28 Noyabr 2018 19:48
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədr müavini Valeh Ələsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, Assambleya Şurasının iclasında MDB PA-ya üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq, iqtisadiyyat üzrə məşvərət şurası, “Birliyin uşaqları” mədəni-maarif forumunun əsasnaməsi haqqında məruzələr dinləniləcək, MDB PA-nın 2019-cu il üçün fəaliyyət planı, qurumun daimi komissiyalarının sədrlərinin təsdiqi, maliyyə və digər məsələlərə baxılacaq.

Yığıncaqda MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri A.Rəhimzadə Dünya Səhiyyə Təşkilatının Avropa bürosunun “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” sənədinin ratifikasiyası ilə bağlı müraciəti barədə məruzəni təqdim edəcək.

Qurumun 48-ci plenar iclasında “Könüllü yanğından mühafizə haqqında”, “Fərdi məlumatlar haqqında”, “Uşaq və yeniyetmə turizmi haqqında” model qanunlar, beynəlxalq humanitar hüquqa dair təlimat, ictimai-fərdi tərəfdaşlığın inkişafı, təhsilin səviyyəsinin artırılması, ekologiya üzrə siyasətin formalaşması, bələdiyyələr arasında əməkdaşlığın təşkili və hüquqi tənzimlənməsi ilə bağlı tövsiyələr müzakirə olunacaq.

Tədbirlər çərçivəsində qurumun Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyalarının toplantıları da keçiriləcək.

Deputatlarımız səfər zamanı, həmçinin “Bəzi mərmilərin müharibə zamanı tətbiqinin qadağan olunmasına dair Sankt-Peterburq Bəyannaməsinin 150 illiyi” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər