Ukrayna və Suriyada baş verən gərgin proseslər dünyanın təhlükəsizliyini təhdid edir. Dünyanın iki supergücü olan ABŞ və Rusiyanın cərəyan edən hadisələrin mərkəzində yer alması isə təhlükənin çəkisini bir qədər də ağırlaşdırır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq Suriyadakı vəziyyətin dünya üçün daha ciddi gərginlik mənbəyi olduğunu düşünür:
“Hazırda ABŞ-ın Suriyada 5 hərbi bazası var. Bu baxımdan, Rusiya və ABŞ-ın Ukraynada toqquşmaq ehtimalı riskləri bir qədər də artırır. Buna görə də hesab edirəm ki, Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüş, bu risklərin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşdə Suriya və Ukrayna problemləri ətrafında ciddi müzakirələr olacaq. Bura qədər ABŞ-ın əsas niyyəti İran ordusunun Suriyadan çıxarılması, Krımın Ukraynaya qaytarılmasıyla bağlı idi. Qənaətimə görə, Putin Suriya ilə bağlı müəyyən güzəştlərə getməyə müəyyən qədər razılıq versə də, Krım məsələsi ilə bağlı mövqeyindən geri çəkilməyəcək.
Suriya məsələsinə gəlincə, Putin yalnız İran məsləsində ABŞ-a güzəştə gedə bilər. Bunu da Suriyada öz hegemonluğunu qorumaq üçün edə bilər. Hazırda İran Suriyada Rusiyaya müəyyən problemlər yaradır. Bura İsraillə münaqişə, Hizbullah və Fatiminyun silahlı qruplaşmalarına verilən dəstək daxildir”.
Məhəmməd Əsədullazadə NATO-nun Brüsseldə keçirilmiş sammitindən sonra Cənubi Qafqazın da supergüclərin diqqət mərkəzinə düşdüyünə diqqət çəkib:
“Sammitdə Gürcüstanın NATO-ya üzvlüyü məsələsinin qaldırılması, o cümlədən, ABŞ-ın Ermənistanda siyasi təsir dairəsinin genişləndiyini nəzərə alsaq, Cənubi Qafqaz supergüclərin yeni toqquşma poliqonuna çevrilə bilər. Tərəflər arasında öz neytrallığını qoruyub saxlayan Azərbaycan da bu diqqətdən kənarda deyil. Lakin bütün hallarda indiki məqamda ABŞ və Rusiyanın əsas hədəfləri – Suriya və Ukraynadır. Bu iki qlobal böhranın tezliklə həll ediləcəyini istisna edirəm”.