5 Oktyabr 2018 19:37
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Nursultan Nazarbayev SSRİ illərindən Qazaxıstanın rəhbəridir. Nursultan Nazarbayevin siyasəti balanslıdır. Onun siyasəti həm ölkə daxilində, həm də ölkə xaricində müsbət qarşılanır.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Nursultan Nazarbayev həm Rusiyanın strateji müttəfiqidir, həm də Qərblə yaxşı münasibətləri var:

“Qazaxıstan Rusiya ilə strateji münasibətləri davam etdirmək məcburiyyətindədir. Çünki, Qazaxıstanda rusların sayı çoxdur. Qazaxıstanın Rusiya ilə münasibətləri pis olsa, Moskva Ukrayna kimi Qazaxıstanı da parçalamağa çalışa bilər. Ona görə də Astana Moskva ilə dostluq münasibətlərinə üstünlük verir. Ancaq bu o demək deyil ki, Nazarbayev Mosvanın bütün istək və tələblərini yerinə yetirir.

Nursultan Nazabayev son illər milli maraqlara uyğun siyasətini gücləndirib. Qazaxıstanda latın əlifbası tətbiq edildi, kitablar və bədii əsərlər qazax dilinə tərcümə edilir. Qazax dilinin inkişafı üçün yeni layihələr reallaşdırılır. Bundan başqa əvvəllər rusların çox yaşadığı şəhərlərdə qazaxların sayı artırılır. Bu da Qazaxıstanın təbii haqqıdır”.

Elxan Şahinoğlu hesab edir ki, ABŞ da Qazaxıstanla əlaqələrə əhəmiyyət verir: “ABŞ prezidenti Donald Tramp ilin əvvəlində Nursultan Nazarbayevi Ağ Evə dəvət etdi. Vaşinqtonda iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək üçün sazişlər imzalandı. Nazarbayevin müxtəlif dövlətlərlə qurduğu sıx münasibətlər üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu faktor həm Rusiyanı, həm ABŞ-ı, həm Avropanı, həm də ərəb dünyasını razı salır. Ancaq Nazarbayev yaşlaşıb və o varisi haqqında düşünmək məcburiyyətindədir. Gələcək varisin kimliyi Qazaxıstanla sıx münasibətləri olan bütün dövlətləri maraqlandırır.

Nazarbayev elə bir varis seçməlidir ki, yeni prezident onun siyasətini davam etdirsin. Bu məqsədlə Nazarbayev son illər hakimiyyətdə xeyli yerdəyişmələr edib, gəncləri irəli çəkib. Qazaxıstanda müxalifət zəifdir. Ona görə də Qazaxıstanda gələcək prezident Nazarbayevin müəyyənləşdirəcəyi siyasətçi olacaq. Prezidentliyə bir neçə namizəd var. Bunlardan biri Parlament Senatının sədri Kasım Jomart Tokayev və prezidentin qızı Dariqa Nazarbayevadır. Nazarbavev kimə üstünlük verdiyini biruzə vermir. Bunun səbəbi var. Nazarbayev öz namizədini vaxtından əvvəl bildirsə bu hakimiyyət daxilində gərəksiz mübarizənin və qruplaşmaların yaranmasına səbəb olacaq. Bu isə daxildə və xaricdə son dərəcə ehtiyatlı siyasət yürüdən Qazaxıstan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Qazaxıstanda prezident seçkisi 2020-ci ildə keçiriləcək. Ona görə Nursultan Nazarbayevə düşünmək üçün hələ 2 il vaxt var”.

Politoloq bildirib ki, Qazaxıstanda kimin prezident olması Azərbaycan üçün də vacibdir: “Azərbaycan hakimiyyətinin və cəmiyyətinin Nursultan Nazarbayevə simpatiyası var. Çünki, Nazarbayev Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Təsadüfi deyil ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşularkən Nazarbayev demişdi ki, Qarabağ mallarının ümumi bazara buraxılmasının əleyhinədir. İrəvanda yaxşı anlayırlar ki, Qarabağda müharibə başlasa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın sözdə müttəfiqi sayılan Astana heç bir halda Azərbaycana qarşı siyasət yürütməyəcək, Ermənistana hərbi dəstək verməyəcək. Nazarbayev Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığını da genişləndirir. Ona görə də Azərbaycan Qazaxıstanın gələcək prezidentinin də Nazarbayevin siyasi kursunu davam etdirməsini istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər