Əfqanıstanda hərbi əməliyyat BMT Təhlükəsizlik Şurasının qərarı ilə keçirilir. Rusiya nəinki bu əməliyyata qarşı çıxa bilər, əksinə, BMT üzvü kimi bu prosesə dəstək verməlidir. Rusiyanı qıcıqlandıran Qazaxıstan lideri Nursultan Nazarbayevin məlumat vermədən ABŞ-la danışıqlar aparması və razılığa gəlməsidir. Görünür, bu məsələdə Qazaxıstanın Rusiyanın fikrini soruşmaması Kremlin xoşuna gəlməyib.
Bu sözləri Teleqraf.com-a təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər deyib.
Mütəxəssis əlavə edib ki, 1998-ci ildən Pentaqon Xəzəri öz məsuliyyət zonası elan edib: “Bəyəm ruslar indi ayılıb ki, ABŞ Xəzərdə yerləşmək, iştirak etmək və güclənmək istəyir? Axı, bu, təzə məsələ deyil və Pentaqon 20 il əvvəl Xəzəri məsuliyyət zonası elan edib.
İkincisi, Krımın ilhaqından sonra ABŞ yeni milli təhlükəsizlik konsepsiyası qəbul edib. Bu strategiyaya əsasən Rusiya ABŞ-ın milli təhlükəsizlik maraqları üçün əsas təhdid hesab olunur.
Üçüncüsü, ABŞ həm Orta Şərqdə, həm də genişləndirilən Mərkəzi Asiyaya yönəlik yeni strategiyanı həyata keçirməyə başlayıb. Bunu da tamamlayan Hind-Sakit Okean hövzəsi strategiyası mövcuddur. Yəni Tramp hökumətinin Mərkəzi Asiyaya yönəlik strategiyası var və təbii ki, bu strategiyanı reallaşdırmaq üçün iki başlıca aktorla işləyir - Qazaxıstan və Özbəkistanla.
Hazırda ABŞ bu iki ölkə ilə sıx əlaqələr qurur və bunu gizlətmir də... Nazarbayev və Şövkət Mirziyaevin Ağ Evə səfərləri bunun əyani göstəricisidir.
Son razılaşma və əlaqələr ruslar üçün gözlənilməz olmamalı idi. ABŞ və onun Avropadakı müttəfiqlərinin iqtisadi istəklərini əlavə etsək, onların Xəzər regionunun enerji resurslarını dünya bazarlarına çıxarmaqda maraqları var”.
Ekspert əlavə edib Əfqanıstana yüklər əsasən Pakistan üzərindən daşınır:
“Lakin Pakistanla ABŞ arasında münasibətlər soyuduqdan sonra bu yol etibarlı hesab olunmur. ABŞ-da hesab edirlər ki, istənilən vaxt bu yol bağlana bilər. Məsələn, ABŞ Bin Ladenin məhvi ilə bağlı əməliyyatı Pakistana öncədən xəbər vermədən bu ölkədə həyata keçirdi. Həmin vaxt 8 ay yuxarıda qeyd etdiyimiz yol qapandı. Məhz o zaman Azərbaycan üzərindən keçməklə Orta Asiya vasitəsilə Əfqanıstana yüklərin daşınması marşrutu aktuallaşdı.
İndi də Pakistan-ABŞ münasibətlərində pisləşmə davam edir. Xüsusilə, Pakistan xüsusi xidmət orqanları Talibanla bağlı Rusiya xüsusi xidməti ilə iş aparır, birgə əməkdaşlıq edir. ABŞ da Pakistan yolunun hər an bağlana biləcəyini düşünür. Bu səbəbdən alternativ yolun daha etibarlı hala gətirməsi üçün çalışır”.
Sülhəddin Əkbər deyib ki, Əfqanıstana gedən malların Aktau limanından istifadə etməkə çatdırılması Moskva-Astana münasibətlərini büsbütün korlamayacaq: “Rusiya o cür davransa, Qazaxıstan daha sürətlə ABŞ və Çinlə yaxınlaşma siyasəti aparar”.
Xatırladaq ki, Rusiya Astana ilə Vaşinqton arasında bu yaxınlarda bağlanmış müqavilələr çərçivəsində Xəzər limanlarında ABŞ-ın logistik infrastrukturunun yaranması perspektivindən narazıdır.
Rusiya XİN başçısı Sergey Lavrov bu məsələni KTMT xarici işlər nazirlərinin iyunun 11-də Almatıda keçirilmiş görüşündə qaldırıb. Sergey Lavrov görüş vaxtı Moskva üçün hissiyyatlı məsələləri diqqətə çıxarıb.
Bunlardan biri Xəzər dənizindəki Kurık və Aktau limanlarından istifadə etməklə Azərbaycandan Qazaxıstana, buradan da Əfqanıstana Amerika tranzitinə aid idi.
Bu barədə razılaşma hələ ötən il əldə olunmuş və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanvar ayında Vaşinqtona səfəri zamanı rəsmən təsdiqlənmişdi. Mart ayında Qazaxıstan parlamenti həmin müqaviləni ratifikasiya etmiş, ölkə prezidenti isə imzalamışdı.
Rusiyanın diplomatik mənbələri isə bildirir ki, Moskva ilə müttəfiq olan Astananın Vaşinqtonla razılaşmaları xoşagəlməz sürpriz olub.