“İran hakimiyyəti ermənilərdən Azərbaycan və Türkiyəyə qarşı istifadə edir, ermənilərin layihələrinə dəstək verir. Xüsusilə də, qondarma erməni soyqırımını öz maraqları naminə açıq formada dəstəkləyir. Yəni, İran hakimiyyətinin Azərbaycan ərazilərini işğal edən Ermənistan və ermənilərin yanında olduğu danılmaz faktdır”.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili belə fikirləşir. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- İranda vəziyyət yenidən gərginləşib. Hakimiyyətə qarşı açıq etirazlar genişlənir. Gözləntiniz nədir?
- İran hakimiyyətinin həm xarici, həm də daxili siyasəti iflas edib. Bəlli bir qrup öz ideoloji maraqları naminə insanların şəxsi həyatlarına müdaxilə edir, ölkənin bütün sektorları onların əllərindədir, sanki insanları da əsir alıblar. Ölkənin bütün təbii sərvətlərini ələ keçirmiş hakimiyyət xarici dövlətlərdə müharibə aparır, silahlı qruplaşmaları maliyyələşdirir, terrorizmə dəstək verir. Daxili problemlərin dərinləşməsi, insanlar arasında geniş yayılmış narkomaniya, işsizlik İranı dalana dirəyib. Lakin buna baxmayaraq, İran hakimiyyəti daxili və xarici siyasətində özünü aqressor kimi apararaq, insanları və xarici dövlətləri təhdid edir. İran hakimiyyəti xalqın haqlı etirazını zorakılıqla yatırdacağını düşünür. Lakin hesab edirəm ki, dövlət vəsaitlərini xarici ölkələrə xərcləyən İran hakimiyyətinin sonunu elə bu zorakılıqlar gətirəcək.
- Proseslər hansı istiqamətə yönələcək? Müqavimət Şurasının rəhbəri Məryəm Rəcəvi bildirdi ki, qarşıdakı 6 ay ərzində İranda radikal dəyişiklər baş verəcək, hakimiyyət devriləcək.
- Müqavimət Şurası ictimai tabanı olmayan, qeyri-demokratik iyerarxiyaya malik olan bir qrupdur. Bu qurum İran – İraq müharibəsi dönəmində İraq hökumətindən alınan pullarla, böyük bizneslər hesabına qurulub. İndi həmin qurum sifarişli formada fəaliyyət göstərir. Bu baxımdan Rəcəvilərin səsləndirikləri bəyanatları ciddiyə almaq lazım deyil. İranda müxaliflərin fəallaşması, yaxud, etnik zəmində baş verən proseslər isə göstərir ki, İran hakimiyyətinin sonuna özü çıxacaq. Əgər hökumət köklü dəyişikliklərə getməsə, xüsusilə də, nüvə proqramından imtina etməsə, iqtisadiyyatın tamamilə çökməsiylə vəziyyət kəskin dəyişəcək. Xalq üsyan yolundadır.
- Gərginləşən proseslərə kənar müdaxilələr mümkündürmü? Nəzərə almaq lazımdır ki, ABŞ təzyiqləri yenidən sərtləşdirib.
- İran strateji olaraq, ABŞ qədər Rusiya üçün də əhəmiyyətli nöqtədir. Hesab edirəm ki, bu baxımdan bizi qarşıda gərgin anlar gözləyir. Bu, Güney Azərbaycan üçün tarixi fürsət ola bilər. İranda baş verəcək dəyişiklik istər demokratik, istərsə də qeyri-demokratik yolla olsun, biz bu fürsəti dəyərləndirməliyik.
- Şah ailəsinin Amerikada yaşayan üzvləri siyasi hakimiyyətə iddialıdırmı? ABŞ öz məqsədi naminə, İran hakimiyyəti əleyhinə şah ailəsinə dəstək verərmi?
- Əgər söhbət İrandan gedirsə, burada baş verən proseslər çoxşaxəli olur. Hər bölgədə baş verən prosesin istiqaməti fərqlidir və bu proseslərə şərait yaradan zəmin də fərqliliyi ilə seçilir. Lakin mən zənn etmirəm ki, yeni nəsil öz xilasını şah ailəsində axtarır. Əlbəttə, son etirazlarda şahın oğlunu müxalifət lideri kimi qabağa çəkməyə cəhd etdilər. Lakin şah ailəsini İrandan qovub çıxaran bu xalq idi. Onların xüsusilə də, Azərbaycanla bağlı planları baş tuta bilməz.
- Suriyadan sonra hədəfin İran olacağı mövzusu yenidən gündəmdədir. Sizin gözləntiniz nədir?
- Guya buralar güllük-gülüstanlıqdır, ABŞ-ın keyfi istəyəndə gəlib bu ölkələri qarışdırır. Bu, təslim olmaq deməkdir. Çünki unutmaq lazım deyil ki, İranı da, Suriyanı da diktator rejimləri idarə edir. Bu ölkələrdə baş verən qarışıqlığın səbəbi, hakim qüvvələrin demokratik tələblərə zorakılıqla cavab verməsidir. Bu da fürsət gözləyən güclərə meydan verir və bütün tərəflər xalqın maraqlarını kənara qoyaraq, öz aralarında döyüşməyə başlayırlar. İrandakı hakimiyyət də Bəşər Əsədin yolunu gedir. Əgər bu yoldan geri çəkilməsə, ağır böhran qaçılmazdır.
- Məhsa xanım, bəs Güney Azərbaycan İranda hansı siyasi qüvvənin yanındadır?
- Güney Azərbaycanın güvəndiyi yeganə qüvvə mərkəzi Təbriz olan Milli Hərəkatdır. Millət bu hərəkata güvənir. Bu hərəkat heç bir siyasi qüvvənin yanında deyil, bu, özünün müstəqil xətti olan gücdür. İranda yaşayan qeyri-fars millətlərinin maraqları da, bu baxımdan bizim maraqlarla üst-üstə düşür. Bura Azərbaycan ərazilərinə iddialı olan terror qruplaşmaları, təşkilatları daxil deyil.
- Güneydə həbslərin sayı yenidən artıb. Bu nə ilə əlaqədardır?
- İran hakimiyyəti milli fəalların Bəzz qalasına yürüşünün qarşısını almaq üçün bütün gücünü səfərbər etdi. Bu qurultayın baş tutmasının qarşısını almaq üçün milli fəalların kütləvi həbsinə başlanıldı. İndi də həbsxanada olan fəallarımıza işgəncələr verilir. Azərbaycanlıların öz torpaqlarında sülhsevər qurultayına icazə verməyən İran hakimiyyəti dünya ermənilərini Çaldırana toplayaraq, sərgi keçirmək niyyətindədir. Bu, özünü islam dövləti adlandıran İran hakimiyyətinin dindən hansı formada istifadə etdiyinin sübutudur. İran hakimiyyəti açıq formada Azərbaycan ərazilərini işğal edən ermənilərlə qardaşlıq edir.
- Bəs İranda yaşayan erməni toplumu ilə Azərbaycan türklərinin münasibətləri nə yerdədir?
- İran hakimiyyəti ermənilərdən Azərbaycan və Türkiyəyə qarşı istifadə edir, ermənilərin layihələrinə dəstək verir. Xüsusilə də, qondarma erməni soyqırımını öz maraqları naminə açıq formada dəstəkləyir. Yəni, İran hakimiyyətinin Azərbaycan ərazilərini işğal edən Ermənistan və ermənilərin yanında olduğu danılmaz faktdır.
Güneydə yaşayan soydaşlarımıza gəlincə, işğal edilmiş ərazilər – Qarabağ məsələsi bizim də ağrılı yerimizdir. Güney Azərbaycan Milli Hərəkatının prioritetlərindən biri də Qarabağdır. Bu məsələdə millətimizi maarifləndiririk. Bizim İran hakimiyyəti ilə əsas problemlərimizdən biri də onun Ermənistanı dəstəkləməsidir.
- Nəhayət, Güneydəki milli mübarizə öz məqsədinə nail ola biləcəkmi?
- Buna şübhə etmək mübarizəni inkar etmək deməkdir. Biz mübarizəni şüurlu formada aparırıq, çünki hədəfimiz bəllidir. Biz bilirik ki, İran hakimiyyəti Azərbaycanın maddi-mənəvi sərvətlərini talayır. Bunu dayandırmaq lazımdır. Azərbaycan bu mübarizədə illərdir qurbanlar verir və bunlar bizi azadlığa çatdıracaq. İndən sonra İranda hakimiyyətə gələcək istənilən siyasi – demokratik, ya qeyri-demokratik qüvvə bizi dayandıra bilməyəcək.