17 İyul 2018 20:13
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması istiqamətində işlər ötən ilin dekabrında tamamlanıb. Yalnız kiçik detallar qalmışdı. Çox güman ki, dekabrdan ötən müddət ərzində detallara da aydınlıq gətirilib və sənəd imzalanmağa tam hazırdır. Düşünürəm ki, bu, Aktauda baş tutacaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, iş ondadır ki, konvensiya ilə bağlı suallar yoxdur, ancaq sənəddə nələr olacağı, sənədin mətni ilə müəyyən suallar var:

“Yəni, burda hansı məsələlər öz əksini tapır? Bir çox məsələlərə bu suallara hələ də aydınlıq gətirilməyib. Azərbaycanla Türkmənistan arasında mübahisəli “Kəpəz-Sərdar” yatağı var. Xüsusilə, bu yatağın aqibəti necə olacaq? Bu suala birmənalı cavab vermək mümkün deyil. Ancaq düşünürəm ki, tərəflər konvensiya ilə bağlı qərar qəbul ediblərsə, Xəzərin dibinin delimitasiyası ilə bağlı da qərar qəbul olunub. Çox güman ki, burada Azərbaycanın mövqeyi üstünlük təşkil edib. Çünki Azərbaycan əzəldən Xəzər dənizinin ortaq xətt üzrə bölünməsi təklifi ilə çıxış etmişdi və bu təklif Xəzərin şimalında qəbul olunub. Rusiya-Qazaxıstan, Qazaxıstan-Azərbaycan, Azərbaycan-Rusiya arasında dənizin dibi məhz bu prinsip əsasında bölünüb”.

İ.Vəlizadənin sözlərinə görə, sonralar hər 3 ölkə təkidlə çıxış edirdilər ki, bu prinsip ümumiyyətlə bütün dənizə şimal olunmalıdır:

“Düşünürəm ki, əgər belədirsə, “Kəpəz-Sərdar” yatağının böyük bir hissəsi ilə bağlı mübahisəyə də son qoyulacaq. Belə ki, bu yatağın böyük bir hissəsi Azərbaycanın payına düşəcək. İranla Azərbaycan arasında son vaxtlar bağlanan saziş də bu məsələdə nümunə ola bilər. Çünki Azərbaycanla İran arasında da dənizin cənubunda müəyyən problemlər yaşanırdı. Burda “Araz-Alov-Şərq” platforması mövcuddur və bu platforma ilə bağlı mübahisələr vardı. Cari ilin aprelində İran Prezidenti Həsən Ruhani Azərbaycana səfər edəndən sonra artıq bu məsələyə də nöqtə qoyulub. Belə ki, bu platforma hər iki tərəfdən müştərək şəkildə istismar olunacaq. Düşünürəm ki, bu, çox gözəl nümunədir və türkmənlərin “Sərdar”, bizim “Kəpəz” adlandırdığımız yataqla bağlı bu prinsip tətbiq oluna bilər”.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Xəzəryanı dövlətlərin sammitinin avqustun 12-də Aktauda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyib. Bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər