Uzun zamandır Türkiyəyə problem yaradan keşiş Branson məsələsi artıq həll olundu. Türkiyə məhkəməsi öz müstəqil qərarını verdi, araşdırma aparıldı və Endryu Branson azadlığa buraxıldı. Əlbəttə, Bransonun azadlığa buraxılması Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.
Onun sözlərinə görə, ölkənin müstəqil media qurumları və müxalifət Türkiyə hökumətini ABŞ-a boyun əyməkdə ittiham edir:
“Bu gün də Türkiyədə Branson məsələsi ətrafında gedən gərgin müzakirələr davam edir. ABŞ Prezidenti Donald Trampın məsələ ilə əlaqədar səsləndirdiyi fikirlər də müzakirələri bir qədər də qızışdırdı. Trampın Bransonun azad edilməsinə görə birbaşa Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etməsi, müzakirələrin spektrini bir qədər də genişləndirdi.
Məlumdur ki, Bransonun həbs edilməsi ABŞ-la Türkiyəni üz-üzə qoymuşdu. Əlbəttə, bu məsələdə Türkiyə haqsızlıqlarla üzləşdi. ABŞ bu məsələdən istifadə edərək təzyiq vasitələrini işə saldı və Türkiyə iqtisadiyyatına böyük ziyan vurdu. Türkiyə sanksiyalara məruz qaldı, dolların ölkəyə daxil olması məhdudlaşdırıldı. Türkiyə iqtisadiyyatına vurulan zərbənin nəticələri hələ də özünü göstərir. Bransonun azadlıqda olmasına baxmayaraq, Türkiyənin iqtisadi durumunda heç bir müsbət dəyişiklik yoxdur”.
Ramiyə Məmmədova bildirib ki, keşiş Bransonun azadlığa buraxılmasına adekvat olaraq, Türkiyənin ABŞ-dan gözləntiləri var idi:
“Bransonun azad edilməsinə cavab olaraq, ABŞ-ın da xoşniyyətli addım atacağını gözləyirdik. Məsələn, sanksiyaların ləğv edilməsi ilə bağlı bəyanatın verilməsi, FETÖ liderinin Türkiyəyə ekstradisiya edilməsi, Menbiç və İdlibdə terrorçulara verilən dəstəyin dayandırılması. Bunların hər biri ABŞ-dan olan gözləntilər idi. Lakin təəssüflər olsun ki, ABŞ yenə də öz bildiyini edir.
ABŞ öz hegemonluğundan istifadə edərək, Türkiyədən istədiyini aldı. Hələ də Bransonun əvəzində Türkiyəyə heç nə vəd etmir. Tramp Ərdoğana təşəkkür etməklə bu məsələni bağlanmış hesab edir”.
Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları adına agentlik etməkdə ittiham olunaraq, Türkiyədə həbs edilmiş amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb. Keşişin həbs edilməsi ABŞ və Türkiyə arasında diplomatik gərginliyə səbəb olmuşdu.