Teleqraf.com Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:
- Novella xanım, İran ətrafında sanki hörümçək toru qurulur, ABŞ, İsrail və müttəfiqləri bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edir. İran ətrafında yaranan vəziyyəti necə qiymətləndirirsiniz?
- Mənim fikrimcə, İran ətrafında, habelə Ukraynada və digər ərazilərdə baş verən proseslərin bizə müəyyən qədər təsirləri olacaq. İranda 30 milyona yaxın soydaşımız yaşayır. İrana qarşı sanksiyaların tətbiq edilməsinin nəticələri sözsüz ki, mənim canım və qanım olan bacı-qardaşlarıma da təsir edəcək. Doğurdan da, İran özünü yaxşı aparmır. İran ermənilərə hər cür dəstək verir. Bu səbəbdən də indiyə qədər İranı dəstəkləməmişəm və bundan sonra da dəstəkləmərəm. Amma bu sanksiyaların soydaşlarımıza təsir edəcəyinə görə narahatam. İranı sevməsəm də, onu deyim ki, konfliktləri yaratmaqla böyük güclər hərbi sənayesini inkişaf etdirir, istehsal etdiyi silahlarını satır və iqtisadi imkanlarını artırırlar.
Beləcə böyük dövlətlər həm hegemonluğunu nümayiş etdirir, həm də maraqlarını təmin edirlər. Odur ki, istənilən sanksiyalar mənə pis təsir edir. Bununla belə, bir daha vurğulayım ki, İran özünə görə deyil. Ermənistanı praktiki olaraq böhrandan İran çıxarıb. Əgər İran Ermənistanı bu vəziyyətdən çıxarmasaydı, ermənilər çoxdan bizimlə masaya əyləşərək, danışıqlar aparardı və bəlkə də artıq işğal olunan torpaqlarımızı geri almışdıq. Odur ki, bu məsələnin məsuliyyəti həm də İranın çiynindədir.
- Sizcə, İrana qarşı həyata keçirilən iqtisadi blokada hərbi fazaya keçə bilərmi?
- Mən daha çox buna görə narahatam. Qorxuram ki, bu mübarizə hərbi qarşıdurmaya çevrilsin və mənim oradakı 30 milyon insanımın durumu pisləşsin. Hadisələrin hərbi istiqamətdə inkişafı bizim özümüzə də çox mənfi təsir edə bilər. Odur ki, bu arzuedilən deyil.
- Hazırda İsrail ordusu Livanla sərhəddə hərbi əməliyyatlara başlayıb, məqsədi sərhəd boyunca “Hizbullah”ın istifadə etdiyi tunelləri məhv etməkdir. Bu münqişə ilə bağlı nə düşünürsünüz?
- Bu da ciddi konfliktdir. Əslində mən İsrail-Fələstin konfliktini çox dərindən bilirəm. Hesab edirəm ki, bizim jurnalistlər gedib bu konflikti öyrənməlidir. Az qala İsrailin yarısı ərəb vətəndaşlardan ibarətdir. Təsəvvür edin ki, bu günə qədər bir ərəb İsraildən kənara çıxmayıb, köç etməyib. Niyə ərəblər vətəndaşı olduqları İsraili tərk etmir? Deməli, orada ərəblərə yaxşı münasibət var. Fələstin özünün bəyannaməsində “İsraili məhv edəcəyəm” kimi fikirlər yazmasa, hər şey yaxşı olar. İki dövlətdir, oturub müzakirə etsinlər, yaşasınlar. Siz, bu gün Fələstinə ərzaq mallarının, içməli suyun İsraildən getdiyini bilirsinizmi?
Mən demirəm ki, havayı verirlər. Əlbəttə, pulla satırlar, amma yenə də İsrail tərəfindən satılır. Deməli, bu iki dövlətin vuruşması, qarşıdurmanın olması kimlərinsə maraqlarına uyğundur. “Hizbullah”, “Həmas” kimi təşkilatlar İran tərəfindən yaradılan və maliyyələşdirilən təşkilatlardır. İmkan vermirlər ki, bu iki millət sülh şəraitində yaşasın. Çünki bütün bunlar böyük dövlətlərin oyunlarıdır.
- Ancaq son dövrlər İsrail ordusu fələstinlilərə qarşı çox aqressiv davranır, sərhədlərin irəli çəkilməsinə, qanunsuz yerləşmə siyasətinə qarşı aksiyalar keçirən fələstinlilər güllələnir...
- Hesab edirəm ki, burada oturub elə suallar vermək doğru deyil. Azərbaycan jurnalistlərinə tövsiyə edərdim ki, gedib orada baş verənləri yerindəcə görsünlər, araşdırsınlar. Fələstin tərəfi də İsrailə bombalar, raketlər atır. Sadəcə, onların raket və bombalarını İsrail havada məhv edərək , zərərsizləşdirir. Mən hər iki tərəfdən ölüm hallarına birmənalı yox deyirəm. Nə Fələstin, nə də İsrail tərəfindən heç kim ölməməlidir. Onlar əslində qardaş xalqlardır və sülh şəraitində yaşamalıdırlar.
- Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti olaraq fəaliyyətiniz nədən ibarətdir?
- Biz hazırda fəaliyyət göstəririk, amma gələn ilin yanvarından sonra neyləyəcəyimizi bilmirik. Yanvara qədər pis-yaxşı 3-5 manatımız olurdu, rayonlara gedirdik, ciddi iş aparırdıq. Əsasən zorakılığa qarşı fəaliyyət göstərirdik, habelə qadınların siyasətdə və bələdiyyə seçkilərində fəal olmasına çalışırıq. Ancaq gələn il necə işləyəcəyik, hələ özümüz də bilmirik. 2018-ci ili normal başa vurduq. Hesab edirəm ki, əgər gələn il bizə dəstək olmasa, çox pis vəziyyətlə üzləşəcəyik və ola bilsin ki, fəaliyyətimiz dayana bilər.
Rəna Səfərəliyevanın böyük cəmiyyəti var idi, artıq onu bağladı. Yanvardan sonra çoxlu cəmiyyət bağlanacaq. Biz QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant alırıq. Bu qrant da əsasən, 3-4 aylıq proyektlə bağlı olur və 7 min manatdan çox olmur. Bu maliyyə ilə cəmiyyəti saxlamaq çox çətindir.
- Qarşıdan Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Sizcə, əfv olacaqmı?
- Hələlik dekabrın əvvəlidir və bizim dəqiq məlumatımız yoxdur. Sözsüz ki, əfvin olub-olmayacağı ilə biz də maraqlanırıq. Ancaq konkret bir söz deyə bilmərəm. Biz bu istiqamətdə işləyirik, həbs edilənlər, xəstə məhkumlarla bağlı dəqiqləşdirmələr aparırıq.