Hökumət başını itirib. Elə bilirlər ki, kimsə İvanişvilini söyürsə, bunun Azər Süleymanova dəxili var. Bu qurama işdir, ciddi məsələ deyil.
Bu fikirləri Teleqraf.com-a Gürcüstan parlamentinin deputatı, Vahid Milli Hərəkat Partiyasının funksioneri Azər Süleymanov barəsində açılan cinayət işi haqqında danışarkən deyib.
O, bildirib ki, əslində kim nə edibsə, hamısı video görüntülərdə var:
“Sadəcə olaraq bunu bizim üzərimizə yıxmaq istəyirlər. Bu da mümkün deyil. Mənim bu işlərdə günahın nədir, heç xəbərim yoxdur”.
Deputat əlavə edib ki, artıq onu prokurorluğa dəvət ediblər:
“Hazırda prokurorluğa gedirəm. Mənim həbsim real deyil. Sadəcə olaraq, bəzi suallara cavab verəcəyəm. Buna da hər zaman hazıram. Bu məsələni edən şəxs aktivistdir və mən də ona demişəm ki, niyə gəlib partiya adından belə bəyanatlar verirsən? Bir kişinin ailəsini söymək insanlığa yaraşmaz. Həmin şəxslə görüşüb sözümü deməyim yüzlərlə insanın arasında olub. Bundan sonra o gəncin hara getdiyi, nə işlə məşğul olduğunu bilmirəm”.
Qeyd edək ki, Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov saxlanılıb. Prokurorluqda T.Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.
İyunun 11-də Tiflisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E.Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Videogörüntüdə T. Abazovun da olduğu iddia olunur. Sonradan bəlli olub ki, bu faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T.Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahları sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.