15 Noyabr 2018 20:52
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi avropalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin şəxsi təşəbbüs deyil, beynəlxalq cinayətkar şəbəkənin tərkib elementi olması yeni faktlarla sübut olunur.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, faktlar Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəzi məlum üzvlərinin müxtəlif ölkələrdə separatizm təmayüllərinə nəyin bahasına olursa-olsun dəstək vermək missiyası apardığını, dövlətlərin ərazi bütövlüyünün pozulmasına yönəlik fəaliyyətləri təşviq etdiyini, beynəlxalq hüquqa və sülhə qarşı olan bu cinayəti birbaşa erməni mafiyasının diktəsi altında həyata keçirdiklərini göstərir:

“Avropa Parlamentinin Kiprdən olan bədnam üzvü Eleni Teoxarusun adının Albaniya dövləti tərəfindən bu ölkənin konstitusiya normaları əleyhinə cinayətkar fəaliyyətlərə görə arzuolunmaz şəxslər siyahısına salınması bunu bir daha təsdiqlədi. Teoxarus bundan əvvəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ regionuna mütəmadi qanunsuz səfərlərə görə arzuolunmaz şəxslər siyahısına salınmış, barəsində cinayət işi qaldırılmışdı. Bu şəxsin siyasi tərcümeyi-halında Ukraynada etnik separatizmə də dəstək verdiyi üçün qanuni təqib olunduğuna dair faktlar var. Bütün bu sadalananlar Teoxarusun həqiqətən də Avropa məkanında bütün etnik-siyasi separatizmlərə dəstək vermək kimi bir cinayətkar öhdəlik icra etdiyini və bu yolda əsasən erməni mafiyasından hər cür dəstək aldığını göstərir”.

Baş redakor bildirib ki, Azərbaycana qarşı erməni separatizminin bütün Avropa miqyasında fəal lobbiçiliyini edən brillant alverçisi və əslən Yunanıstandan olan Kaspar Karampetyanla Teoxarusun yaxın işbirliyi çox ciddi nəticələr çıxarmağa əsas verir:

“Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bütün avropalı deputatların, o cümlədən Teoxarusun səfərlərinin məhz Karampetyan tərəfindən maliyyələşdirilməsi bir çox mətləblərə aydınlıq gətirir. Bu günlərdə Almaniya xüsusi xidmət orqanlarının ölkədəki erməni mafiyası ilə bağlı apardığı araşdırmanın materialları da bu kontekstdə çox maraqlıdır. Bu materiallar erməni mafiyasının Qarabağa qanunsuz səfər edən Almaniya Bundestaqının deputatı, Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler, habelə Ermənistanın Almaniyadakı səfiri ilə sıx işbirliyində olduğuna dair çox maraqlı məlumatlar təqdim edir”.

A.Quliyev qeyd edib ki, Almaniyadakı siyasi mafioz erməni qruplaşmasının Karampetyan-Teoxarus birliyi ilə sıx bağlı olduğuna dair faktları da nəzərə alsaq, mənzərənin bütövlüyünü görə bilərik:

“Heç bir şübhə yeri qalmır ki, müasir Ermənistan dövlətinin siyasi lobbisinin əsasını kriminal erməni mafiyası təşkil edir, Avropada bütün separatizm ocaqlarına dəstək verən və işğal altındakı Qarabağ bölgəsinə səfərlər təşkil edən də məhz bu mafiyadır. Ən qorxulu odur ki, arxasında Ermənistan dövlətinin dayandığı bu siyasi mafiya simbiozu artıq AŞ PA və Avropa Parlamenti kimi mötəbər beynəlxalq strukturlarda da kök salır. Bəzi Avropa təmsilçilərinin Qarabağa qanunsuz səfərlərinin və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi dünyada tanıtmaq cəhdlərinin bu əlaqələrdən kənarda heç bir izahı yoxdur. Bu günlərdə bir Almaniya məhkəməsinin erməni mafiyası barədə filmin televiziyada yayımını dayandırması barədə qərarı Avropa siyasi strukturlarına yayılmış erməni mafiyasının artıq çox dərinlərə işlədiyindən xəbər verir. Avropanın siyasi strukturlarının Karampetyan-Teoxarus qrupunun təsiri altına düşməsini araşdırmağın vaxtı çatıb. Bu, Avropada ümumi sülh, təhlükəsizlik və əmin-amanlıq baxımından vacib məsələdir. XVIII-XX əsrlərdə erməni terrorçu mafiozların şirin dilinə aldanaraq sonradan gizli cinayətkar əməllərinə görə onların fəaliyyətini məhdudlaşdıran, kilsə və məktəblərini bağlatdırmağa məcbur qalmış dövlətlərin acı təcrübəsindən dərs çıxarmaq avropalıların da xeyrinə ola bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər