22 Noyabr 2018 21:22
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan və Azərbaycan güclü ehtiyat potensialından həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə edib.

Teleqraf.com.Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Türkmənistan Prezidenti bildirib: "Mən möhtərəm İlham Heydər oğluna və onun nümayəndə heyətinin üzvlərinə bir daha səmimi minnətdarlığımı və təşəkkürümü bildirmək istərdim. Onlar bizim dəvətimizi qəbul edərək öz qonşularının, qardaşlarının ölkəsinə rəsmi səfərə gəliblər və biz bu gün onları qonaqpərvər Türkmənistanda görməyə şadıq.

Demək istəyirəm ki, bu gün biz həqiqi qardaşlar kimi qarşılıqlı hörmət şəraitində çox yaxşı danışıqlar apardıq, ikitərəfli əməkdaşlığımızın, regional və beynəlxalq xarakterli məsələlərin çox böyük aspektini müzakirə etdik. Biz bütün aspektlərə aid 21 sənəd imzaladıq. Buraya həm humanitar, həm də istehsalat istiqamətləri daxildir. Ən başlıcası, biz, əlbəttə, nəqliyyat məsələlərinə çox böyük diqqət yetirdik.

Ümumiyyətlə, biz İlham Heydər oğlunun təşəbbüsü ilə Xəzərə aid məsələləri nəzərdən keçirdik. Bildiyiniz kimi, biz Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı artıq qəbul etmişik. Odur ki, biz nəqliyyat-tranzit dəhlizinin düzgün logistikasını tərtib etməliyik. Bundan sonra biz həmin mövzunu lobbiləşdirməyə başladıq və yeri gəlmişkən, yəqin Siz də bilirsiniz ki, bu təşəbbüsə dair Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri qəbul edilib. Hətta nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, düzgün logistika barədə 3 qətnamə qəbul edilib. Noyabrın 28-də məhz nəqliyyat-tranzit dəhlizlərinin inkişafı mövzusunda konfrans keçiriləcək və elə indi bütün hörmətli səfirlərimizi həmin konfransa dəvət edirəm".

Q.Berdiməhəmmədov bildirib ki, coğrafi baxımdan həm Türkmənistan, həm də Azərbaycan bu məsələdə əsas ölkələrdir:

"Yəqin ki, Böyük İpək Yolunu xatırlamağa və onun haqqında danışmağa ehtiyac yoxdur, çünki bu il Türkmənistanda “Böyük İpək Yolu İli” elan edilib. Ümumiyyətlə, bugünkü görüşdə biz bunu qeyd etməkdən başladıq ki, Türkmənistan və Azərbaycan xalqları tarixən həmişə zəngin millətlər olub. Onların həmişə güclü ehtiyat potensialı olub və bu potensialdan həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə ediblər. Sevindirici haldır ki, bu gün biz bunu müasir mərhələdə davam etdiririk.

Bir daha qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik.

Mən öz qardaşlarıma ən səmimi sözlərimi dedim. Qoy, dostluğumuz əbədi olsun. Sağ olun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər