Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Sülhəddin bəy, son dövrlər ABŞ-Türkiyə münasibətlərində ciddi ziddiyyətlər yaranıb. Uzun illərin müttəfiqi olan ölkələr arasında “münasibətlərdə sınma nöqtəsi” nə ilə bağlıdır?
- ABŞ-Türkiyə münasibətlərində baş verənləri anlamaq üçün, fikrimcə, dünyada gedən qlobal proseslərə diqqət etmək lazımdır. İndi dünyada yeni nizam qurulur və bu kontekstdə geopolitik qarşıdurmalar baş verir. Artıq hər bir dövlət yeni geopolitik balansda öz yerini müəyyən etməyə, daha layiqli yer tutmağa çalışır. ABŞ da köhnə düşüncə ilə hesab edir ki, yeni nizam və balansda barmağını hara tuşlasa, Türkiyə əvvəllər olduğu kimi, indi də həmin nöqtədə sakit duracaq. Amma Türkiyə əvvəlki Türkiyə deyil. Eləcə də dünya və region əvvəlki deyil. Üstəlik ABŞ-da əvvəlki ABŞ deyil. Odur ki, toqquşmalar əsasən, bununla əlaqəlidir. Həm də qlobal sistemdə Türkiyənin öz yerini müəyyən etməsi, xüsusilə regional balansda özünə yeni rol götürməsi ilə bağlıdır. Biz bunu əsasən, Suriya, İraq və İran məsələsinə münasibətdə görürük. Bu da istər-istəməz öz əksini ABŞ-la münasibətlərdə tapır. Eləcə də digər böyük oyunçularla. Bu qarşıdurma əslində Avropa Birliyi ilə müşahidə olunur. Həmçinin indi münasibətlərin sakit və yüksəlişdə olmasına baxmayaraq, Rusiya ilə də belə bir qarşıdurma müşahidə olunub. Mümkündür ki, bir müddətdən sonra tamam başqa məsələyə görə, Rusiya ilə toqquşma olsun. Bir sözlə, dünyada yeni nizam qurulur, geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Məhz bu mərhələdən sonra yeni düzən qurulacaq, burada hər kəsin yeri müəyyən olunacaq. İndi Türkiyənin özünü belə müstəqil regional oyunçu kimi aparması ABŞ-ı qane etmir, qəzəbləndirir. Baş verənlər də bundan doğur.
- ABŞ-Türkiyə qarşıdurmasında maraqlı elementlər özünü göstərir. Məsələn, ABŞ Prezidenti Donald Trampın seçkidə qələbə qazanmasında xüsusi rolu olduğu deyilən Stiven Bannon İsrail mediasına açıqlamasında Çin, İran və Türkiyəni “şeytan üçbucağı” kimi xarakterizə edib...
- Çox təəssüflər olsun ki, indi ABŞ-da hakimiyyətə bir növ dini fanatiklər gəlib. Adətən “dini fanatik” deyəndə bunu əsasən islam dünyasında axtarırlar. Amma yəhudilikdə, xristianlıqda, buddizmdə də dini fanatik cərəyanlar, axınlar, təriqətlər hər zaman olub və bu gün də var. Bu gün ABŞ-da belə dini fanatiklərin bir qrupu hakimiyyətə gəlib. Söhbət yevangelist qrupdan gedir. Yevangelist, neo-konservativ qrup artıq ABŞ siyasətini müəyyən edir. ABŞ siyasətinin əsasları və prinsiplərinin müəyyən edilməsində bəzən dini amil həlledici rol oynayır. Onların gələcək dünya haqqında təsəvvürləri var. Dünyanı öz təsəvvürlərində olduğu kimi qurmaq istəyirlər. Yeni düzəndə, nizam quruculuğunda ABŞ adı çəkilən 3 dövləti özlərinə rəqib görür. Görünür, artıq onlar Rusiyanı rəqib kimi görmür. Bu da son dövrlər Rusiya ilə həm İsrail, həm də ABŞ-ın apardığı danışıqlarla bağlıdır. Böyük ölçüdə onlar düşünürlər ki, yeni nizam quruculuğu ilə bağlı Rusiya ilə dil tapa biləcəklər. Görünür adı çəkilən üç ölkə ABŞ-dakı yevangelist, neo-konservativ qrupun yeni dünya düzəni ilə tərs düşən dövlətlərdir və bu səbəbdən onlar hədəf göstərilir.
- ABŞ hansı səbəblərdən Türkiyədə həbs edilən rahib Endryü Branson məsələsini qabarıq formada qaldırılır. Nədən bir şəxsə görə az qala Türkiyə ilə münasibətlərə son qoymağa hazırlaşır?
- Ümumi səbəbləri yuxarıda qeyd etdik. Xüsusi səbəblər odur ki, ABŞ-da 60 milyon yevangelist var. Onlar Trampın əsas seçki bazası hesab olunur. Rahib Buronson da Pompeo, Pence, maliyyə naziri kimi eyni kilsəyə, yəni yevangelist kilsəyə məxsusdur. Bu məsələdə dini və siyasi amil əsas rol oynayır. Noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Nümayəndələr palatası tam tərkibdə, Sentın isə üçdə birinin dəyişməsi gözlənilir. Bu baxımdan seçki öncəsi Tramp administrasiyası özünün yevangelist bazasına verdiyi vədə əməl etmək istəyir. Xüsusilə, seçkiqabağı rahib Branson məsələsi siyasi rəhbərlikdə qıcıq yaradır. Əgər seçkilərə qədər rahib Branson azad edilməsə, seçicilərin bir qismi ABŞ-ın indiki hakimiyyətindən üz döndərə bilər.
İkincisi, Türkiyə mediası və mütəxəssislərinin dediyinə əsaslansaq, rahib Branson əslində Mərkəzi Kəşfiyyat Xidmətinin (MKİ) əməkdaşıdır. Onun FETÖ və PKK ilə əlaqələri olub. Üstəlik rahib ABŞ-ın Türkiyədəki “qara qutu”larından biri hesab olunur. ABŞ-da narahatdırlar ki, Branson uzunmüddətli həbs alarsa, danışa bilər. Beləcə, ABŞ-ın Türkiyədə apardığı kəşfiyyat əməliyyatı işləri ifşa oluna bilər.
- ABŞ hökumətinin Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı Maqnitski qanununu tətbiq etməsi qərarını necə qiymətləndirmək olar?
- ABŞ bu məsələdə özünü kabadayı kimi aparır, pressinqlər edir və düşünür ki, Türkiyə geri çəkiləcək. Və Tramp da əda ilə qələbəsini seçiciləri ilə qeyd edəcək. Amma ABŞ yanılır. 15 iyul 2016-cı ildə Türkiyə öz gücünü göstərdi. Türkiyədə milli birliyin hakim olduğu, anti-Amerika əhval-ruhiyyəsinin yüksəldiyi bir vaxtda, bu qərar türk xalqının sıx brləşməsinə və hakimiyyətə dəstəyin daha da artmasına gətirib çıxaracaq. Hesab edirəm ki, Türkiyə bu sanksiyaya da qarşılıq verəcək.
- Münasibətlərin bu həddə olması və getdikcə pisləşməsi halında Türkiyənin itkiləri və qazancı nə olacaq?
- Burada Türkiyədən asılı bir şey yoxdur. Ona qalsa, gərək Türkiyə bu günə qədər apardığı ləyaqətli, prinsipial siyasətindən geri çəkilsin, təslim olsun. Əvvəlki dövrdə olduğu kimi ABŞ-ın dominantlığını qəbul etsin. Mən Türkiyənin buna gedəcəyini düşünmürəm. Təbii ki, Türkiyə ABŞ-la eyni çəkidə olan dövlət deyil. ABŞ qlobal, Türkiyə regional gücdür. Türkiyə regionda oyun quran dövlət olmasa da, oyun pozucu dövlətlərdən biridir. Ən başlıcası Türkiyə ləyaqətli siyasət aparır. Hazırda Türkiyədə milli birliyin yüksəlişi dövr yaşanır. Hakimiyyət də şəxsiyyətli, prinsipial siyasət aparır. Mən Türkiyənin geri çəkiləcəyini düşünmürəm. Amma aydındır ki, bunun müəyyən bədəli olacaq. Türkiyə hakimiyyətinin ilkin açıqlamaları göstərir ki, Ankara bu hesabı ödəməyə hazırdır. Bilirsinizmi, dünyanın harasında olmasından asılı olmayaraq, müstəqil siyasət aparmaq həm də qurban tələb edir. Bu hesabı ödəməyə hazır olanlar müstəqil və suveren dövlət olur. Bu hesabı ödəməyə hazır olmayan dövlət isə asılı vəziyyətə düşməyə məhkumdur. Türkiyə uzun illərdən sonra özünün müstəqil, suveren və milli dövlətini qurmaq istəyir. Mənim şəxsi fikrimcə, belə bir həmlə ilk dəfə Atatürkün zamanında olub. İndi isə Türkiyə tarixində ikinci dəfədir ki, sözün əsl mənasında müstəqil, suveren və milli dövlət qurmağa çalışılır.
- Türkiyədə iqtisadi və maliyyə böhranının baş vermə ehtimalı nə dərəcə realdır?
- Məncə, Türkiyənin dirənişi bir müddət davam etsə, sonda ABŞ fikrindən daşınacaq. Prinsipcə, Trampın siyasəti aydındır. Şimali Koreyanı hədələdi və birdən danışıqlar masasına əyləşdi. İranı hədələyir və qəfil qeyri-şərtsiz danışıq təklif edir. Nədən Türkiyə ilə bağlı da bu, baş verməsin? Məncə, Türkiyə regionda vaz keçilməz bir dövlətdir. Xüsusilə, İran məsələsinin gündəmdə olduğu dövrdə. Baxmayaraq ki, mətbuat bu məsələyə toxunmur, ancaq reallıqda Türkiyə və Rusiya arasında Qara dənizdə ciddi qarşıdurma yaşanır. Üstəlik Çin təhlükəsi böyüyə-böyüyə gedir. Belə bir mərhələdə ABŞ-ın Türkiyəyə qarşı addım ataraq onun iqtisadiyyatını hədəf götürəcəyinə inanmıram. Sonda ABŞ Türkiyəyə danışıqlar təklif edəcək.