Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı sərsəmləməsinin nə siyasi, nə də hüquqi əsası var. Ona sadəcə olaraq, piar lazımdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Deputatın fikrincə, Nikol Paşinyanın bəyanatı Azərbaycana Qarabağ məsələsinin başqa yollarla həll etməyə əsas verir: “Buna bizim gücümüz də çatar. Aprel döyüşləri sübut elədi ki, Azərbaycan bu problemi qısa müddətdə həll edə bilər. Paşinyan Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edirsə, o zaman onu tanıyıb Ermənistana birləşdirsin. Bunu edə bilmirsə, boş-boş bəyanatlar verməyin mənası yoxdur".
Musa Quliyev hesab edir ki Paşinyanın bu bəyanatından ATƏT-in Minsk qrupu narahat olmalı və öz mövqeyini bildirməlidir: “Həmsədr dövlətlər Azərbaycan tərəfindən dəfələrlə xahiş ediblər ki, münaqişəni başqa yolla deyil, sülh danışıqları ilə həll edək. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti və xalqı beynəlxalq hüquqa və öhdəliklərimizə hörmət edərək ATƏT-in Minsk qrupuna bu imkanları yaradırsa, gərək həmsədrlər də adekvat cavab verib əllərinin dalı ilə Nikol Paşinyanın ağzına vurardılar ki, otur, öz işinlə məşğul ol, bu, sənin həll edəcəyin məsələ deyil. Ancaq bu bəyanatların bir neçə dəfə təkrarlanması Azərbaycan ordusuna əsas verəcək ki, Paşinyanın ağzına öz hərbçilərimiz əllərinin arxası ilə vursun”.