18 İyul 2018 21:35
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya prezidentləri arasında Helsinkidə keçirilmiş görüş dünyada təhlükəsizliyin təmin edilməsi və qlobal böhranların həll edilməsi baxımından xüsusi əhəmiyyətə malik idi. Lakin hesab etmirəm ki, Ağ Ev və Kremlin geosiyasi maraqlarının toqquşduğu dünyada sabitliyi yaxın perspektivdə təmin etmək mümkün olacaq.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, ABŞ-ın Rusiyanın sərhədlərinə yaxınlaşması, Kremlin MDB məkanını öz təsir dairəsində salmaq siyasəti, iki ölkə arasındakı böhranın dərinləşməsinə təkan verən əsas məsələlərdir:

“Bu baxımdan, prezidentlərin görüşündə müsbət nəticələr əldə olunmasa da, böhranın dərinləşməsi fonunda dialoqa getmək müsbət tendensiyanın əsasını qoya bilər. Görüşdə əsasən Suriya, İran və Ukrayna problemlərinin üzərində dayanıldı. Çünki iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasının yolu, bu problemlərin həllindən keçir. Hələlik ABŞ və Rusiya müəyyən qədər Suriya məsələsində koordinasiyalı şəkildə əməkdaşlıq edirlər. Buna görə də, görüşdə bununla bağlı razılaşmanın olduğu istisna deyil. Amma Ukrayna və İran məsələləri ətrafındakı qeyri-müəyyənlik özünü saxlayır. Rusiya Ukrayna problemində güzəştə hazır deyil və İranı da tezliklə ABŞ təslim etmək istəmir. Buna görə də, Putin görüşdə hücumçu mövqe sərgilədi və Trampa Rusiyanın güzəştə hazır olmadığını göstərdi”.

Məhəmməd Əsədullazadə hesab edir ki, bu görüş Tramp üçün uğursuz, Putin üçün isə uğurlu oldu: “Baxmayaraq ki, iki ölkənin maraqlarının toqquşduğu məsələlərdə yenə də razılıq əldə olunmadı, amma Putinin mətbuat konfransına Trampa qarşı psixoloji üstünlüklə çıxmaqla, ABŞ-da Trampa qarşı olan qüvvələrin əllərinə kartblanş vermiş oldu.

Çünki burada Trampın Putinə heyran olduğu bir daha təsdiq olundu və onun ikinci dönəm üçün prezidentlik istəyi, hesab edirəm ki, istək olaraq qalacaq. ABŞ siyasi stibleşmenti üçün bu qədər baş ağrısı verən şəxsi ikinci dəfə prezident kürsüsünə əyləşməyə qoymayacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər