18 Oktyabr 2018 13:34
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB Dövlət Başçıları Şurasının Düşənbə görüşündə atəşkəs rejiminə əməl etmək barədə razılığa gəlindikdən heç bir ay keçməmiş ermənilər yenə də qeyri-konstruktiv hərəkət edərək ortamı gərginləşdirməyə çalışırlar. Bu dəfə onlar gərginlik mənbəyi kimi işğal edilmiş ərazilərin məskunlaşdırılması məsələsini seçiblər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ermənilər hazırda işğal altındakı Kəlbəcər rayonunun səfalı yerində Avstraliya İttifaqının ən böyük şəhəri olan Sidneyin şərəfinə qalmaqal yarada biləcək yaşayış məskəni salırlar:

“Bura erməni əhalisini köçürməyə başlayıblar. Bu, ermənilərin işğal edilmiş ərazilərdə apardıqları ilk qalmaqallı iqtisadi layihə deyil. Bundan əvvəl Ağdərə rayonu ilə Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış Vardenis rayonu arasında iki xətli yol çəkmişdilər. Yol boyu da kafe və restoranların tikilməsinə dair məlumat yayılmışdı.

Bundan başqa, ermənilər işğal olunmuş Arazboyu rayonları ilə əlaqələri daha intensiv etmək üçün yeni, daha yüksək səviyyəli yolların çəkilişini başa çatdırdıqları qeyd edirlər. Bunun özü də Azərbaycana qarşı törədilən təxribatın yeni bir mərhələsidir.

Bundan əlavə, Livan ermənilərinin də Qarabağ ermənilərinə “hədiyyəsi”nin olduğu bildirilir. Livandan gələn bir qrup erməni Dağlıq Qarabağın cənubundan, yəni, Zəngilan-Qubadlı rayonlarından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək və sırf hərbi xarakter daşıyacaq üçüncü yolun çəkilməsinin həm layihələndirilməsini, həm də maddi cəhətdən təmin edilməsi xərclərini öz üzərlərinə götürüblər.

Ermənilərin fikrincə, bu yol hərbi xarakter daşımaqla Azərbaycanla hərbi toqquşma olacağı təqdirdə Ermənistandan Dağlıq Qarabağa ordu hissələrinin və döyüş texnikasının aparılması prosesini sürətləndirən yol olmalıdır”.

Q.Hüseynli daha sonra deyib: “Göründüyü kimi ermənilər bir an da olsun dayanmır. Sanki işğal edilmiş Dağlıq Qarabağın hüdudlarından kənardakı əraziləri də geri qaytarmaq fikrində deyillər. Bununla bağlı ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması diqqətçəkicidir. O, açıq surətdə bildirmişdi ki, Ermənistana gələndən bir nəfərin də dilindən Dağlıq Qarabağın hüdudlarından kənardakı Azərbaycan torpaqlarının geri qaytarılması barədə müsbət fikir eşitməyib.

Bütün bunlar onu göstərir ki, ermənilər əldə etdikləri pauzadan yalnız öz maraqlarını ödəmək üçün yararlanır və sülh danışıqlarında yenə də qeyri-konstruktiv mövqe tutmaqda davam edirlər”.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə məlumat yayılıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər