NATO komandanlığı, Rusiyanın güman olunan quru hücumularına qarşı Avropada müdafiə və əks-hücum imkanlarını yoxlayır. Bu, “soyuq müharibə”nin bitməsindən bu günədək ilk böyükmiqyaslı dəyərləndirmə işidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Onun sözlərinə görə, “soyuq müharibə”nin başa çatmasından sonra Avropa ölkələri nəqliyyat infrastrukturlarını planlayanda və tikəndə Rusiyadan quru üzərindən hücumun ola biləcəyini nəzərə almayıb:
“Nəticədə, yolların əksəriyyəti böyük qoşun hissələrinin qısa zamanda uzun məsafəyə daşınması üçün yararlı deyil. Yolların və körpülərin yükdözümlülüyü aşağıdır, körpülər alçaq, tunellər dardır”.
Avropa Birliyinin qaydalarının problematik olduğunu bildirən Erkin Qədirli qeyd edib ki, AB-nin indiki qaydalarına görə, böyük yüklərin daşınması, yoxlanılması, sığortalanması və s. məsələlərə dair qaydalar Avropada irimiqyaslı həbi təlimlərin keçirilməsini çox çətinləşdirir:
“Məsələn, bu yaxınlarda Britaniyadan Norveçə təlim üçün gətirilmiş hərbi texnika sərhəddə saxlanılıb, texnikanın bütün təkər və tırlarından Britaniya torpağı və tozu təmizlənib, dezinfeksiya işləri görülüb və s. Avropa Birliyinin, eləcə də Norveçin, qaydalarına görə, kənd təsərrüfatı üçün yararlı olan torpaqların başqa ölkələrdən gətirilmiş texnikanın üstündə olan zərərli maddə və orqanizmlərdən qorunması tələb olunur. Buna görə də təlimin başlaması bir neçə gün yubadılıb. Gerçək savaş şəraitində bunun problem yarada biləcəyi qənaətinə gəlinib”.
Politoloq vurğulayıb ki, “soyuq müharibə” dönəmində Avropa ölkələri, hər an gerçək savaşın başlaya biləcəyi ehtimalıyla ehtiyatda olan maddi, texniki və canlı gücünü qısa zamanda səfərbər etməyi bacarmalıydı:
“Yoxlama nəticəsində aydın oldu ki, “soyuq müharibə” bitəndən sonra bu ölkələrin heç birisində bunun üçün strateji hazırlıq görülməyib. Ehtiyat üçün saxlanılan nəqliyyat və yardımçı texnikanın hamısı, eləcə də yol infrastrukturunun önəmli hissəsi özəlləşdirilib. Savaş zamanı özəl mülkiyyətin hərbi məqsədlər üçün alınması qaydaları isə Avropa Birliyində yoxdur. NATO komandanlığı, strateji planlama və hazırlıq işlərini görmək üçün, Avropa Birliyinin rəhbərliyilə birgə çalışan qurumların yaradılmasını təklif edib”.