19 Noyabr 2018 18:39
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir.

- Rasim müəllim, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində problemlər müşahidə olunur. Ümumən bu qurum, onun fəaliyyəti, strategiyası haqqında düşüncələriniz nədən ibarətdir?

- Bir var, keçmiş SSRİ məkanında müşahidə edilən böhran, bir də var, münasibətlər böhranı. Rusiya çalışır ki, bu münasibətləri canlandırsın, yeni səviyyəyə gətirsin. Bunu bəziləri belə anlayır ki, Rusiya SSRİ-ni yenidən bərpa etmək istəyir. Ancaq söhbət SSRİ-nin bərpasından getmir. Çünki SSRİ ərazi deyil, spesifik siyasi ideologiya üzərində qurulmuşdu. O dövr də keçdi. İndi söhbət ondan gedir ki, bu məkanda boşluq yaranıb və iqtisadi münasibətləri inkişaf etdirmək, ictimai əlaqələri yüksək səviyyəyə qaldırmağa ehtiyac yaranıb. MDB məkanında dostluq və əməkdaşlıq münasibətləri sağlam olmasa, bu ölkələr daima bir-birinə zidd gedəcək. Necə ki, Ermənistan Azərbaycana zidd gedir. Hazırda Rusiya ilə Gürcüstan arasında düşmənçilik münasibəti yaradılıb. Düzdür, arada bəzi keçmiş respublikalarda Moskvaya inamsızlıq, şübhələr də var. Amma bunları yalnız iqtisadi və əməkdaşlıq yolu ilə aradan qaldırmaq olar. Eyni zamanda SSRİ-nin süqutu və Qorbaçovun yenidənqurma prosesi başlayanda belə ümidlər vardı ki, müstəqillik yolu ilə gedərək Qərblə əlaqələri yaxşılaşdırmaq olar. Ümumiyyətlə, Qərb Rusiyanı əvəz edə bilər. Amma məsələ ondadır ki, Qərb-Rusiya arasında münasibətlər kəskin olanda belə istəklər Moskvada və ya Vaşinqtonda şübhə ilə qarşılanır. Məncə, Ermənistan və Gürcüstanla müqayisə edəndə görünür ki, Azərbaycan daha real və daha sağlam yol tutub. Azərbaycan Qərblə normal münasibətlər saxlayır, çalışır ki, Rusiya ilə də əlaqələr yüksək səviyyədə olsun. Çünki Rusiya ilə əlaqələr pozulsa, problemlər ortaya çıxar. İqtisadi sferadan başqa, milyondan çox azərbaycanlı Rusiyada yaşayır, onların bəziləri Rusiya vətəndaşıdır, orada işləyirlər, qazanılan pulların əksəriyyəti bizim ölkəyə daxil olur. Yəni əməkdaşlıq müsbət haldır. MDB ölkələri arasında belə əməkdaşlığa əsas var. KTMT də bu əməkdaşlıq formatlarından biridir. Ancaq indi qurum daxilində problem yaranıb.

- KTMT məsələsində Ermənistan fərqli mövqe nümayiş etdirir. Buna səbəb nədir?

- Təəssüflər olsun ki, Ermənistanı heç cür ağıla gətirmək olmur. Onlar düzəlmir. Eyni zamanda KTMT-də olan digər dövlətlər də Ermənistanın etdiklərini görürlər. Ermənistanın KTMT səviyyəsində apardığı iş Rusiya, Qazaxıstan, Belarus kimi ölkələr tərəfindən bəyənilmədi. Nəzərə alın ki, bu ölkələr postsovet məkanında aparıcı qüvvədir. Ermənistan artıq ətrafını bezdirib. Mən bunu Rusiya siyasətçilərinin çıxışlarından açıq hiss edirəm. Ermənistan Azərbaycana qarşı apardığı siyasətlə faktiki olaraq KTMT-yə qarşı çıxış edir. Bu da heç kimin xoşuna gəlmir. Sadəcə, Rusiya Ermənistanın timsalında yuxarı baxıb bığ, aşağı baxıb saqqal görür. Bu sadə vəziyyət deyil. Amma mənə elə gəlir ki, kəskin münasibət kontekstində erməni tərəfi cılız siyasət aparır. Ermənistan artıq istər-istəməz özü haqqında ciddi mənfi münasibət yaradır. Məsələn, Qazaxıstanla münasibətləri yaxşı olub, bu ölkədə çoxlu sayda ermənilər yaşayır və işləyir. Ancaq indi baxanda görürəm ki, Qazaxıstanda da narazılıq yaradıblar. Bir sözlə, bu siyasətin sonu pisdir.

Baxın, Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. Amma türk malları Gürcüstan üzərindən Ermənistana daxil olur. Türkiyə də Ermənistana öz mövqeyini bildirir, əlaqələrin qurulması üçün şərtlərini, tənqidi fikirlərini deyir. Açıq bildirilir ki, bu siyasətdən imtina edilməyənə qədər sərhədlər açılmayacaq.

İndi Ermənistan Azərbaycana qarşı elə siyasət aparır ki, bu siyasət onun özünə ziyanlıdır. Fikrimcə, Ermənistan özünü cırsa da, istər Rusiya, istər Türkiyə, istərsə də Gürcüstandan ona kömək etmək çox çətin olacaq. Yəni yaranan vəziyyət ancaq Ermənistanın yaramaz siyasətinin nəticəsidir. İndi sıravi ermənilər də bu durumdan narazıdır, belə siyasətin əleyhinə çıxmağa başlayıblar. Hiss edilir ki, ermənilər bu siyasətdən bezir. Çünki sadə insanlar istəyirlər ki, yaşayış olsun, əlaqələr davam etsin və s. Ermənistanda yaranan siyasi vəziyyəti və münasibətləri təhlil etdikdə görürük ki, bizim mövqelərimiz möhkəmlənir. Bu uzun prosesidir, ancaq dəyişikliklər olacaq. İndi postsovet məkanında maddi, iqtisadi və sosial vəziyyət elə bərbad gündədir ki, hər kəs öz hayındadır. Odur ki, Ermənistanın indiyə qədər apardığı siyasət daha işləməyəcək. Azərbaycanın apardığı siyasət isə anlaşılandır.

- Yeri gəlmişkən, Belarus-Ermənistan münasibətləri də kəskinləşib. Belarusun addımlarını necə qiymətləndirirsiniz?

- Əvvəla onu deyim ki, belaruslar bir millət və respublika kimi olduqca sağlamdır. SSRİ vaxtı da belaruslar sağlam münasibətləri ilə yadda qalıb. Hətta bir zamanlar Rusiyada belə rəy yaranmışdı ki, Qorbaçovdan sonra Yeltsin deyil, Belarus rəhbəri SSRİ-nin prezidenti olsun. Demək istəyirəm ki, Lukaşenkoya inanmaq olar. Onun çıxışlarına, apardığı siyasətə baxsanız, görərsiniz ki, ölkənin gedəcəyi yolu tapıb. Heç kimlə düşmənçilik etmir, çalışır xalqı saxlasın, insanlara imkan yaratsın. Heç Belarusdan insanların qaçıb getməsi halları da yoxdur. Belə siyasət formalaşdırmaq asan deyil. Ermənilərin hərəkətləri isə boşunadır. Ermənilərin KTMT çərçivəsində Belarusla qarşıdurmaya getməsi həm ermənilərin xasiyyətindən irəli gəlir, həm də bu, Ermənistanın təşəbbüsündən doğmur. Düzdür, Belarus-Azərbaycan münasibətləri erməniləri qıcıqlandırır. Ancaq o da var ki, erməni siyasətçiləri Qərbin dediyi ilə oturub-durur. Onlar açıq deyirlər ki, gələcəyimiz Qərblə bağlıdır. Faktiki olaraq indi Ermənistan Amerikadan idarə olunur.

- Siz hesab edirsiniz ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-dan aldığı təlimat əsasında KTMT daxilində siyasət aparır?

- Hesab edirəm ki, Ermənistan rəhbərliyi ABŞ-dan aldığı tapşırıq əsasında çalışır ki, KTMT-ni bir təşkilat kimi dağıtsın. Dağıda bilməsə də, münasibətləri pozsun, aranı qarışdırsın. Ermənistan ömrü boyu kiminlə dostluq etsə də, onun cəmi bir dostu olub. Vaxtilə Türkiyə ilə də dost idi, sonradan türkləri ruslara satdı. İndi də rusları satmaq növbəsi çatıb. Ermənistanın bu saat öz siyasəti yoxdur. Öz siyasəti o zaman görünər ki, ruslarla aranı düzəltsin, Belarus və Qazaxıstanla qarşıdurmaya getməsin və s. Amma bunun əksini edirlər. Məsələn, KTMT-nın üzvü ola-ola təşkilat daxilində qarşıdurma yaradırlar. Aydın məsələdir ki, bu, Ermənistan siyasəti deyil. Fikrimcə, bunu Rusiya da anlayır. Bu saat Ermənistan MDB məkanında Qərbin bir nömrəli agentura şəbəkəsi rolunu oynayır.


Müəllif: Cavad