21 Sentyabr 2018 23:40
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın diaspor naziri Mxitar Ayrapetyan Suriyaya getməsi təhlükəli simptomlardan xəbər verir. Bundan öncə təxminən 45 erməni mənşəli Suriya vətəndaşı Cəbrayıl rayonu ərazisinə yerləşdirilmişdi, onların bir qismi geri qayıtsa da, məskunlaşma prosesi davam etdirilir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənistan mediasında açıq şəkildə ermənilərin Suriyadan hamısı ,Livandan isə bir qisminin işğal altında olan Azərbaycan torpaqlarında yerləşdiriləcəyinə dair yazılar dərc edilir: “Bu proses dövlət səviyyəsində aparılır. Dövlətin müəyyən resursları artıq buna cəlb edilib.

Ermənistanın diaspor naziri Dəməşqdə tək getməyib, özü ilə nümayəndə heyəti aparıb. Məqsədləri erməni mənşəli qaçqınlar arasında iş aparıb onları Ermənistana gətirməyin yollarının aydınlaşdırmaqdır. Hətta bununla əlaqədar Ermənistanın İraq ərazisinə çarter təyyarə reyslərinin açacağı da gündəmdədir. Bir sözlə, Ermənistan çox təhlükəli avantüraya əl atıb. Növbəti cəhdlər isə Azərbaycan ərazilərinin məskunlaşması sahəsində atılan ən böyük addımlardan biridir”.

Politoloq qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Suriyada humanitar təşəbbüsün həyata keçirilməsi vurğulansa da, rəsmi İrəvan humanitar yardım adı altında Suriyaya 120 əsgər göndərmək fikrindədirlər:

“Artıq o əsgərlərin kontingenti də müəyyənləşib. Onlar hərbi əməliyyatlarda iştirak etməyəcək, zənnimcə, erməni mənşəli qaçqınların təhlükəsizliyinin təmin edilməsi və İraq ərazisinə keçirilməsi problemləri ilə məşğul olacaq. 120 əsgər adi hərbçi olmayacaq, xarici dilləri bilən xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət olacaq”.

Qeyd edək ki, Ermənistanın diaspor naziri Mxitar Ayrapetyanın başçılıq etdiyi nümayəndə heyəti dünən axşam Dəməşqdə erməni icmasının nümayəndələri ilə görüş keçirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər