Nikol Paşinyan Azərbaycana qarşı hər hansı formada mövqe ortaya qoyduğunu görüntüləmək üçün belə açıqlamalar vermək məcburiyyətindədir. Çünki Düşənbədə baş verən hadisədən, yəni Azərbaycan Prezidenti ilə Paşinyanın təmasından sonra təbii ki, Qarabağ klanının bu faktordan istifadə etmək niyyəti ola bilərdi.
Bunu Teleqraf.com-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan heç vaxt Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nda üzvlüyünə imkan verməyəcək bəyanatına münasibət bildirən E.Mirzəbəyli əlavə edib ki, məhz Azərbaycanın basqıları, təzyiqləri nəticəsində Ermənistan danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı ritorikasından əl çəkmişdi:
“Ola bilsin, o ritorikanın əvəzinə indi KTMT ilə bağlı ritorika gətirib ki, bunu müəyyən qədər də olsa daxili ictimai rəy üçün kompensasiya etməyi bacarsın. Prinsip etibarilə Azərbaycan KTMT ilə bağlı rəsmi şəkildə hər hansı mövqe ifadə etməyib. İctimai müzakirələr baş verib ki, bu da dünyanın hər yerində olur. Bu ictimai müzakirələr zamanı da müxtəlif fikirlər səsləndirilib. KTMT-nin Nizamnaməsinə əsasən bu qurumun üzvü olan hər hansı ölkə konsensusa gəlməzsə, yeni üzvlərin qəbulu ilə bağlı problemlər ortaya çıxa bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan vaxtilə KTMT-nin üzvü olub və oranı tərk edib. Əgər indiki şəraitdə Azərbaycan belə bir arzu ifadə edərsə, o zaman Azərbaycanın təşkilata üzvlüyünün bərpasından söhbət gedə bilər. Burda da artıq konsensus məsələsi ikinci plana keçir və KTMT-nin Nizamnaməsində üzvlüyün bərpası ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bu baxımdan Paşinyanın bu məsələ ilə bağlı verdiyi açıqlama prinsip etibarilə daxili ictimai rəyə hesablanmış populist bir yanaşma tərzidir”.
E.Mirzəbəyli əlavə edib ki, digər tərəfdən ərazi bütövlüyünə təminat almadan, Dağlıq Qarabağ üzərində suverenlik hüquqlarını bərpa etmədən Azərbaycanın hər hansı hərbi bloka, o cümlədən KTMT-yə qoşulmayacağına heç kim şübhə etmir:
“Ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü həm ölkə prezidenti, həm bütövlükdə dövlət, həm də Azərbaycan xalqı üçün prioritetdir”.