16 İyul 2018 18:34
3 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən politoloq Maksim Şevçenkonun Rusiya Prezident yanındakı Millətlərarası Münasibətlər Şurasından birbaşa Azərbaycan, yaxud Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv rəy verməsi və Lələ Təpəyə gəlməsinə görə çıxarıldığını düşünmürəm. Çünki Şevçenko təkcə Qarabağ münaqişəsində yox, digər məsələlərdə də obyektiv mövqe tutur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Şevçenkonun Rusiyanın parlaq ziyalılarından biri olduğunu deyən politoloq qeyd edib ki, o, Rusiyadaxili proseslərə münasibətdə də həmişə qərəzsiz çıxış edib:

“Maksim Şevçenko təkcə Münasibətlər Şurasının üzvü deyil, o həm də Prezident yanında İnsan Haqları üzrə Komissiyanın üzvü idi. Şevçenko bu ilin may ayında Rusiyada Aleksey Navalnının başçılığıyla keçirilmiş etiraz aksiyalarında polis zorakılığına qarşı bəyanat vermiş və həmin polislərin cəzalandırılmasını tələb etmişdi. Lakin bu məsələlər öz həllini tapmadığına və Rusiyada insan haqlarının ciddi şəkildə pozulmasına görə könüllü şəkildə bu şuradan çıxmışdı.

Hesab edirəm ki, Şevçenkonun bu obyektivliyi və demokratik davranışları Rusiyada bir çox adamın xoşuna gəlməmişdi. Çox güman, Putini də inandırdılar ki, Şevçenkonun bu davranışları onun nüfuzunə zərər vura bilər. Buna görə də onu bu qurumun Məşvərət Şurasına seçmədilər. Yəqin ki, Maksim Şevçenkonun bundan əvvəl könüllü şəkildə istefa verməsi və hakimiyyət əleyhinə səsləndirdiyi fikirlər Putinin özünün də xoşuna gəlməmişdi”.

Lakin Qabil Hüseynli Azərbaycanla bağlı səsləndirdiyi obyektiv fikirlərin Maksim Şevçenkonun şuradan çıxarılmasına təsir etdiyini istisna etməyib:

“Çünki ilk dəfə idi ki, Maksim Şevçenko ilə yanaşı, Aleksandr Duqin, bir sıra deputatlar və nüfuzlu ictimai-siyasi xadimlər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Hətta özlərində cəsarət tapıb və obyektivlik nümayiş etdirib təmas xəttinə getdilər. Buna görə də onlara minnətdarlıq edilməlidir.

Onlar bu tarixi səfərlə Rusiya-Azərbaycan münasibətlərində tarix yazdılar. Başqa sözlə, Maksim Şevçenko o şurada olsa da, olmasa da, öz hərəkəti ilə Azərbaycan xalqının qəlbində heykəl qoyub. Azərbaycan xalqı onu həmişə minnətdarlıq hissi ilə yad edəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının tərkibinin dəyişdirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, baş nazirin keçmiş müavini Aleksandr Xloponin və politoloq Maksim Şevçenko şuradan çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər