20 Noyabr 2018 19:11
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ankarada yaşayan siyasi təhlilçi Toğrul İsmayılla müsahibəni təqdim edir:

- Dünən Rusiya Prezidenti Vladimir Putin “Türk axını” təbii qaz kəməri layihəsinin Türkiyəyə qaz verilməsini nəzərdə tutan ilk xəttinin dəniz hissəsinin tamamlanması ilə əlaqədar İstanbulda keçirilən mərasimdə iştirak etdi. Bu layihə iki dövlətə nə vəd edir?
- Türkiyə və Rusiya arasındakı ilk birbaşa təbii qaz boru xətti sonradan adı “Cənub axını” olaraq dəyişdirilən “Mavi axın” 2005-ci ildə dövriyyəyə girib. Rusiya buna geopotilik layihə kimi baxırdı. Ukraynadakı böhrandan sonra Avropa Birliyi buna qarşı çıxdı, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıdı, eləcə də Bolqarıstanın layihədən imtina etməsi ilə bu məsələ 2014-cü ilin dekabrından etibarən “Türk axını”na çevrildi. Türkiyə lap əvvəldən “Türk axını”na iqtisadi, Rusiya isə geopotilik layihə kimi baxır. Fərq buradadır. Digər tərəfdən, Rusiya ilə Türkiyə arasında enerji sahəsində geniş işbirliyi var. Hətta bu əlaqələr o qədər inkişaf edib ki, “təhlükəli” bir səviyyəyə gəlib çıxıb.

- Yəni?
- 70 faiz asılılıq var. Həmçinin Türkiyədə atom elektrik stansiyasını ruslar tikir. Rusiya ilə Türkiyə arasında enerji sahəsində ciddi, çoxtərəfli işbirliyi reallıqdır. Bu layihə Türkiyəni də gücləndirir, Avropaya çıxış üçün avantajdır. Ancaq hələlik Rusiya bu axınla Avropaya çıxmağa tələsmir. Bildiyiniz kimi, Avropanın Rusiyaya qarşı bir sıra sanksiyaları var. Digər tərəfdən, Rusiya “Cənub axını” ilə də təbii qaz satır.

- Qərbin təzyiqinin “Türk axını”na hansı təsirləri ola bilər?
- Bu layihə ilk mərhələdə Türkiyənin daxili ehtiyacını qarşılayır. Bu səbəbdən bir şey söyləmək çətindir. O biri yandan görürük ki, Yunanıstan və son zamanlar Bolqarıstan bu xəttin onların ərazisindən keçməsini istəyir. Çünki bu ölkələr Avropa Birliyinin üzvü olsalar da, çox ciddi enerji problemləri var. Onlar həm də tranzit ölkə olmaqla əlavə pul qazanmaq istəyirlər. Xətt keçən yerdə əlavə tranzit ödənişlər olacaq ki, bu da dövlətə xeyli gəlir gətirəcək. Əlbəttə ki, cənub ölkələri və Türkiyəyə yaxın ölkələr bunda maraqlıdır.

- Statistikaya əsasən, liderlərin il ərzində 5 dəfə görüşü, 17 dəfə telefon danışığı baş tutub. Bu münasibətlərin sıxlaşmasının Türkiyəyə nə kimi xeyri olacaq?
- Prezidentlərin tez-tez görüşməsi, əlbəttə, müsbət haldır. Həm də tərəflər həssas məqamların böhrana çevrilməməsi üçün bu görüşləri keçirirlər. Məsələn, Suriya probleminin ikitərəfli münasibətlərə mənfi təsir etməsini istəmədikləri üçün bu cür görüşlər baş tutur. Bürokratik əngəllərin və anlaşılmayan məqamların həlli üçün belə görüşlərin əhəmiyyəti böyükdür.

- Rusiya və Türkiyə arasındakı İdlib anlaşmasından sonra Suriyadakı mövcud durumu necə qiymətləndirirsiniz?
- Suriya məsələsi uzandıqca uzanacaq. Görünən odur ki, böyük dövlətlər burada sülh istəmirlər, formal olaraq barış barədə bəyanatlar verirlər. Həqiqi sülhün əldə olunması üçün böyük və marağı olan dövlətlər bir araya gəlməlidir. ABŞ, Rusiya, Türkiyə və digərlərinin ayrıca görüşləri olsa da, birgə görüşlər baş tutmur. Rusiya və Türkiyə əlaqələri baxımından Suriya məsələsi həssas mövzudur. İki ölkənin Suriyaya baxışı çox fərqlidir. Türkiyə Əsəd rejimini qəbul etmir və onun hakimiyyətinin davam etməsinin doğru olmadığını hesab edir. Rusiya isə tam fərqli yanaşır. İdlib məsələsi özü də həssas mövzulardan biridir. Türkiyə Rusiyanın və Əsəd rejiminin müdaxiləsini, xüsusilə İranın o bölgədə aktivləşməsini istəmir.

Tərəflər arasında əslində atəşkəslə bağlı razılıq da vardı. İdlib bölgəsi Türkiyənin nəzarətindədir, amma Türkiyə buradakı problemi nə qədər həll edib radikal qrupları bölgədən çıxara biləcək, bunu söyləmək çətindir. Türkiyə əlindən gələni etməyə çalışır. Rusiyanın da bu məsələdə öz maraqları çərçivəsində hərəkət etməsi, Əsəd rejimi ilə birgə olması və yaxud istənilən zaman müdaxilə etməsi Türkiyə ilə ikitərəfli münasibətləri ciddi şəkildə təhlükəyə ata bilər. Rusiya Suriyada bölgədə söz sahibi olan güclü dövlət qurmaq üçün mübarizə aparır. Qarşısındakı ən böyük maneələrdən biri təkcə ABŞ yox, eyni zamanda Türkiyədir. Bölgədə maraqlar toqquşması var. Lakin indiyə qədər bu maraqlar toqquşması iki liderin görüşü ilə həll olunur. Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın tez-tez görüşməsinin səbəblərindən biri də budur. Çünki kriz yarada biləcək həssas məqamlar olduqca çoxdur.

- Bəs Ərdoğan-Putin yaxınlaşmasının Qarabağ probleminə töhfəsi olacağına dair proqnozları bölüşürsünüzmü?
- Əlbəttə, Türkiyə ilə Rusiyanın yaxınlaşması Qarabağ münaqişəsinin həllinə müəyyən təsir göstərə bilər. Ancaq indiki şərtlər daxilində bu, xəyaldır. Birincisi, Rusiya ilə Türkiyə arasındakı yaxınlaşma strateji deyil, hazırki vəziyyətdə taktiki işbirliyidir, tərəflər böhranların həlli ilə məşğuldur. Bu, çox vacib məsələdir. İkincisi, Rusiya ilə Türkiyə arasında xüsusilə Cənubi Qafqazda birgə fəaliyyət olduğunu söyləyə bilmərik. Çünki fərqli müstəvilərdə hərəkət edirlər. Rusiya açıq şəkildə Ermənistanı dəstəkləyir, bölgədə hərbi bazaya sahib yeganə ölkədir, bu hərbi baza müttəfiq saydığı Ermənistandadır.

Ermənistan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvüdür. Belə baxanda Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında maraqlar çox da üst-üstə düşmür. Amma bununla belə iki ölkənin yanaşması ən azı gərginliyin artmamasını, bölgədə mümkün total hərbi qarşıdurmanı əngəlləyə bilər. Sülh prosesinə müsbət təsir edə bilərmi? Edə bilər, amma yaxın gələcəkdə yox. Perspektivdə mümkün ola bilər.

- Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə əlaqədar Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında gərginlik davam edir. Düzü, prosesləri mediadan izləyə bilirik, Türkiyədəsiniz və hadisələri yaxından təqib etmək imkanınız var, nələr danışılır, bu problemin çözümünü necə görürsünüz?
- Əslində burada da çox məlumat yoxdur. Türkiyə Qaşıqçı məsələsi ilə əlaqədar Səudiyyə Ərəbistanına çox ciddi təzyiq göstərir. Eləcə də ABŞ Prezidenti Donald Trampa da təzyiqini artırır. Buna səbəb də Trampın Səudiyyəni müttəfiq hesab etməsidir, xüsusilə İranla mübarizədə ona əhəmiyyət verir. Türkiyə bu hadisədən siyasi baxımdan maksimum dərəcədə faydalanmağa çalışdı. Bu məsələnin mənəvi tərəfi də var. Qaşıqçının qətli konsulluq binasında olsa da, Türkiyə ərazisində baş verib. Türkiyə bu hadisəni dərindən araşdırır və məsələni həll etməyə çalışır. Operativ işlər nəticəsində Türkiyə müsbət nəticələr əldə etdi və dünya ictimaiyyəti ilə paylaşdı.

- Bu hadisənin şahzadə vəliəhd Məhəmməd ibn Salmanı öz taxtından edə biləcəyinə dair iddialar irəli sürülür. Sizin qənaətiniz necədir?
- Bu hadisə bölgədə Türkiyə kimi dövlətin modern və Avropa ölkəsi olduğunu sübut etdi. Qərbin Türkiyəni klassik mənada Yaxın Şərq ölkəsi kimi dəyərləndirməsi bu olayla iflasa uğradı. Nə qədər desələr də, Səudiyyə Ərəbistanı moderndir, belə olmadığı göründü, propaqanda və illüziyalar boş şeydir. Səudiyyə Ərəbistanında böyük islahatlar aparıldığı bildirilirdi, əsas məsələ görünüş deyil, zehniyyətdir. Konsulluq binasına sığınan, mədət uman bir vətəndaşın cinayətə qurban getməsi qəbuledilməzdir və anlaşılmaz olaraq qalır. Bunun heç bir hüquqi və mənəvi açıqlaması yoxdur.

Vəliəhdə gəlincə, bu vəliəhd gedib yerinə başqası gəlsə, mahiyyət dəyişəcəkmi? Məni maraqlandıran sual budur. Favorit ola bilər, əsas olan dövlətin təfəkkürüdür. Səudiyyənin modern təfəkkürlü olmasına hələ çox var. Türkiyəni bu cür ölkələrlə müqayisə etmək gülüncdür. Lakin hərdən belə müqayisələr aparılır. Əlbəttə, Türkiyə Yaxın Şərq ölkələri ilə qonşudur, orada yaşanan prosesləri böyük imperatorluğun varisi kimi izləyir. Amma dövlət ənənəsi olaraq Türkiyə müasirdir, özünə xas üslubu var, amma bu da onun dövlət kimi özəlliyidir.

- Bu gün İran Türkiyə və Rusiyaya təşəkkür mesajı ünvanlayıb. ABŞ sanksiyalarının İrana təsiri necə olacaq və Türkiyə sonadək sanksiyalara qoşulmamaq qərarında dayanacaqmı?
- ABŞ sanksiyalarının bədəlinin ağır olacağı şübhəsizdir. İran iqtisadi böhran içərisindədir. Bu sanksiyalar onun mövqeyini daha da çətinləşdirəcək. Türkiyə həmişə öz müttəfiqlərini qoruyub və qorumaqda davam edir. Bu böhranda da Türkiyə maksimum şəkildə İrana yönəlik sanksiyalara qoşulmamağa çalışdı. Eləcə də Türkiyə nə qədər Krımın işğalını qəbul etməsə də, Ukraynanaın ərazi bütövlüyünü tanısa da, orada baş verənlərə etiraz etsə də, Rusiyaya yönəlmiş sanksiyalara qatılmır.

Açığı, Türkiyədə hakim bir fikir var, belə ki, sanksiyalar əslində hakimiyyətləri zəiflətmir, xalqın daha acınacaqlı vəziyyətdə yaşamasına səbəb olur. Ona görə də bu cür məsələlərin sanksiyalarla yox, daha effektiv yollarla həlli doğrudur. İllərdir İrana qarşı sanksiya tətbiq olunur. Nə dəyişib? Sistemmi dəyişdi, demokratikləşmə oldumu, İran istədiyindən vaz keçdimi? Eləcə də Ukrayna məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiqi nəticəsində nələr oldu? Ukrayna Krımı geri qaytara bildimi? Əksinə təbliğatla Krımı hardasa milli məsələyə çevirib. Sanksiyalar xarici təzyiqin altında psevdo-millətçilik ruhunun qabardılmasına səbəb olub. Bu da rejimlərin işinə yarayır. İqtisadi böhranları xarici güclərlə əlaqələndirməyə çalışırlar.

- Trampın sanksiyalara qoşulmayanlarla bağlı sərt bəyanatı vardı. Türkiyənin İrana dəstək verməsi ABŞ-ı qəzəbləndirməyəcəkmi?
- Bu, ABŞ-ın öz işidir. İran Türkiyənin qonşusudur, güclü ticari əlaqələri var, bunun həcmi milyard dollarla ölçülür. Birləşmiş Ştatlar kapriz nümayiş etdirir. ABŞ sanksiya tətbiq etmək istəyirsə, maddi zərəri də qarşılamalıdır. Onsuz da ətrafda xaos var, baş verənlər Türkiyə iqtisadiyyatına mənfi təsir göstərir, İrandakı sanksiyalara qoşulması ölkə iqtisadiyyatını ağır vəziyyətə gətirib çıxara bilər. ABŞ bir şeyi tətbiq edərkən, onun nəticələrini də öz üzərinə götürməlidir. ABŞ-ın kaprizi ilə Türkiyənin bu sanksiyalara qatılması doğru deyil.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər