“ABŞ Eduard Snouden hadisəsini unutmayıb və onun əvəzini Köçəryan, yaxud Xaçaturovla çıxa bilər. Odur ki, bu məsələdə Putinin Ermənistana planlaşdırılan səfəri hər şeyə nöqtə qoya bilər”.
Politoloq Nəzakət Məmmədova belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Hazırda Rusiya və Qərbin Azərbaycanla münasibətlərində hər hansı ciddi problem müşahidə olunmur. Hesab etmək olarmı ki, rəsmi Bakının yürütdüyü balans siyasəti ayrı-ayrı siyasi qütbləri də qane edir?
- Bəli, həm Qərb, həm Rusiya Azərbaycanının mövqeyini nəzərə alır. Çünki onların Azərbaycana ehtiyacı var. Bizim həm Rusiyadan, həm Qərbdən gözlədiyimiz ən əsas məsələ Qarabağ münaqisəsinin ədalətli həllinə dəstək vermələridir. Qalan bir çox məsələlərdə Rusiya və Qərbin bizdən asılılığı daha böyükdür. İstər geosiyasi baxımdan, istərsə də qonşu bölgələrdəki beynəlxalq qüvvələrə logistik dəstək, Şərq və Qərb, Şimal və Cənub arasında nəqliyyat-kommunikasiya xəttlərini birləşdirən ölkə kimi, istərsə də enerji ilə təminat və sair baxımdan Azərbaycan Şərq üçün Qərbə, Qərb üçünsə Şərqə açılan qapıdır. Ölkə rəhbərliyi də bu üstün xüsusiyyətləri gözəl bildiyinə görə, bundan məharətlə istifadə edərək, geostrateji hədəfləri doğru seçərək, bu hədəfə doğru inamla irəliləyir. Bunun nəticəsində biz görürük ki, istər böyük dövlətlər, istər beynəlxalq güclər Azərbaycana təzyiq göstərə bilmirlər. Azərbaycan müstəqil xarici siyasət yeridən azad ölkədir.
- Digər yandan, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi hələ də Rusiyanın gündəmindən düşmək bilmir. Qərb isə Azərbaycanın NATO-ya inteqrasiya xəttinə dəstək verir. Sizcə, Azərbaycanın seçimi hansı olmalıdır, hansı blok Azərbaycanın maraqlarına daha uyğundur?
- Şübhəsiz ki, həm Rusiya Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatına, həm Qərb NATO-ya mümkün qədər çox üzv dövlətlər cəlb edib bununla öz nüfuz dairələrini genişləndirmək planları qururlar. Azərbaycan kimi unikal geosiyasi mövqeyi olan ölkə bu təşkilatların nəzərindədir və biz zaman-zaman ölkəmizə üzvlük təkliflərinin gəldiyini də bilirik.
Azərbaycan vaxtilə KTMT-yə üzv oldu. Lakin sonradan Ermənistanın işğal faktına digər üzv ölkələrin laqeyd yanaşmasına, işğalçıya lazımi hüquqi-siyasi qiymətin verilməməsinə görə məyusluq yaşayaraq təşkilatdan çıxdı. NATO-ya üzvlük zamanı isə alyansın nizamnaməsində namizəd ölkənin ərazisində münaqişələrin olmaması əsas şərtlərdən biridir. Bu baxımdan, bir sıra keçmiş sovet respublikalarının ərazisində ərazi mübahisələri var ki, bu da onların NATO-ya üzvlük yolunu bağlayır. Azərbaycanın isə belə bir planı yoxdur.
Məlumdur ki, ölkəmiz Qoşulmama Hərəkatının üzvüdür. İndiki dövrdə bu doğru seçimdir. Çünki əgər beynəlxalq siyasi dairələr, böyük dövlətlər münaqişəni həll etmək istəsələr NATO və KTMT üzvü olmadan da edə bilərlər. NATO-ya, KTMT-yə üzv deyilik, amma ondan mötəbər olan BMT kimi bir təşkilata üzvük. Niyə həmin aparıcı dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nəzarət etmirlər?! Axı, ATƏT-in Minsk Qrupu həmsədrləri eyni zamanda, Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bununla onlar öz imzaları ilə qəbul etdikləri qətnamələrə hörmətsizlik edirlər.
Reallıq budur ki, dünya siyasətini faktiki 5-6 dövlət öz istədikləri, özlərinə sərf edən şəkildə manipulyasiya edir. Əgər onların maraqları üst-üstə düşərsə, yaxud fikir ayrılığı yaranan zaman biri digərini qəti səkildə üstələyib iradəsini ortaya qoyarsa, münaqişə həll olunur. Əks halda Qarabağ məsələsində olduğu kimi, digər münaqişələrin həlli də onilliklərlə uzanır. Beynəlxalq təşkilatlar və böyük dövlətlər özləri də regionda möhkəmlənmək üçün Ermənistan və Azərbaycanı işğalçı-işğala məruz qalan kimi fərq qoymadan eyni tərəziyə qoyur. Bu baxımdan, bu dövlətlərin hegemonluq etdiyi təşkilatlara üzv olmağın mənası qalmır. Zarafatla deyilmiş belə bir fikir var, “beynəlxalq münasibətlərdə bütün dövlətlər bərabərdir, lakin bəziləri daha bərabərdir”. Odur ki, daha bərabərlərin hegemonluq etdiyi siyasətdən ədalət gözləmək müşkül məsələdir. Ədalət bizim gücümüzdədir. Nə qədər güclü olsaq, bir o qədər də haqqımızı təmin edə bilərik.
- Fikrinizin davamı olaraq qeyd edim ki, bir müddət əvvəl ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət “Şok qrupu” yaratmağa cəhd etməsi ilə bağlı Rusiyadan xəbərdarlıq edilmişdi. Sizcə, bu nə dərəcədə realdır?
- Birləşmiş Ştatların belə bir planının olmasını ehtimal etmək çətin deyil. Belə bir plan Rusiyanın da, Avropa İttifaqının da, İranın da və bölgəyə nəzarəti ələ keçirmək istəyən istənilən böyük dövlətin, təşkilatın da var. Burada yeni bir yanaşma yoxdur. Cənubi Qafqazda hegemonluğa, yaxud əməkdaşlığa can atan istənilən xarici güc bölgəyə nəzarəti bütöv halda ələ almaq istəyir. Çünki bu bölgə parçalanmış halda yox , vahid, bütöv halda daha əlverişlidir.
İran da, Rusiya da, Türkiyə də əsrlər boyu Cənubi Qafqaza bütöv nəzarət etmək uğrunda amansız savaşlar aparıblar. Rusiya hazırda yenə də burada öz mövqelərini qaytarmağa çalışır, baxmayaraq ki, Gürcüstanın ardınca Ermənistan da ona tabe olmaqdan imtina edir. Azərbaycan isə öz müstəqil siyasətindən geri dönmür. Avropa İttifaqı da regionu bütöv şəkildə öz nüfuz dairəsinə keçirmək üçün onlarla tərəfdaşlıq sazişləri imzalayır. Avropa İttifaqı ABŞ və Rusiyadan fərqli olaraq hərbi güc, təzyiqlərlə yox, maliyyə vasitəsilə, müxtəlif humanitar, sosial-iqtisadi inkişaf proqramları adı altında bölgəni ekspansiya etməyə çalışır. İndiyədək ittifaq tərəfindən hökumətlərə, QHT-lərə yüz milyonlarla maddi vəsait ayrılıb. Hətta, biz Avropanın Türkiyə və İranı da regiona inteqrasiyasına çalışdığını müşahidə etmişik. Türkiyə-Ermənistan sərhədlərinin açılması planı, “Sürix protokolları” da bu planın bir hissəsi idi. Avropa İttifaqının komunikasiyaların bərpası məqsədilə Ermənistanla Azərbaycan və Türkiyənin sərhədlərinin açılması tələbi də, regiona tam şəkildə nəzarət planından xəbər verir.
- Ermənistandan söz düşmüşkən, bu ölkədə qiyam yoluyla hakimiyyət dəyişikliyi baş verəndə Rusiya susqunluq nümayiş etdirdi. Əgər, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan Qərbin adamı idisə, Rusiya niyə onun hakimiyyətə gəlməsinə mane olmadı, ən az buna cəhd etmədi?
- Rusiya buna qədər Ukraynada eyni ssenari üzrə baş verən vəziyyətlə üzləşmişdi, Suriyada da oxşar situasiyada Əsədi hakimiyyətdə saxlamaq üçün böyük bir savaşın içərisinə daxil oldu. Avropa ilə casus qalmaqalı baş vermişdi, bir sıra Avropa ölkələrində və ABŞ-da kibercinayətkarlıq yolu ilə seçkilərə müdaxilə etməklə radikal qüvvələri hakimiyyətə gətirməkdə ittiham olunurdu və sair. Yəqin ki, belə bir şəraitdə Prezident Putin daha təmkinli davranış nümayiş etdirməyə çalışaraq, cənub sərhədlərində yeni bir cəbhə açmaq istəmədi. Eyni zamanda, bu ölkədə güclü hərbi bazası və çoxsaylı hərbi kontingenti olduğunna görə, Rusiya hər hansı xarici qüvvələrin onu Ermənistandan asanlıqla çıxarmayacağını bilir və özünə güvənir. Bu, həm də Paşinyanı ciddi, təhlükəli siyasətçi kimi qəbul etməməklə bağlı ola bilər.
