30 İyul 2018 16:11
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nəinki regionda, hətta bütövlükdə dünyada insan hüquq və azadlıqlarının, o cümlədən din və vicdan azadlığının ən yüksək səviyyədə təmin olunduğu ölkədir. Çox maraqlıdır ki, Azərbaycanı dini dözümsüzlükdə və din xadimlərinə qarşı sərt davranmaqda ittiham edən bir qrup radikal ünsür bu tolerant mühitdən sui-istifadə edərək əslində özləri kimi radikalları və terrorçuları müdafiə edirlər.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, hələ bu azmış kimi üstəlik məsələni bir də siyasiləşdirərək siyasi hakimiyyəti də özlərinə görə şantaj edirlər:

“Ancaq bunu elə ibtidai formada edirlər ki, kimdən sifariş aldıqları və nə məqsədlə etdikləri çox aydın şəkildə görünür. Ona görə də nə həqiqi dindarlar, nə də cəmiyyətimizin ictimai fəal fərdləri əsla bu anti-Azərbaycan təbliğatına fikir vermirlər”.

H.Babaoğlu əlavə edib ki, son vaxtlar sosial şəbəkələrdə aktivləşən bu informasiya terrorçuları əslində ölkəmizdə fiziki terroru həyata keçirənlərin informasiya dəstəkçiləridirlər və eyni mərkəzdən idarə olunurlar:

“Hədəf Azərbaycanın milli və dövlət maraqlarıdır, hədəf ölkəmizdəki inkişaf və sabitlikdir. Ancaq bu da hələ hamısı deyil. İnformasiya terrorçularının əsas hədəflərindən biri də siyasi hakimiyyətdir. Dini məsələlərdə həmişə məzhəb kimi həssas məqamları istismar edərək, silaha çevirən radikallar siyasi məsələdə də Dağlıq Qarabağ probleminin həlli kimi həssas mövzunu silaha çevirməyə cəhd edirlər. Bu da təsadüfi deyil. Hazırda Azərbaycan iqtidarının uzunmüddətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç vaxt olmadığı qədər münbit şərtlər yaranmaqdadır. Siyasi prosesləri yaxından izləyənlər bunu yaxşı görürlər. Həmin dini radikalları gizlədən və himayə edən mərkəzlər isə bu problemin həllini əsla istəmirlər. Çünki problem həll olunarsa, onların Azərbaycana təzyiq rıçaqlarından biri əllərindən çıxar və Azərbaycanı istədikləri vaxt istədikləri kimi küncə sıxışdıra bilməzlər. Ona görə də din pərdəsi adı altında siyasi şantaj vasitəsilə aranı qarşdırmağa cəhd edirlər. Yəni əba altından zopa göstərirlər. Eyni zamanda, onların məqsədlərini ifşa edən informasiya vasitələrini xüsusi olaraq hədəfə alırlar. Yəni, fərdi qaydada ayrı-ayrı subyektləri susdurmaqla onları ifşa edən informasiya resurslarına dərs vermək istəyirlər. Ancaq Azərbaycanda bu, mümkün deyil. Çünki kütləvi şüur belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Ölkəmizdə savadlı və vətənpərvər dindarlar ordusu var ki, onlar da belə radikalların dini şüurumuzu manipulyasiya etmələrinə yol verməzlər. Ancaq əlbəttə, ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara da əsla meydan vermək olmaz.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər