7 Sentyabr 2018 20:57
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Əfqanıstanda təhlükəsizlik və sabitliyin əldə olunmasına öz töhfəsini verməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ölkəsinin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Bakıdakı diplomatik missiyasını başa vuran səfir Azərbaycanın Əfqanıstanda sülhməramlıların sayını artırdığını xüsusi qeyd edib:

"Mən Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişafına şahid oldum. 2017-ci ildə Bakıda Azərbaycanla Əfqanıstan arasında, xüsusilə də iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində beş sənəd imzalanıb".

Diplomat xatırladıb ki, bu il Azərbaycanda Əfqanıstan üzrə işçi qrupunun iclası keçirilib və bu, ölkəsinin təhlükəsizliyinə böyük töhfə verir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib ki, iki ölkə arasındakı münasibətlər dostluq və qardaşlığa əsaslanır.

Nazir müavini qeyd edib ki, Əfqanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir:

"Bütün bunlar münasibətlərimizə xüsusi əhəmiyyət verir".

R.Həsənov həmçinin Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi münasibətlərə xüsusi təkan verəcək:

"Azərbaycan Əfqanıstanın bərpasına öz töhfəsini verməyə davam edir. Bu gün Əfqanıstanda Azərbaycan sülhməramlılarının sayı 120-yə çatıb. Əlaqələrimizin daha da inkişafı üçün böyük potensialımız var".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər