Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsinə malik “Euractive” portalında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Ermənistan-Azərbaycan münaqişəsi: Davamlı sülh və əbədi müharibə arasında” adlı məqaləsi yayılıb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məqalədə deyilir: “Təəssüflə qeyd etməliyik ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sərkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan Xarici İşlər Nazirliyi gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”.
Ermənistan tərəfinin bütün vasitələrlə münaqişənin fundamental əsasını təşkil edən işğal və hərbi təcavüz məsələsinin üstündən keçməyə cəhd etdiyini yazan Hikmət Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdiyini diqqətə çatdırır. XİN rəsmisi işğal edilmiş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qaldığını və dənizə çıxışı olmayan və dağlıq relyefə malik kiçik ölkə kimi Ermənistanın hamıdan çox qonşu dövlətlərlə inteqrasiyaya ehtiyacı olduğunu bildirir. O yazır: “Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək bildirdi ki, yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyillidir”.
Hikmət Hacıyev qeyd edir: “Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərini ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək.
“Ermənistanın yeni rəhbərliyi qanunun aliliyinə və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”, - deyə Hikmət Hacıyev yazır.
XİN rəsmisi qeyd edir ki, münaqişənin mərhələli həlli ilə əlaqədar real yol xəritəsi hər kəsə, o cümlədən Ermənistana çox yaxşı bəllidir və bir qədər də illüstrativ olaraq bunu “De-occupation, De-militarization, Demining, Deployment, Dialogue, Development” elementlərindən ibarət 6D proqramı adlandırmaq olardı:
1. De-occupation (işğaldan azad etmə) – ilkin olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması;
2. Demilitarization (demilitarizasiya) – hərbçilərin geri çəkilməsi və hərbi risk amilinin aradan qaldırılması;
3. Demining (minalardan təmizləmə) – post-konflikt reabilitasiya kimi işğaldan azad olunmuş ərazilərin minalardan və partlayıcılardan təmizlənməsi, bu ərazilərdə zəruri infrastrukturun qurulması və əsas sosial xidmətlərin təmin olunması;
4. Deployment (yerləşdirmə) – azərbaycanlı məcburi köçkünlərin şərəf və ləyaqətlə və təhlükəsiz şəkildə öz doğma evlərinə qayıtması;
5. Dialogue (dialoq) – Etimad və etnik barışıq məqsədilə Ermənistan və Azərbaycan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması;
6. Development (inkişaf) – bu biri digərini tamamlayan və mərhələli addımlar regionun hərtərəfli inkişafına, Ermənistanın regional proseslərə inteqrasiyasına və davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. Qısaca olaraq desək, bu, hər kəs üçün uduşlu bir ssenaridir.
Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb məsələnin bir paketdə həll edilməsinin qeyri-mümkünlüyü yazan mətbuat xidmətinin rəhbəri sülh quruculuğu üçün edilməsi mümkün olan məsələlərin həyata keçirilməsinə dərhal başlanılmalı olduğunu diqqətə çatdırır və alternativin isə əbədi qarşıdurma və müharibə olduğunu qeyd edir.
Məqalənin sonunda Hikmət Hacıyev indi seçimin Ermənistan tərəfində olduğunu və onların hansı yolu seçəcəklərini görəcəyimizi yazır.