Üstəgəl, Ermənistanda baş nazir parlamentdə seçilir, patlamentdəki çoxluq isə rusiyayönümlü Respublika Partiyasının üzvləridir. Parlamentin razılığı olmadan baş nazir seçilə bilməz. Odur ki, Ermənistanda hakimiyyətə gəlməyin bütün yolları Moskvadan keçir. Rusiya da bunu bilir və buna görə də təmkinli davrandı. Lakin biz indi artıq bu təmkinin getdikcə itdiyini və vəziyyətin ciddiləşdiyini görürük. Paşinyanın son Rusiya səfəri də bunun parlaq təzahürü idi.
- Rusiya isə digər yandan, ciddi-cəhdlə cinayət törətməkdə ittiham edilən keçmiş prezident Robert Köçəryanı müdafiə edir. Bəs bu dəstəyin kökündə dayanan əsas faktor nədir? Köçəryanın hakimiyyətdə olarkən Moskvanın təlimatı ilə hərəkət etdiyi iddiası vardı. Sizcə, Köçəryanda Moskvaya dair hansı faktklar ola bilər ki, bunun üzə çıxarılmasını istəmirlər?
- Köçəryana dəstəyin əsas səbəbi budur ki, Putin öz sadiq adamlarını qoruyur. Bu, onun keçmiş bir zabit, hərbçi kimi “mundir şərəfi” anlayışına uyğundur. Yəni, öz agentini, əlaltısını bada vermək onun hərbçi təfəkkürünə ziddir. Ruslar monqol istilalarından bəri savaşların içərisində olmuş, iki dünya müharibəsi görmüş xalqdır. Onlara yardım edən şəxsləri yarıyolda qoymaq, müttəfiqləri itirmək müharibəni uduzmaq deməkdir. Bu, həm də onlara dünyada olan inamı və rəğbəti sarsıda bilər. Biz Rusiya tarixinə baxanda həmişə bunu görürük ki, onlara xidmət etmiş, sadiq insanları nəyin bahasına olursa-olsun, həmişə qoruyublar. Yeri gələndə həbsdən qaçırıb, böyük pullar hesabına təhlükəsizliyini təmin edib, Moskvaya gətirib qoruyublar. Xüsusilə də, xaricdə Rusiya kəşfiyyatı ilə konfidensial əməkdaşlıq edən şəxslər həmişə xüsusi olaraq mühafizə olunub. Putin də xüsusi xidmət orqanından gəlmiş insan olduğu üçün dövlətçiliyə bu cür yanaşır.
Böyük ambisiyası olan dövlətlər üçün bu, adi haldır. ABŞ, İngiltərə, Fransa - hamısı belə edir. Çünki öz qlobal və ən az regional maraqlarını həyata keçirmək üçün onlara sadiq, loyal insanlar lazım olur. ABŞ və digər Avropa ölkələri də FETÖ üzvlərini qoruyur, baxmayaraq ki, Türkiyə onları cinayətə cəlb etmək istəyir. Çünki 15 iyul çevriliş cəhdini bir yerdə hazırladıqları barədə iddialar var. Yəni, Köçəryan da bu qəbildən olan şəxsdir. Onun Moskvanın təlimatına əsasən, çevrilişə cəhd etməyəcəyinə kimsə zəmanət verə bilməz.
Qorbaçovdan Putinə qədər olan prezidentlərin hamısı Qərbin diktəsi ilə Rusiyaya sadiq insanları ələ verdilər, onlara arxa durmadılar. Nəticədə Nəcibullanın, Səddamın, Qəddafinin Qərb xüsusi xidmət orqanları tərəfindən öldürülməsilə rusların Yaxın və Orta Şərqdə, Şimali Afrikada mövqelərini zəiflədi. Rusiyanı orada saxlayan o adamlar idi. Eynilə, Ermənistanda da Köçəryan, Serj Sərkisyan, Xaçaturov kimi adamlar həbsə məhkum olunsa, bu, Rusiya üçün böyük zərbə olacaq. Eyni zamanda, o şəxslər çox böyük dövlət sirlərinin daşıyıcılarıdır və onların həbsdə qalması təhlükəlidir. İstintaq altında olarkən onların Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyəcəyinə heç kəs zəmanət verə bilməz. Çünki satqın insanlar həmişə qorxaq, iradəsiz olurlar. Xain xoflu olar.
Rza Zərrabın ABŞ-da məhkəmədə verdiyi ifadələr buna bir misaldır. Bu baxımdan, Rusiya onları istintaqdan qurtarmaqla təcrid etməyə çalışır. Burada artıq ABŞ və Rusiya arasında tək geosiyasi yox, həm də dövlətlərarası sirlərin daşıyıcısı olan səxsləri bir-birinə verməmək uğrunda mübarizə gedir. ABŞ Eduard Snouden hadisəsini unutmayıb və onun əvəzini Köçəryan, yaxud Xaçaturovla çıxa bilər. Odur ki, bu məsələdə Putinin Ermənistana naməlum tarixdə planlaşdırılan səfəri hər şeyə nöqtə qoya bilər.