Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilçılığı ilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, 15-20 avqust 2018-ci il tarixlərdə təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibətilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir. İştirakçıların seçim meyarları aşağıdakı kimidir:
– 18-29 yaş qrupunda olmalı;
– Azərbaycan dilində ünsiyyət bacarığı;
– Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı;
– Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.
Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.
Dövlət komitəsi bildirib ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.