ki, hər iki tərəf güc yolundan çəkinməlidir. Sərksiyanın silah tətbiq etməsi bütün Ermənistanda sükutu pozar.
- Rusiya niyə Sərksiyanı müdafiə edir?
- Müdafiə etməyib, neyləsin? Elə bilirsiniz ki, başqa alternativləri çoxdur? Ruslar Sərksiyanı tanıyır, onunla min dəfə alver edib, lazım olanda xəbərdarlıq ediblər. Yəni Sərksiyanın quyruğu onların əlindədir. Sərksiyan birbaşa Kremlin adamıdır. ABŞ da, ermənilər də, ruslar da bunu yaxşı bilir. 1990-cı illərdə Ermənistanda kifayət qədər normal siyasətçilər vardı. Səkrsiyan isə həmin dövrdə terrorçu idi, Qarabağda oturub terrorla məşğul idi. Bunu da Moskvanın istəyi ilə edirdi. Yəni Sərksiyan lazımlı adam olduğuna görə, onu atmırlar. Ruslar çalışır ki, məsələni uzatsınlar və beləcə Sərksiyanı qoruyub saxlasınlar. Çünki adamlarını ayağa verəndə həmişə yadda qalır ki, Moskva dar gündə adamını satdı. Amma Moskva anlamalıdır ki, erməni xalqı Sərksiyandan bezib, onu istəmir. Faktiki olaraq Sərksiyanın hakimiyyətdə qalmaq üçün həyata keçirdi fənd onun özünü, klanını və Moskvanı pis duruma salıb. Məncə, Azərbaycan siyasətçiləri və jurnalistləri bu məqamdan ciddi istifadə etməlidir.
- Erməni diasporunun Sərksiyana qarşı çıxış etməsinə səbəb nədir?
- Nəzərə almaq lazımdır ki, diaspora özü bütöv deyil, fərqli mövqelər var. Sərksiyanın özünə maya qoyan erməni milyonçuları var. Onlar həm də Ermənistana gəlib-gedirlər. Fransada, Almaniyada və ABŞ-da Sərksiyanın hakimiyyətdə qalmasına kömək edən ermənilərin olduğu sirr deyil. Amma onlar camaatın ayağa qalxdığını, narazılığı görəndə şübhəsiz ki, xalqın sözünü deyir və Sərkisyanın getməsini istəyir. Təbii ki, bu da vəziyyətin gərginliyini göstərir. Sərksiyanın da səhvi odur ki, bu məqamları nəzərə almır. Öyrəşib kabinetə.
- Sonu necə olacaq?
- Ola bilsin ki, Sərksiyanı qoruyub saxladılar. Amma bundan sonrakı dönəmə Sərksiyan zəif baş nazir kimi çıxacaq. Nəzərə alın ki, Sərksiyan böyük mənada siyasətçi deyil. O, həmişə çalışıb ki, erməni siyasətində görkəmli bir adam siyasi səhnədə olmasın. Ona qədər çoxlu sayda siyasi xadimlər görünürdü. İndi isə artıq onlar yoxdur.
- Ermənistanda baş verən aksiya və mitinqlərdə üçüncü qüvvənin rolu varmı?
- Şübhəsiz ki, var. Əgər insanlar aksiyalara gedir, saatlarla mitinqlərdə etiraz edirsə, deməli, bunu təşkil edən qüvvələr var. Ola bilsin ki, Sərksiyanı dəstəkləyənlərin sırasında da belələri var. Məncə, bu qüvvə daha çox Qərbpərəst adamlardır. Ermənistanda vəziyyət gərginləşib. Burada yoxsulluq, ümidsizlik hökm sürür. Odur ki, etiraza çıxan şəxslər və qruplar rəngarəngdir. Orada müxtəlif qüvvələr var. Vay Sərksiyanın halına ki, bu, ümumerməni hərəkatına çevrilsin. O halda Sərksiyanın aqibəti pis olacaq.