13 İyul 2018 17:17
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri bir çox maraqlı məqamları ilə diqqəti cəlb etdi. İlk növbədə, prezidentin NATO sammitinə dəvət edilməsi böyük hadisədir.

Teleqraf.com-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin sədri, millət vəkili Aydın Mirzəzadə belə deyib.

YAP rəsmisi qeyd edib ki, NATO dünyanın və regionun nüfuzlu dövlətlərindən biri olan Azərbaycanın prezidentini öz sammitinə çağırmaqla, ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi:

“İkincisi, NATO sammitində Azərbaycanın ərazi bütövlüyü məsələsinin qaldırılmasının dünyanın aparıcı dövlətlərinin və nüfuzlu təşkilatların Ermənistan – Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə maraq göstərdiklərini nümayiş etdirdi. Çünki bu problem təkcə Azərbaycanın yox, bütün dünyanın probleminə çevrilib.

Həmçinin, işğalçılıq siyasətini davam etdirən Ermənistan bu gün öz müttəfiqlərinə belə, ciddi problemlər yaradır. Paşinyanın atdığı addımlar göstərdi ki, bu siyasətlə irəli getmək mümkün deyil. Lakin Azərbaycana maraq göstərirlər. Azərbaycanın təşəbbüsü ilə keçirilən layihələrə qlobal dəstək verilir. 10-a qədər dövlət Azərbaycandan enerji resursları alır. Bu, Azərbaycanla yanaşı, həmin ölkələrdə yüz minlərlə iş yerinin açılması, siyasi stabilliyin olması deməkdir”.

Aydın Mirəzadə hesab edir ki, Azərbaycan prezidenti Brüsseldə olarkən, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişlərinin imzalanmasının müzakirə edilməsi, Azərbaycana olan böyük marağın nəticəsidir:

“Bu, həm Azərbaycanın, həm də Avropa İttifaqının marağında olan məsələdir. Bu, uzun illərdir yürüdülən səmərəli siyasətin nəticəsidir. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xətti Prezident İlham Əliyev uğurla davam etdirir. Bu, dünyaya xeyir verən və gələcəyə inamlı yol açan siyasətdir. Bu baxımdan, cənab prezidentin Brüssel səfərini bu uğurlu siyasətin davamı kimi qəbul etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər