Bakı şəhərinin daşnak-bolşevik hərbi qüvvələrindən azad edilməsi həmin dövr dünya siyasətində baş verən ən mühüm hadisələrdən biridir. Bakının azad olunması 1918-ci il mayın 28-də elan edilən Azərbaycanın istiqlaliyyəti qədər vacib idi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova deyib.
Onun sözlərinə görə, diplomatik səylərlə Bakını azad eləmək mümkün deyildi: “Məhəmməd Əmin Rəsulzadə İstanbul konfransına yola düşmüşdü, bütün diplomatik görüşlərdən sonra belə qənaətə gəlmişdi ki, heç bir diplomatik yolla Bakını azad eləmək olmur. Bakı məsələsinə əyalət səviyyəsində, lokal baxmaq olmaz, bu, beynəlxalq məsələyə çevrilmişdi.
Buna Cənubi Qafqaz, yaxud Azərbaycan səviyyəsində yanaşmaq doğru deyil. Bakı həm geostrateji mövqeyinə, həm də təbii sərvətlərinə görə çox mühüm bir statusa malik idi. Sovet Rusiyası Almaniya ilə Bakı məsələsində gizli sövdələşməyə getmişdi. Sovet Rusiyasının Bakı neftinin dörddə birini almanlara verməsi şərtilə Almaniya Osmanlı qüvvələrinin Bakıya doğru irəliləməsinin qarşısını almalı idi.
Rəsulzadənin dediyi kimi bütün düşmənləri fakt qarşısında qoymaq lazım idi. Bakısız Azərbaycan, faktiki olaraq, Azərbaycan dövlətinin mövcud olmaması demək idi”.
Firdovsiyyə Əhmədova qeyd edib ki, Bakı zəfəri həm də formalaşmaqda olan müstəqil Azərbaycan ordusunun ilk zəfərlərindən biri kimi tarixə düşüb: “Bakının daşnak- bolşevik hərbi qüvvələrindən azad edilməsi uğrunda Qafqaz İslam Ordusunun tərkibində həm də Azərbaycan hərbi hissələri iştirak edirdi.
Azərbaycan ordusu Bakı uğrunda savaşa-savaşa formalaşırdı. Sentyabrın 14-dən 15-ə keçən gecə 36 saatlıq döyüş Bakının azad olunması ilə nəticələndi. Hərbi baxımdan son dərəcədə mükəmməl hazırlanmış hərbi-taktiki plan və təmin olunmuş şərtlər Bakının azad olunmasını gerçəkləşdirdi”.