28 Avqust 2018 10:16
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya münaqişənin dinc yolla və Azərbaycanın maraqları çərçivəsində həllində maraqlıdır. Çünki Almaniyanın Azərbaycanda həm geosiyasi, həm də iqtisadi maraqları var”.

Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Hakimiyyət dəyişikliyindən sonra Ermənistanda yaranmış siyasi vəziyyət, sizcə, Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə hansı təsiri göstərə bilər?

- Ermənistandakı siyasi böhran davam edir və bu, mövcud hakimiyyətdən də yan keçmir. Yeni Baş nazir Nikol Paşinyan uçruma yuvarlanan Ermənistanı saxlaya bilmir. Əksinə, Paşinyan ağır vəziyyətdə olan ölkəni bir qədər də gərginləşdirir. Onun daxili və xarici siyasətindəki səhvləri, sərt ritorikası Ermənistana baha başa gələ bilər.

Ermənistanın Rusiyadan asılılığı Paşinyana öz planlarını həyata keçirməyə imkan vermədi. Buna görə də, Paşinyanın Rusiyanın daxildəki nüfuzunu zəiflətmək cəhdləri siyasi böhrana gətirib çıxaracaq. Əlbəttə, belə bir vəziyyət Qarabağ məsələsinin həll prosesini uzada bilər.

- Bəs, keçmiş prezident Rober Köçəryan, yaxud vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”na qarşı hücuma keçən Paşinyanın əsas hədəfi nədir?

- Köçəryan keçmiş prezident Levon Ter-Petrosyanı istefaya məcbur etdikdən sonra “Qarabağ klanı”, yəni Qarabağ erməniləri Ermənistanda hakimiyyəti ələ keçirdilər. Onun özü də hakimiyyətdən getdikdən sonra bu klan Serj Sərkisyan vasitəsilə öz iqtidarını qorudu. Əlbəttə, bu, Ermənistan ermənilərinin xoşuna gəlmədi. Sərkisyanı devirdikdən sonra Paşinyan “Qarabağ klanı”nı zəiflətməyə çalışdı, amma bu planını sona çatdıra bilmədi.

Paşinyanın bu plan çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı həmləsi Rusiyanın xoşuna gəlmədi və buna görə ona Moskvadan sərt xəbərdarlıq edildi. Son nəticədə o, Xaçaturovla yanaşı Köçəryanı da azad etməyə məcbur oldu.

Şübhəsiz ki, Köçəryanın azad edilməsi birbaşa Moskvanın tələbi ilə baş tutdu. Görünən budur ki, Moskva öz adamlarını sonadək qoruyur və Paşinyanın hakimiyyəti onların əllərindən almaq cəhdlərinə qarşı ciddi müqavimət göstərir.

- Ermənistan baş nazirinin ona qarşı yönəlmiş addımlarına Rusiya hansı cavabı verə bilər?

- Heç kəsə sir deyil ki, Ermənistan Rusiyanın asılılığındadır və bu ölkənin rəhbərliyi Moskvada müəyyən edilir. Bütün dövlərdə Ermənistanın siyasi hakimiyyəti Rusiyanın təlimatlarını yerinəm yetirib. Buna görə də, Qərbyönümlü Paşinyanın Serj Sərkisyanı devirməsi Rusiyanın maraqlarına zidd idi. Lakin Rusiya bir müddət Paşinyanın davranışlarını sakit izlədi, son günlərdə isə hərəkətə keçib və Qərbyönümlü baş nazirin verdiyi qərarları redaktə etməyə başlayıb.

Bu baxımdan hesab etmək olar ki, Moskva “Qarabağ klanı”nı Paşinyana qarşı yenidən siyasi meydana çıxaracaq. Köçəryan, yaxud Sərkisyan hakimiyyətə qarşı başlayan hərəkatın lokomitivi ola bilər.

Əlbəttə, Paşinyan da sakit dayanmır. Qərb, yaxud ABŞ-la siyasi təmaslarını sıxlaşdırır. O, NATO-nun Brüssel sammitində özünü göstərməyə çalışdı. Lakin Paşinyan od və su arasındadır. Bir tərəfdə Ermənistana havadarlıq edən və dəstək verən Rusiya, digər yanda isə Rusiyaya qarşı olan Qərb var. Eyni zamanda, Ermənistan daxilində də ictimai-siyasi vəziyyət sabit deyil. Buna görə də o, xarici siyasi kursunu müəyyən etmək üçün daxildəki gərginliyi aradan qaldırmağa çalışır. Xarici təzyiqlər isə buna imkan vermir.

- Məlum oldu ki, Paşinyan sabit siyasi komanda formalaşdırmadan, yaxud “Qarabağ klanı”nı neytrallaşdırmadan Qarabağ məsələsinin həllində də irəliləyiş olmayacaq. Bu durğunluq fonunda prosesi aktiv fazaya keçirmək üçün ATƏT-in Minsk qrupu hansı addımları ata bilər?

- 24 ildir Qarabağ məsələsi ilə məşğul olan Minsk qrupu bu illər ərzində ancaq nəzəri addımlar atmaqla, yaxud quru bəyanatlar səsləndirməklə yadda qaldı. Bu səbəbdən Qarabağ münaqişəsi “ölü nöqtə”dən tərpənmir. Minsk qrupuna olan etimad tamamilə azalıb. Həmsədrlər inamsızlıq yaradırlar. Buna görə də, prosesi aktivləşdirmək üçün formatda dəyişiklik etmək lazımdır.

Rusiya, Fransa və ABŞ-la yanaşı, digər dövlətlərin nümayəndələrini də qrupa cəlb etmək olar. Məsələn, münaqişəyə obyektiv qiymət verən Türkiyənin Minsk qrupuna daxil edilməsi münaqişənin həllində dönüş yarada bilər.

- Bəs, Kansler Angela Merkelin Cənubi Qafqaza səfərindən sonra Almaniya fəallıq göstərə bilərmi?

- Hesab edirəm ki, Almaniya münaqişənin dinc yolla və obyektiv həllində maraqlıdır. Çünki Almaniyanın Azərbaycanda həm geosiyasi, həm də iqtisadi maraqları var. Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Mərkəzi Asiyaya çıxışı, Əfqanıstandakı NATO birliklərinə verdiyi logistic dəstək, Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsi ilə İranla nəqliyyat əlaqəsi və Fars körfəzinə rahat çıxış imkanları Azərbaycana olan marağı daha da artırır.

Bundan əlavə, Avropanın enerji bazarının şaxələndirilməsində Cənub Qaz Dəhlizi və Trans-Xəzər boru kəmərlərinin böyük rolu olacaq. Bu, Almaniyaya da əlavə dividentlər qazandıra bilər.

Digər yandan, alman şirkətlərin Azərbaycanda sərmayələri var və müharibə şəraitində bu səmayənin batması Almaniyanın maraqlarına uyğun deyil. Buna görə də, Almaniya münaqişənin tezliklə həllində maraqlıdır. Lakin Rusiyanın münaqişənin mərkəzində ələ aldığı rol Almaniyanın prosesə giriş imkanlarını məhdudlaşdırır.

- Son zamanlar Almaniya və Rusiya arasında yaxınlaşma hiss olunur. Bir müddət əvvəl Merkel Prezident Vladimir Putinlə görüşdü. Digər yandan, Türkiyəyə qarşı münasibətini yumuşaldan Almaniyanın İrana da loyal münasibətləri var. Sizcə, bu yaxınlaşma bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə rəvac verə bilərmi?

- Almaniya ABŞ-ın İran, Türkiyə və Rusiyaya qarşı sanksiyalarına açıq formada etiraz edərək, müstəqil oyunçu olduğunu və iqtisadi tərəfdaşları ilə münasibətlərini qorumaqda maraqlı olduğunu göstərdi. Merkelin Qafqaz gəlməmişdən əvvəl Putinlə görüşməsi də bunu göstərdi. Yəni, Merkel başa salmaq istədi ki, Almaniyanın öz dəsti-xətti, siyasi-iqtisadi maraqları var və bunu nə ABŞ, nə də Donald Tramp müəyyən edir...

Lakin qeyd etdiyim kimi, Qarabağ məsəsləsini Almaniyanın ATƏT-in Minsk qrupuna daxil olmasıyla Rusiya ilə razılaşdırmaqla həll etmək mümkün ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər