"İyulun 3-də və 10-da Gəncədə baş verən təxribat hadisələri birmənalı olaraq Azərbaycan dövlətçiliyinə, sabitliyə və inkişafa qarşı törədilmiş cinayətdir. Görünür, ölkəmizin uğurlu və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu yürütməsi, eləcə də daxili müstəvidə sabitliyin təmini, insan hüquq və azadlıqlarının qorunması yönündə atılan addımlar, iqtisadi islahatlar bir sıra xarici antimilli dairələri yenidən narahat edir və onlar bu cür cəhdlərlə ara qarışdırmaq istəyirlər".
Bunu "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.
A.Camalqızı qeyd edib ki, xaricdən idarə olunan bəzi internet resurslarında, eləcə də sosial şəbəkələrdəki bir sıra səhifələrdə anti-Azərbaycan mövqeyi, xarici kəşfiyyat orqanlarının maraqları ifadə edilir. A.Camalqızı vurğulayıb ki, həmin internet resurslarında açıq terror çağırışları səsləndirilir, təxribat xarakterli fikirlər təbliğ olunur ki, bu da yolverilməzdir.
A.Camalqızı deyib ki, Mətbuat Şurasının media rəhbərlərinin iştirakı ilə keçirilən sonuncu toplantısında da bu məsələlər ciddi şəkildə müzakirə olunub və qeyd edilib ki, hər zaman Azərbaycan dövlətinin yanında olan, cənab Prezidentin öz çıxışlarında "köməkçilərim" adlandırdığı media nümayəndələri məsuliyyətini anlamalı və bu günlərdə xəbərçilik funksiyasından daha çox, vətənpərvərlik amilinə üstünlük verməlidirlər: "Çünki vətəndaşlıq mövqeyi bizdən bunu tələb edir. Biz Cənubi Qafqazın ən sabit ölkəsi olan Azərbaycanın xarici qüvvələrin döyüş məkanına – onların arzuladığı ikinci Suriyaya çevrilməsinə heç vaxt yol verə bilmərik. Canımız bahasına da olsa, dövlətimizin yanındayıq. Bir neçə gün öncə Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən dövlət başçısı da bildirdi ki, bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır və bunun da heç bir səmərəsi olmur. Bu gün hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri də bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir. Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanda sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər, bu məsələdə günahı olanlar mütləq şəkildə cəzalandırılacaqlar". /"Yeni Azərbaycan" qəzeti/