Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyi vəzifəsi Ermənistanın birbaşa özünün ixtiyarında deyil ki, istədiyi vaxt birini geri çağırıb, digərini irəli sürsün. KTMT üzvləri iclas zamanı tamamilə düzgün hərəkət etdilər. Onlar Paşinyana sübut etdilər ki, sənin oyunların ölkə daxili ilə məhdudlaşmalıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, Paşinyanı başa saldılar ki, sən o oyunları beynəlxalq təşkilat səviyyəsinə çıxarmamalısan:
“Əgər sən kimisə geri çağırırsansa, kimisə cəzalandırmaq istəyirsənsə, bu heç də o demək deyil ki, biz sənin nazınla oturub durmalıyıq. Bu post sənin ölkənə hədiyyə kimi verilməyib. Yəni, Paşinyana açıq-aydın şəkildə deyildi ki, öz yerini bilməlisən. Əgər Ermənistanı təmsil edən baş katibi geri çağırırsansa, çağır. Nə edirsən, et. Amma sənin nümayəndən artıq bu postda olmayacaq və artıq ora digər ölkənin nümayəndəsi seçilib”.
F.Sadıqov hesab edir ki, baş verən olay N.Paşinyanın birmənalı olaraq uğursuzluğudur:
“Çünki Paşinyan hesab edirdi ki, əgər o birini geri çağırıbsa, müddətin axırınadək onun yerinə digər Ermənistan nümayəndəsi olacaq. Amma bir daha qeyd etmək istəyirəm, ona başa saldılar ki, bu sənin daxili işin deyil. Demək, Paşinyan aydın şəkildə uğursuzluqla, məğlubiyyətlə üzləşdi. Bu, Paşinyanın növbəti uğursuzluğudur”.
Qeyd edək ki, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astanda KTMT-nin sammiti keçirilib. Sammitdə Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Perzidenti Soronbay Jeenbekov, Tacikistan Prezidenti Emomali və Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın iştirakı nəzərdə tutulub. Sammitdə KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuri Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. Y.Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra N.Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşib. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilməyib. Sammitə ev sahibliyi edən Qazaxıstan Prezidenti N.Nazarbayev rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirib.