24 Sentyabr 2018 20:15
3 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

- Sülhəddin bəy, İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktını necə şərh etmək olar?

- Nəzərə almaq lazımdır ki, bütün terror hadisələri siyasi məqsədlə həyata keçirilir. Odur ki, İrana yönəlik bu terror hadisəsi də sıradan bir olay sayılmamalıdır. Təsadüfi hadisə isə ümumiyyətlə, ola bilməz. Nəzərə almaq lazımdır ki, bundan əvvəl İranın parlamenti və İmam Xomneyi türbəsi hədəfə alınıb. Əhvaz terroru zamanı isə İran İnqilab Keşikçiləri Korpusu hədəfə olub. Nəzərə alaq ki, İranın xarici əməliyyatlarını əsasən, İran İnqilab Keşikçiləri Korpusunun Qüds birqadası həyata keçirir. Odur ki, bu sıradan terror hadisəsi deyil.

İkincisi, bəllidir ki, ABŞ İsraillə birlikdə İrana qarşı əhatəli və kompleks plan hazırlayıb. Bu plan artıq həyata keçirilməyə başlanıb. Düzdür, hazırda plan aşağı intensivlikdə həyata keçirilir, düşünürəm ki, noyabrın 4-də İrana qarşı növbəti sanksiyalar paketi qəbul olunduqdan sonra proses yeni mərhələyə daxil olacaq. Başqa sözlə, biz noyabrın 4-dən sonra İrana yönəlik planın daha intensiv xarakter alacağının şahidi olacağıq.

- İran tərəfi hadisədən dərhal sonra Səudiyyə Ərəbistanını ittiham etdi. Bu nə dərəcədə ağlabatandır?

- Bunun nə dərəcədə ağlabatan olub-olmaması tərəflərin əllərində olan faktlarla bağlıdır. Yəqin İranın əlində hansısa faktlar var ki, belə iddia ilə çıxış edir. Digər tərəfdən, ABŞ və İsraillə birlikdə ərəb ölkələri içərisində İrana qarşı olan koalisiyaya Səudiyyə Ərəbistanı rəhbərlik edir. Bu heç kimə sirr deyil. Əgər xatırlayırsınızsa, “Vikiliks”ın mətbuata sızdırılan bəzi sənədlərdən belə aydın olmuşdu ki, hətta Səudiyyə Ərəbistanı İrana qarşı zərbə endirilməsində təkid edib. Odur ki, “Körfəz NATO”-sunun yarandığı bir vaxtda belə bir ittihamın irəli sürülməsi təsadüfi deyil. Həmçinin nəzərə alınmalıdır ki, baş verən terror aktına görə, “Əl-Əhvaziyyə” terror təşkilatı ittiham olunur. Əhvaz şəhəri Xuzistanın əsas şəhəridir və burada əsasən, ərəblər yaşayır. Hadisəyə İraqda İrana qarşı olanproseslərlə birlikdə baxsaq və Səudiyyə Ərəbistanının son dövrlər aktivləşməsini nəzərə alsaq, mənzərə aydın görünər. Lakin mən İran tərəfinin Səudiyyə Ərəbistanını ittiham etməsinin nə dərəcədə əsaslı və əsassız olduğunu deyə bilmərəm. Belə ittihamların irəli sürülməsi üçün əldə sübutlar olmalıdır. Yəqin ki, İran tərəfindən belə fakt və sübutlar tələb olunacaq. Ancaq əllərində fakt varsa və sübutlara əsasən, belə ittihamlar irəli sürürlərsə, deməli münasibətlər getdikcə daha da gərginləşəcək.

- Siz, hesab edirsiniz ki, noyabrın 4-də İrana tətbiq ediləcək sanksiyalardan sonra bu ölkə daxilində vəziyyət daha da gərginləşəcək?

- İlk növbədə İran ətrafında vəziyyət gərginləşəcək. İranın fəaliyyət göstərdiyi Yəməndə, Suriyada və İraqda bunun şahidi olacağıq. Təbii ki, bununla paralel olaraq İran daxilində müəyyən proseslər baş verəcək. İrana kiber hücumlar, psixoloji müharibə, terror hücumları, İran müxalifətinin dəstəklənməsi, xaricdən dəstəklənən müxalifətin silahlı qruplarının hərəkətə keçməsi, ağırlaşan sosial iqtisadi vəziyyət fonunda kütləvi narazılıqların baş verməsi və belə proseslərin qızışdırılması kimi halların şahidi ola bilərik.

- İranın Xüsusi Kəşfiyyat naziri Mahmud Ələvi bəyan edib ki, Əhvazda baş verən terror aktının təşkilatçılarına dağıdıcı cavab veriləcək. Sizcə, İranın cavab tədbirləri hansı çərçivədə ola bilər. Ümumiyyətlə, İranın belə bir potensialı varmı?

- Hesab edirəm ki, İranın belə bir potensialı var. Ancaq İranın İsrail və ya Amerikaya birbaşa hücum edəcəyini gözləmək lazım deyil. Böyük ehtimalla İran Səudiyyə Ərəbistanı və onun körfəzdəki müttəfiqlərinə zərbə vurmağa çalışacaq. Mümkündür ki, İrana qarşı olan körfəz ölkələrinin Yəmən, İraq və Suriyadakı vəkillərinə zərbə endirsin. İran həm dolayısı strategiya izləyə, həm də birbaşa Səudiyyə və ya Birləşmiş Ərəb Əmirliyinin ərazilərində zərbələr həyata keçirə bilər. Mümkündür ki, bu zərbələr heç hərbi xarakterli olmasın. Kəşfiyyat hücumları, asimmetrik hücumlar ola və ya İran öz vəkilləri vasitəsilə hərəkətə keçə bilər. Bir sözlə, bunu etməyin yolları çoxdur.

- ABŞ və Qərb kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunun xaricdə əməliyyatlar həyata keçirən Qüds birqadasının qarşısını kəsməkdə acizdir?

- Hazırda ABŞ-da Tramp administrasiyasının yeni işlədiyi Orta Şərq Planında başlıca məqsəd bununla bağlıdır. Bu planın nə dərəcədə real və adekvat olacağı, necə həyata keçirələcəyini isə gələcək göstərəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər