16 Oktyabr 2018 19:44
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərini Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm. Məndə belə bir təəssürat yaranır ki, Amerika artıq üzünü Cənubi Qafqaza tərəf çevirməkdədir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, ABŞ son zamanlar həm Cənub Qaz Dəhlizi layihəsini, həm də Azərbaycan üzərindən Əfqanıstana daşınan yükləri də ciddi surətdə dəstəkləyir və müdafiə edir:

“ABŞ bu sarıdan lazım olan köməklikləri əsirgəmir. Zənnimcə, Con Bolton Azərbaycanla bağlı strateji tərəfdaşlıq niyyətinə düşmüş Amerikanın missiyasını burada öyrənməyə çalışacaq. Sözsüz ki, bu missiyanın içərisində, həmçinin Dağlıq Qarabağ problemi də var. Doğrudur, ABŞ Dağlıq Qarabağ probleminin həlli məsələsində hələ ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə yanaşı ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnu uzlaşdırmağa çalışan bir xətt yürüdür. Mənə elə gəlir ki, ABŞ bu məsələnin axırına hələlik tam yetişməyib. Çünki ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsipi beynəlxalq hüququn bir-birini inkar edən prinsipləridir. Bu gün NATO-nun sammitində, Avropa İttifaqında, bir sözlə, BMT də daxil olmaqla dünyanın bütün beynəlxalq təşkilatlarında ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn əsas və dəyişilməz müddəası kimi tanınır. Necə ki, bu günlərdə Almaniya federal hökuməti Bundestaqın sorğusuna cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını birmənalı surətdə bəyan etdi. Eləcə də mən gözləyirəm ki, Bolton Azərbaycana gəldikdən sonra ölkəmizin ərazi bütövlüyü, xüsusilə Ermənistanın işğalçılıq siyasəti barədə ABŞ-ın mövqeyi daha da yəqinləşəcək və birmənalı xarakter daşıyacaq”.

Q.Hüseynli əlavə edib ki, ABŞ mətbuatının yazdığına görə, Vaşinqton Azərbaycanı özünün Cənubi Qafqazda bir nömrəli strateji müttəfiqi kimi tanımağa hazırlaşır:

“Bu da Azərbaycanın həm geosiyasi mövqeyinə, həm də ümumiyyətlə, yürütdüyü beynəlxalq siyasətə uyğun atılacaq addım ola bilər. Bir sözlə, Bolton Cənubi Qafqaza gəlməklə həm buradakı münaqişə ocaqları ilə yaxından tanış olmaq, həm də ən əsası Azərbaycanın bilavasitə icraçısı olduğu beynəlxalq layihələri ümumi kontekstdə nəzərdən keçirməklə Azərbaycan-ABŞ münasibətlərini yeni, daha yüksək səviyyəyə qaldırmaq üçün təkliflər vermək niyyətindədir”.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.


Müəllif: Səxavət Həmid